Cəmiyyət

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i “Yeniyetmə və gənclər arasında erkən nikah və qeyri-rəsmi nikahlarla mübarizə” layihəsi çərçivəsində Abşeron rayonunda tədbir keçirib.

Sharing is caring!

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i Azərbaycan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yeniyetmə və gənclər arasında erkən nikah və qeyri-rəsmi nikahlarla mübarizə” layihəsi çərçivəsində oktyabr ayının 21-i Abşeron rayonu Heydər Əliyev Mərkəzində maarifləndirici tədbir həyata keçirib. Tədbirdə Abşeron RİH-nin əməkdaşları, məktəb müəllimləri və psixoloqlar, QHT nümayəndləri və Abşerondakı ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-nin sədri Fatma Hacıyeva layihənin keçirilməsində əsas məqsədin yeniyetmə və gənclər arasında ailə institutunu inkişaf etdirmək, ailə dəyərlərinin təbliğini aparmaq, erkən nikahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nikaha girməsinin qarşısını almaqdan ibarət olduğunu vurğulayıb.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı imzaladığı fərman və sərəncamların, qəbul edilən dövlət proqramlarının yeniyetmə və gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar açdığını vurğulayan Abşeron RİH-nin əməkdaşları Elvin Zalov və Şüküfə Məmmədova məktəblilərə uşaq hüquqları haqqında Beynəlxalq Konvensiyalar və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumat veriblər. Tədbir iştirakçılarına bildirilib ki, erkən yaşda qurulan nigahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və bu da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarını ortaya çıxarır.
Daha sonra çıxış edənlərdən Abşeron-Xızı Regional Təhsil İdarəsinin psixoloqu İstək Bəxtiyarova, Azərbaycan Qadınları Respublika Cəmiyyətinin sədr müavini, psixoloq Vəfa Abbasova və digər natiqlər gənclərə erkən nikahların ailə və cəmiyyət üçün yaratdığı problemlərdən danışıb, bu problemin insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını izah ediblər.
Görüşdə bildirilib ki, erkən nikahların səbəblərindən biri də savadsızlıqdır. Erkən nikah bağlayan qızlar çox vaxt orta məktəbi tam bitirmirlər. Bu isə qadınların şəxsi inkişafına mənfi təsir göstərir və onların cəmiyyətdən təcrid olunmasına gətirib çıxarır.
Sonda mövzu ilə bağlı müəllimləri və şagirdləri maraqlandıran suallar cavablandırılıb, eyni zamanda ictimaiyyətin diqqətinin problemin həllinə cəlb olunması məqsədilə hazırlanmış maarifləndirici kitabçalar, köynəklər paylanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir