Cəmiyyət

O açıqlamadan sonra oxucularınız da utandılar, Çingiz Abdullayev…

Sharing is caring!

Rövşən Əsədov yazır…

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı keçirilib və saatlarla davam edən qurultayda AYB-yə yeni sədr seçilib. 

Qurultay da nə qurultay, düz 203 min manat vəsait hesabına ərsəyə gələn şahənşah məclisi. Xaricdən gələn qonaqlar, onların hotel xərci, qurultayın keçirildiyi məkanın icarə haqqı, yeyib-içmək məclisi, posterlər, bannerlər, bir də mühafizəyə xərclənən pullar… 

Dəyərli deputatımız Aqil Abbasın sözünə qüvvət: “203 min manat nədir ki?! Belə bir qurultay üçün bu məbləğ də azdır”. Çəkilən kadrlara baxanda qurultay iştirakçılarının kefinin çox kök olduğu görünür. Hətta o qədər keflənmişdilər ki, heç jurnalistləri də saya salmırdılar. Elə götürək Xalq yazıçısı Çingiz Abdullayevi. Jurnalistlər yazıçıya yaxınlaşıb qurultay üçün xərclənən 203 min manatla bağlı sual ünvanlayırlar, Xalq yazıçısı fəxri adını daşıyan Ç.Abdullayev isə gənclərə nümunə olmaqdansa, sadəliyi, ağsaqqallığı, təmkini ilə seçilməkdənsə, ucqar dağ kəndində sacda fətir bişirən qoca nənələr kimi jurnalistə “niyə ölmürsünüz?” cavabını verir.

Cənab Abdullayev, nə zamandan bəri jurnalistə belə kobud cavab verməyə haqqınız olduğunu düşünürsünüz? 

Verilən suallarla bağlı sizdə heç bir məlumat yox idisə, siz onlara ya cavab verməməli, ya da Xalq yazıçısı adına layiq şəkildə münasibət bildirməli idiniz. Axı siz Xalq yazıçısısınız, axı siz öz savadınız, dünyagörüşünüz, danışıq qabiliyyətiniz ilə biz gənclərə örnək olmalısınız. Əfsus ki, siz bu dəfə də pis örnək oldunuz, Rusiyanın Ukraynaya hücumuna səssiz qalarkən “örnək” olduğunuz kimi. 

Belə qənaətə gəldik ki, dövlət telekanalında Rusiyaya işğalçı deyildiyi, Azərbaycan dövlətinin Ukraynaya humanitar yardım göndərdiyi, Ukraynada yaşayan azərbaycanlıların əllərinə silah götürərək haqsızlığa qarşı savaşdıqları, Gəncə terrorunda olduğu kimi, Ukraynanın şəhərlərində də sivil, günahsız, körpə fidanlar qətl edildiyi halda bunları görməzdən gələn, susan, haqq-ədaləti dilə gətirməkdənsə, qazancını, cibini, satılan kitablardan gələn gəlirini düşünən Çingiz Abdullayevə yalnız bu cür cavab yaraşardı… Gərək bu hadisələrə susduğunuz, münasibət bildirməkdən yayındığınız kimi, jurnalist həmkarlarımızın verdikləri suallara da susardınız. Axı siz istədiyiniz zaman susmağı çox yaxşı bacarırsınız… 

Məncə, şəxsi mənfəətinə görə bəşəri cinayətə, dünyəvi terrora susan, AYB sədrinin yerində gözü olan adam daha çox utanmalıdır, nəinki işini yerinə yetirən jurnalist…

Jurnalistə daş atmaq çox asandır, cənab Abdullayev, bilirsiniz ki, qarşınızdakı peşə etikasına sığınaraq sizə heç bir cavab qaytarmayacaq. Amma siz çox gözəl bilirsiniz ki, Rusiyanın müharibə cinayətlərinə susmamaq sizə baha başa gələcək, rus dilində yazdığınız kitabların satışına, Rusiyaya gediş-gəlişinizə qadağa qoyulacaq. Ona görə də sizin üçün ən yaxşısı jurnalistə kobud cavab verməkdir. Çünki bu rəftarınıza görə heç kimin sizə “gözün üstə qaşın var” deməyəcəyini düşünürsünüz. 

Belə düşünməkdə “haqlı” çıxdınız: sizə heç kim heç nə demədi, amma jurnalistləri himayə etməli olan Mətbuat Şurasının yeni sədri Rəşad Məcid jurnalisti günahlandıraraq onun tərbiyəsizlik etdiyini bildirdi. Əgər jurnalistin etdiyi tərbiyəsizlikdirsə, Ç.Abdullayevin ona verdiyi təhqiramiz cavab nədir, Rəşad müəllim?! Bu gün AYB sədrinin müavini qismində peşə borcunu yerinə yetirən jurnalistə “tərbiyəsiz” deyib, sabah Mətbuat Şurasının sədri kimi həmin jurnalistin mikrofonunun qarşısına necə keçəcəksiniz, keçməyi necə bacaracaqsınız, cənab sədr? 

Nəzərə alın ki, bu gün kobud rəftar etdiyiniz, “ölmürsünüz?”, “tərbiyəsiz” dediyiniz jurnalistlər sabah sizin kitab təqdimatlarınızı, tədbirlərinizi, ən nəhayət vida mərasiminizi də işıqlandıracaqlar… Ona görə də ən yaxşısı susmaqdır, susun! Danışmağınız gümüş olmadı, heç olmasa, qızılı dəyərləndirin!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir