Siyasət

AZƏRTAC ilə “Saudi Press” xəbər agentliyi arasında informasiya mübadiləsinin genişləndirilməsi müzakirə olunub

Sharing is caring!


“Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə “Saudi Press” (SPA) agentliyi arasında intensiv xəbər mübadiləsi Azərbaycan və Səudiyyə Ərəbistanı xalqlarının daha da yaxınlaşmasına imkan verəcək”.

Bu fikir Agentliyin İdarə Heyətinin sədri Vüqar Əliyevin Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşündə səslənib.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında sıx əlaqələrin olduğunu vurğulayan Vüqar Əliyev əməkdaşlığın bir sıra sahələri əhatə etdiyini diqqətə çatdırıb. İki ölkə arasında, həmçinin informasiya sahəsində münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini önə çəkən İdarə Heyətinin sədri AZƏRTAC ilə SPA agentliyinin əməkdaşlığına toxunaraq deyib:

“Bu iki agentlik artıq 10 ilə yaxındır tərəfdaşlıq edir və Dünya Xəbər Agentlikləri Konqresi kimi mühüm qlobal tədbirin təşkilində birgə səylər göstərib. Agentliklərimiz hazırda informasiya mübadiləsinin intensivləşdirilməsi istiqamətində birgə işləyir və yaxın vaxtlarda bu sahədə texniki məsələlərin öz həllini tapacağı gözlənilir”.

AZƏRTAC-ın Azərbaycanın aparıcı informasiya agentliyi olduğunu vurğulayan səfir İssam bin Saleh əl-Cuteyli Səudiyyə Ərəbistanı barədə xəbərlərin burada daha çox yayılmasında maraqlı olduqlarını deyib. O bildirib:

“Agentliklərimizin Azərbaycan və Səudiyyə Ərəbistanı haqqında daha çox informasiya yayması ölkələrimiz və xalqlarımız haqqında məlumatlılığı artırar, insanların müxtəlif sahələrlə bağlı biliklərini zənginləşdirər”.

Görüşdə informasiya və media sahələri üzrə bir sıra məsələlər müzakirə olunub, media nümayəndələrinin qarşılıqlı səfərlərinin vacibliyi vurğulanıb. Qarşı tərəfin mətbuat orqanları rəhbərlərinin gələn il keçiriləcək növbəti Şuşa Qlobal Media Forumunda iştirakının əlaqələrimizin genişlənməsinə töhfə verəcəyi diqqətə çatdırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir