Cəmiyyət

Bakıda kosmik tədqiqatlarla bağlı beynəlxalq seminar keçirilir – FOTO

Sharing is caring!

“Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” BMT/Azərbaycan beynəlxalq seminarın açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, dünyanın 36 ölkəsindən və 4 qitəsindən tədqiqatçılar iştirak edirlər. Çox sayda alim seminara onlayn qoşulacaq.

Konfransın açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev deyib ki, son illər Azərbaycanda kosmik tədqiqatların və kosmik sənayenin, informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirilir:

“Bu sahə ölkə iqtisadiyyatının aparıcı istiqamətlərindən birinə çevrilib. Hazırda “Azərkosmos”un idarə etdiyi “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri yüksək keyfiyyətli və etibarlı telekommunikasiya, eləcə də Yerin müşahidəsi üzrə xidmət və həllər təqdim edir. Bu gün Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” telekommunikasiya və geoloji kəşfiyyat peyk xidmətləri göstərir”.

Rektor xatırladıb ki, hazırda BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstərən Aerokosmik və Atmosfer Tədqiqatları elmi-tədqiqat laboratoriyasında, həmçinin Fizika fakültəsinin Astrofizika kafedrasında müvafiq tədqiqat və tədris layihələri yerinə yetirilir:

“Bu tədqiqatların əsas məqsədi Günəş-Yer əlaqələri, bu mühitdə kosmik plazma fizikası üzrə araşdırmalar, Günəş fizikası, habelə Günəşin Yerə, Yer atmosferi, ionosferi və maqnitosferinə, texnoloji və bioloji sistemlərə və iqlimə potensial təsirinin öyrənilməsidir”.

İştirakçıların diqqətinə çatdırılıb ki, seminarın gündəliyi Günəş və Günəş-Yer əlaqələri fizikasının nəzəri və praktiki aspektləri, Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri kimi bir çox maraqlı mövzuları əhatə edir.

Beynəlxalq elmi tədbirin əsas məqsədləri inkişaf etməkdə olan ölkələrdə müvafiq elmi cihazların quraşdırılması və kosmik hava məlumatlarının emalı işlərini davam etdirməklə yanaşı, xüsusi maraq kəsb edən tədqiqat nəticələrinə diqqət yetirmək, eyni zamanda beynəlxalq koordinasiya və əməkdaşlığı yeni səviyyəyə qaldırmaqdan ibarətdir.

Konfransda bildirilib ki, Beynəlxalq Kosmik Hava Təşəbbüsü (The International Space Weather Initiative – ISWI) kosmik hava məlumatlarının əldə edilməsində zəruri sayılan cihazların quraşdırılmasına, həmin məlumatların təhlilinə və alınan nəticələri digər rəqəmsal elmi məlumatlarla əlaqələndirməklə analizinə xidmət edən beynəlxalq əməkdaşlıq proqramıdır.

Seminarın gözlənilən nəticələrinə kosmik hava məlumatlarının yüksək dəqiqliklə toplanması, mübadiləsi və çatdırılması, həmçinin qabaqcıl təcrübələrin təşviqi yolu ilə modelləşdirmə və proqnozlaşdırma metodlarının dəqiqliyinin və etibarlığının artırılması üçün tövsiyələrin hazırlanması da daxildir.

Tədbirdəki müzakirələr həmçinin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi” və onun Dayanıqlı İnkişaf Məqsədləri (SDG) üçün müəyyən edilmiş hədəfləri ilə əlaqələndiriləcək, əldə olunan nəticə və tövsiyələr isə BMT-nin Kosmosdan Dinc Məqsədlə İstifadə Komitəsinin (COPUOS) hesabatı çərçivəsində BMT-nin Baş Assambleyasına təqdim olunacaq.

Qeyd edək ki, BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) və BDU-nun təşkilatçılığı, Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitə (ICG) və ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) tərəfdaşlığı və dəstəyi ilə keçirilən beynəlxalq tədbir noyabrın 5-dək davam edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir