Cəmiyyət

“Ey utanmaz fələk, etdiyindən utan”

Sharing is caring!

Qan Turalı yazır…

Azərbaycan Yazıçılar Birliyinin qurultayı ədəbiyyatla bağlı yığılıb qalan problemləri bir daha gün işığına çıxartdı. Lakin bir çox başqa situasiyalarda olduğu kimi, burada da biz problemin mahiyyətini yox, təzahürlərini şərh etməyə meylliyik.

Qurultayla bağlı əsas müzakirə Anarın sədrliyi ilə bağlıdır. Çünki Anar bu vəzifəyə ilk seçildiyi 1987-ci ildə ölkənin birinci şəxsi indi çoxlarının adını belə bilmədiyi Kamran Bağırov idi. O zamandan bu yana Azərbaycan Respublikasının 8 rəhbəri dəyişib. Zaman o zaman idi ki,  ABŞ-ın prezidenti kreslosunda Reyqan otururdu, Almaniya hələ birləşməmiş, Çexoslovakiya hələ ayrılmamışdı, Sovet qoşunları hələ Əfqanıstandaydı, Orxan Pamuk hələ roman yazmağa başlamamışdı. O zamandan indiyə qədər nəyin dəyişdiyini yazmaq üçün qalın bir dəftər lazımdır. 

Anar sədr seçildi. Ancaq o nə vəd edirdi? Birliyin fəaliyyətində nəyi dəyişəcəkdi? Hansı problemlər həll olunacaqdı? Bu barədə heç bir sual verilmədiyi üçün təbii şəkildə heç bir cavab da olmadı. Bu dəfə iki gənc yazar Anara rəqib olmaq istədi, ancaq onların namizədliyi ən yumşaq tənqidə dözümsüz arqumentlərlə rədd edildi. 

Halbuki, bizim indi ədəbiyyata hər dövrdə olduğundan daha böyük ehtiyacımız var. Sosial medianın nizamsız yüksəlişi fonunda insanların həmdəmi, dayağı ədəbiyyatdır. Ədəbiyyat hələ də fərdləri xilas etmək gücündədir. Ədəbiyyat xüsusilə də dünyanın bu qarışıq zamanında, kütlə təfəkkürünün tüğyan etdiyi, kütləvi mədəniyyətin dominant olduğu bir zamanda hər bir xalq üçün hava və su kimi gərəklidir. 

Ədəbiyyat insanları bir-birini anlamağa, başa düşməyə, dərdlərinə şərik olmağa kömək edən ən universal vasitədir. Hələ də görkəmli qələm ustalarının, fikir mühəndislərinin yaratdığı, inkişaf etdirdiyi ideyalar bəşəriyyəti silkələməkdə davam edir. Modern zamanın xaotik mühiti içində insana öz insanlığını, mənəvi mahiyyətini, uca amallarını, bəşəri vicdanı, əxlaqi dəyərləri xatırladan ən görkəmli məşğuliyyət ədəbiyyatdır.

Ədəbiyyatın son dərəcə fundamental problemləri var. Kitabların tirajları acınacaqlı səviyyədədir, onların ölkə daxilində yayılması sistemi tamamilə iflic olub. Kitabların qiyməti bahadır, mütaliə səviyyəsi aşağıdır.  Əslində özümüzdən yeni bir Amerika kəşf etməyə ehtiyac yoxdur, ən inkişaf etmiş ölkələr ədəbiyyatları, mədəniyyətləri ən yüksək səviyyədə olan ölkələrdir. 

Azərbaycan xalqı bir xalq kimi mövcudluğunu Azərbaycan ədəbiyyatına borcludur. Məhz ədəbiyyatımızın sərkərdələri Azərbaycan xalqının mənəvi varlığını təsdiq etmiş, onun milli özünüdərk prosesini yaratmış və ona bir xalq olmaq şərəfini bəxş etmişdir. Ədəbiyyatımız olmasaydı biz də yox idik, ya da vəhşi bir qəbilə kimi ortalıqda gəzirdik.

Bu sahədə dövlət qayğısının olması müqəddəs şərtdir. Ancaq bu qayğının da adekvat şəkildə olması, ədəbi prosesi sürətləndirməsi, maarifçi təmayülü inkişaf etdirməsi, mütaliə mədəniyyətini yüksəltməsi, ədəbiyyata olan xalq sevgisinin artırılmasına xidmət etməlidir. 

Bizə Yazıçılar Birliyi formal bir qurum kimi lazım deyildir. Yazıçılar Birliyi ədəbi prosesin önündə getməli, bir qurum kimi Azərbaycan xalqının mənəvi intibahında mühüm rol oynamalıdır. Bunun üçün isə onun işi günün tələbləri səviyyəsində qurulmalı, əsrin çağırışlarına cavab verilməlidir. Sabirin dediyi “Dindirir əsr bizi, dinməyiriz” diaqnozu Yazıçılar Birliyinə aid edilməməlidir, hərçənd əsrin çağırışlarına ən çox biganə qalan da məhz Yazıçılar Birliyidir.

Onun 35 illik katibi qurultayın büdcəsi barədə suala “Heç utanmırsınız?” cavabını verir. Halbuki, nəzakətlə “qurultayın smetasını saytımıza yerləşdirəcəyik” cavabını da verə bilərdi. Problem isə bundan ibarətdir ki, bu tövr, bu münasibət təkcə Çingiz müəllimlə bağlı deyil. Bu qurumun yaşadığı ətalətin, zamanın ruhundan uzaq düşməsinin nəticəsidir. “Hesabatlılıq” haqqında kiçik bir anlayışı belə olmayan katibin XXI əsr Azərbaycanında təmsil etdiyi qurumun səviyyəsi elə bundan ibarətdir. 

Füzuli demişkən: “Ey utanmaz fələk, etdiyindən utan”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir