Cəmiyyət

“Su borusunun partlaması səhlənkarlıqdan baş verib, təbii hadisə deyil” – Hüquqşünasdan açıqlama

Sharing is caring!

Ötən gün Bakı şəhərinin Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərindəki qəza səbəbindən meydana gələn su fontanı ətrafa ciddi ziyan vurub. Xüsusən də obyektlərdəki avadanlıqlar yararsız hala düşüb. Bəzi sahibkarların obyektlərinin sığortası olsa da, bəzilərinin olmadığı müəyyən olunub. Digərlərində isə sırf avadanlıqların sığortasının olmadığı aşkarlanıb.

Sığortaçılar Assosiasiyası bunu sığorta hadisəsi hesab edib. Bu səbəbdən də dəymiş ziyanın qarşılanacağı bildirilib.

Bəs görəsən, sığortası olmayanların ziyanını kim ödəyəcək? Belə hallarda şəxslər hansı qurumlardan yardım ala bilərlər?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, Azərbaycanda sığorta sistemi təkcə avtomobillər üzərində yüksək inkişaf edib:

“Sığortalanmayan avtomobillər barədə avtomatik məlumat gəlir. Vətəndaş da cərimələnir. Adamlar cərimələnmək istəmədiklərinə görə məcbur avtomobillərini sığortalayırlar. Bu sahə bizdə yaxşı inkişaf etsə də, əmlaklarla bağlı nəzarət, ümumi idarəetmə çox zəifdir. Avtomobillərə nisbətən daşınmaz əmlakın qiymətləri bahadır. O qədər pul ödəyib əmlakı alırlar, lakin sığortalamırlar.

Bəzən evini kirayə verənlərin də mənzilləri sığortasız olur. Daha sonra evdə subasma, yanğın olanda bu kimi problemlər yaranır. 100 manat verib əmlaklarını sığorta etsələr, təbii ki, hadisə baş verəndə dəymiş ziyanı sığorta şirkəti qarşılayacaq”.

Ekspert qeyd edib ki, vətəndaş əmlakını və yaxud icarədardırsa, mallarını və satış yerini sığortalamalıdır:

“Bir çox ticarət obyektlərində yanğın oldu. Böyük kütlənin narazılığına səbəb oldu. Bu tip hadisələr fövqəladə bir haldır. Sığorta olmadıqda sığorta şirkətinin onu qarşılamaq kimi bir hüququ yoxdur. Sığortalanıbsa, qarşılanacaq. Sığortalanmayıbsa, heç bir şəxs tələb edə bilməz ki, dəymiş zərəri ödə.

Sığorta paketləri müxtəlifdir. Qeyri-yaşayış obyektinin özünün və içindəki əşyaların da sığortası var. Lazım gəlsə, alt qonşunu belə, sığortalamaq mümkündür. Mənim evimdən su axıb, qonşunun evini basıbsa, ev pis vəziyyətə düşübsə, mənim sığortam onu qarşılayır. Sığortası yoxdursa, düşünmürəm ki, hansısa bir sığorta şirkəti onu qarşılasın”.

E.Fərzəliyev əlavə edib ki, dünənki hadisə qurumların səhlənkarlığı ucbatından baş verib:

“Sığortası yoxdursa, aidiyyəti qurumlar dəymiş zərəri qarşılaya bilər. Sığortası olmasa belə, dövlət bunu qarşılayır. Bu tip hallar ilk dəfə deyil. Dəfələrlə olub. Bilməlidirlər ki, hər an hər şey ola bilər. Suyun fontan verdiyi hissədəki obyektlər və binalar çökəkdədir. Burada məsuliyyət daşıyan “Azərsu”dur. Su boruları zamanında təmir olunmalıydı. Əvvəldən çəkilən xətlərdir. Yüzlərlə yeni tikilmiş bina var ki, onları hamısını köhnə xətlərə qoşublar. O xətlər tab gətirə bilmir. Əsas məsələ dəymiş zərərin müəyyən olunmasıdır. Qurumları məhkəməyə verə bilərlər ki, onların səhlənkarlığı ucbatından bu boyda zərər gördük. Dəymiş zərər qarşılanmalıdır”.

Hüquqşünas Şəmsəddin Əliyev əlavə edib ki, mənəvi və maddi ziyanın ödənilməsi ilə bağlı zərərçəkənlər qarşı tərəfi məhkəməyə verə bilərlər:

“Bu hadisə rezonans doğurdu. Obyektlərə ziyan dəyib. Məhkəmə araşdırması aparılmalıdır, ondan sonra iddia qaldıra bilərlər. Mütəxəssislər dəymiş zərərin məbləğini müəyyən etməlidirlər.

Elə sahibkarlar var ki, onların əmlakı sığortalanmayıb. Hüquqi baxımdan belədir ki, hadisə kimin ucbatından baş veribsə, həmin tərəf cavabdeh qismində məhkəməyə cəlb oluna bilər. Bu artıq məhkəmənin səlahiyyətinə aiddir”.

Ş.Əliyev Yasamalda boru partlamasının təbii hadisə olmadığını vurğulayıb:

“Su partlaması təbii hadisə deyil. Həmin su xətti təzyiqə tab gətirməyib, davamlılığı artıq keçib. O xətt, doğrudan da, “Azərsu”nun tabeliyindədirsə, nəzarət olaraq onlara həvalə olunubsa, onların fəaliyyət istiqamətləri ilə uzlaşırsa, “Azərsu” birmənalı şəkildə mülki məsuliyyət daşıyır. Burada tələfat da ola bilərdi. Vəzifələrinə etinasızlıq ortadadır”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir