Cəmiyyət

“Peşə sahiblərini xarici ölkələrdən gətirə bilmərik, özümüz yetişdirməliyik”- Deputatdan açıqlama

Sharing is caring!

Son illər gənclər arasında peşə təhsilinə maraq azalıb. Gənclərin əksəriyyəti ali təhsil almağa can atsa da, günümüzdə xeyli vacib olan, həm də kifayət qədər qazanclı sayılan peşələri öyrənmək istəyənlərin sırası getdikcə seyrəlir. Gənclər özlərinə əziyyət vermək istəmirlər. Bununla yanaşı, bəzən valideynlər də onları düzgün istiqamətə yönləndirə bilmir.

Maraqlıdır, buna səbəb nədir? Ümumiyyətlə, cəmiyyətdə zəhmətsiz gəlirə meyl edən insanların sayının artması nə ilə bağlıdır?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Musa Qasımlının sözlərinə görə, bəzən valideynlər övladlarının seçiminə müdaxilə edirlər:

“Hər bir vətəndaş istədiyi ixtisası, peşəni seçməkdə sərbəstdir. Onu bu və ya digər peşəni seçməyə məcbur etmək olmaz. Bəzən məcbur edən valideynlər sonralar onun ağır nəticələrini görür, əziyyətini çəkirlər.

Deputat qeyd edib ki, peşə məktəblərinə marağın azalmasının müxtəlif səbəbləri var:

“80-ci illərin sonlarından etibarən  iqtisadiyyatda baş verən geriləmələr, planlı sosialist təsərrüfat sistemindən azad bazar iqtisadiyyatına keçid, dağıdıcı dəyişikliklər, ümumən təhsil sistemində geriləmələr, hamının ali təhsil almaq həvəsi əsas səbəblərdəndir.

Bununla yanaşı, peşələrdə də elektrik, rəngsaz təhsili olanlar deyil, adi insanların da məşğul olması onları ruhdan saldı. Bunlar çox zəhmət tələb etdiyi üçün insanlar asan qazanc arxasınca qaçdılar”.

M.Qasımlı əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri müxtəlif peşə sahiblərinə olan ehtiyacı artırıb:

“Qardaş Türkiyə ilə ortaq peşə məktəbi yaradılıb. Bu məsələdə mən nikbinəm. Dövlətin diqqəti peşə təhsilində dönüş yaradacaq. Biz traktorçu, elektrik, rəngsaz, suvaqçı, aşpaz, dərzi və digər peşə sahiblərini xarici ölkələrdən gətirə bilmərik. Özümüz də yetişdirməliyik”.

Təhsil eksperti Nadir İsrafilov sovet dönəmində peşə təhsilinə xüsusi diqqət ayrıldığını deyib:

“Əvvəllər sadə peşə adamlarının şərəfinə şeirlər yazıb, mahnılar qoşulardı, onların qabaqcıl nümayəndələri ölkənin qanunverici orqanlarında təmsil olunardı. Müstəqillik qazandığımız ilk illərdə ölkənin ictimai-siyasi və sosial-mədəni həyatında yaranan müəyyən obyektiv və subyektiv səbəblər peşə təhsilinə də təsirsiz ötüşmədi. İqtisadiyyatın inkişafı ilə əlaqədar əmək bazarlarında tələbatlar ildən-ilə artır, işçilər arasında artan bacarıq boşluqları müşahidə edilir.

Texnologiya sahəsində baş verən irəliləyişlər özləri ilə bərabər yeni peşələr gətirir və yeni iş imkanları yaradır. Yeni peşələr qismən və ya tamamilə köhnə peşələrin yerini almaqdadır. Həm köhnə, həm də yeni peşələrdə lazım olan bacarıqlar bir çox iş sahələrini də dəyişir, insanları necə və harada işləyəcəyi zərurəti qarşısında qoyur. Bütün bunlara rəğmən bu gün yeni peşələri təyin edib, bu peşələrə görə də yeni təhsil proqramları hazırlayıb və tətbiq etmək zərurəti yaranır. Peşə təhsilinin inkişafı gələcək illər üçün prioritet olacaqdır və yeni peşə məktəblərinin tikilməsi üçün dövlət büdcəsindən vəsait ayrılacaq. Hazırda bu məsələ diqqət mərkəzində saxlanılır”.

N.İsrafilov qeyd edib ki, peşə təhsili sisteminin quruluşunda dəyişikliklər edilib:

“Peşə təhsili elə bir sahədir ki, burada sadəcə nəzəri biliklər verilmir, eləcə də müxtəlif vərdiş və bacarıqlar aşılanır. Peşə təhsili sisteminin quruluşuna edilən dəyişikliyə əsasən, peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə yüksək texniki peşə təhsili ilə yanaşı, həm də tam orta təhsil almaq hüququ verilir. Əlavə olaraq, yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir. Bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınır.

Sözügedən dəyişikliklər yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin təşkilində müəyyən edilmiş qaydada kredit sisteminin tətbiqi və bu təhsil səviyyəsi üzrə subbakalavrların topladıqları kreditlərin ali təhsil müəssisələrində nəzərə alınması məqsədi daşıyır. Yəni peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir”.

Ekspert peşə təhsil haqqında verilən sənədin ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaratdığını əlavə edib:

“Növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır. Ən başlıcası isə bunu ali təhsilin hamı üçün əlçatan olması kursunun reallaşdırılmasında yeni mərhələ kimi qiymətləndirmək olar. Ümid edək ki, dəyişikliyə əsasən, peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə yüksək texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququnun da verilməsi, eyni zamanda kadr hazırlığının keyfiyyətinin daha da yaxşılaşıdırılmasına nəzərə çarpacaq təsirini göstərəcək. Peşə təhsili olduqca mühüm əhəmiyyətə malik bir sahədir.

Fransa, Almaniya kimi ölkələr məhz peşə təhsil hesabına dünyanın inkişaf edən ölkələrinə çevriliblər. Bu gün Almaniyada peşə məktəblərinin sayı ali təhsil müəssisələrinin sayından çoxdur. Peşə təhsili təhsilin əsas pillələrindən biridir. Peşə vacibdir. Bizim peşə adamlarına böyük ehtiyacımız var. Hesab edirəm ki, peşə təhsilinin inkişafı ilə bağlı atılan addımlar öz müsbət nəticəsini verəcək”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir