Cəmiyyət

Dünya çempionu olan Gövhər: “Ermənini məğlub edəndən sonra şansım və istəyim daha da artdı” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında dünya çempionatı sona çatıb. Qızıl medalları isə ölkəmizə həmvətənlərimiz Gövhər Beydullayeva və Abdulla Qədimbəyli gətiriblər.

Oxu.Az İtaliyada 20 yaşa qədər qadın şahmatçılar arasında keçirilən yarışda qızıl medal qazanmış Azərbaycan təmsilçisi Gövhər Beydullayeva ilə müsahibəni təqdim edir:

– Xanım şahmatçılardan ibarət turnirdə qazandığınız qələbə ilə ilkə imza atdınız. Azərbaycana 20 yaşa qədər qadınlar arasında qızıl medalı gətirən ilk şahmatçı kimi hisslərinizi bilmək istərdim.

– Bəli, yaşıdlarım içərisində ilkə imza atdım və bu mənim üçün çox qürurvericidir. Azərbaycan Himnini oxutduğum və ölkəmi layiqincə təmsil etdiyim üçün sevinirəm. Həmçinin oğlanlar arasında da qızıl medalı qazananın azərbaycanlı olması bizi ikiqat sevindirdi.

İtaliyada bu cür şahmat turnirində Azərbaycan Himni iki dəfə oxundu və qalibiyyət bizim oldu.

– Turnir nə qədər davam etdi? Sıx təqvimdə mübarizə aparmaq çətindirmi?

– On bir turdan ibarət turnirdə hər ölkədən 20 yaşa qədər ən güclü şahmatçılar iştirak edirdilər. Turnir çox çətin idi. Gərgin mübarizə şəraitində keçməsinə baxmayaraq, qələbəyə nail oldum.

Təqvimim çox sıx idi, ondan öncə də bir çox turnirlərim oldu – Şuşada keçirilən şahmat turniri, klublar arasında Avropa çempionatı, qadınlar arasında Avropa çempionatı və milli yığmamızla birlikdə Olimpiya çempionatında iştirak etmişdim. Şahmat oynamaq mənim üçün çox həyəcanvericidir. İnsanıq, bəzən zehni yorğunluq ola bilir, lakin uğur qazandığımızda yorğunluğu unuduruq. Turnirə uğur qazanmaq məqsədilə getdikdə buna nail olub qayıdırıq.

– Turnirdə çıxış edən şahmatçıların şanslarını necə dəyərləndirirsiniz?

– İtaliyaya getməzdən əvvəl özümə çox inanırdım. Qalib kimi şanslarımın yüksək olduğunun fərqindəydim. Öz oyunumu, təbii ki, yüksək qiymətləndirirəm və turnirə ikinci, üçüncü yer üçün deyil, qalibiyyət üçün getmişdim. Qarşıma qoyduğum məqsədə də çatdım.

– Ən çətin qarşılaşmanız hansı ölkənin təmsilçisi ilə oldu?

– Ən çətin deməzdim, amma erməni şahmatçı üzərində təmiz qələbə qazandım, buna çox sevinirəm. Erməni şahmatçı ilə 9-cu turda qarşılaşdıq. Onu məğlub etdim. Bu oyun çox maraqlı keçdi və oyundan sonra çempionluğa şansım və istəyim daha da artdı. 

– Qarşıda daha hansı şahmat yarışları var?

Milli yığmamızla birlikdə Avropa çempionatında iştirak edəcəyik. Bu turnirdən sonra fərdi Dünya Kubokuna vəsiqə qazandım, bunu da qeyd edim. O turnirdə də ölkəmizi layiqincə təmsil etmək istəyirəm.

– Bu turniri karyeranızın il ərzində ən vacib yarışı adlandırmaq olar?

 Bəli, bu il mənim üçün çox uğurlu keçib deyə bilərəm. İlin əvvəlində kişilər arasında Avropa çempionatında iştirak etdim. Orada bir çox qrosmeysterlərə qalib gəldim. Bunu da uğurlu çıxışlarımdan hesab edirəm. Bu il qadınlar arasında Azərbaycan çempionu oldum. Milli yığmamızla birlikdə Olimpiadada çıxış etdik. Düzdür, medal götürə bilmədik, amma çox maraqlı oyunlar oldu.

– Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Shusha Chess 2022” beynəlxalq şahmat turnirindəki iştirakınızı necə dəyərləndirirsiniz?

 Turları uğurlu keçsəm də, sonuncu turda məğlubiyyət məni medalçılar sırasından kənarda saxladı. Lakin üzülmürəm, beşinci yerlə kifayətlənməli oldum. Amma o da maraqlı oyunlardan biri kimi yadımda qalıb.

– Siz daha əvvəl də Avropa çempionu olmuşdunuz, bu gün isə dünya çempionusunuz. Gələcək hədəfləriniz nələrdir?

 Daha əvvəl 14 yaşa qədər qızlar arasında Avropa çempionu idim, bu il isə 20 yaşa qədər qızlar arasında dünya çempionu adını aldım. Gələcəkdə də milli yığmamızla keçirilən çempionatlarda qalib olmağı hədəfləyirəm. Eləcə də dünya kubokunda qalib olmaq istəyirəm. Ölkəmizə gətiriləcək hələ çox medallar var və biz buna nail olacağıq.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir