Cəmiyyət

Ölü Televizor Ustaları Dərnəyi

Sharing is caring!

Qan Turalının yazısı… 

Bəşərin ilk peşəsi ovçuluq və yığıcılıq olubdur. Bu peşələr və ondan sonra ortaya çıxan əkinçilik və maldarlıq hələ də mövcud olsa belə ötüb keçən illər ərzində bir çox peşələr öz ömrünü başa vurub. 80-lərdə doğulanlar televizor ustası adlı peşənin mövcud olduğunu çox gözəl xatırlayırlar. Bu ustalar hər dəfə təmir etdikləri televizordan bir neçə lampanı çıxardar, birini düzəldib yerinə qoyar, qalanlarını tullayar, amma televizor yenidən işləməyə başlayardı. 

Hələ o zamanlar hər evdə adına “payalnik” deyilən lehim aparatları olardı. İnsanlar xarab olan məişət cihazlarını düzəldərdilər. Bir televizor ailəyə sədaqət və hörmətlə iyirmi ildən çox xidmət edərdi. Hətta, bir çoxumuz nazik ekranlı televizorlara keçdikdə belə həmin o köhnə televizorlar (Elektron-şüa borulu) hələ də işlək idi. “Z nəsli” adlandırılanlar isə televizor ustasının nə demək olduğunu heç bir zaman bilməyəcəklər. 

Niyyətim ötüb-keçənləri yazıb nostalgiyaya dalmaq deyil. Bu gün müasir dünyanın müzakirə predmeti olan bir mövzudan-Təmir etmə hüququndan (Right to repair) söz açmaq istəyirəm. 

Elmin, texnologiyanın inkişafı ilə birlikdə bir çox yeniliklər də həyatımıza tətbiq edildi. Ancaq tərəqqinin yüksək inkişafında belə insanların ABŞ və Avropada təmir etmə hüququnun əldə etməsi uğrunda mübarizəsi ilk baxışdan paradoksal görünür. 

Elektronika firmaları daha çox gəlir əldə etmək üçün bazara qısaömürlü cihazlar çıxarırlar. Cihazın hər hansı bir detalı xarab olduqda isə onlar bizə heç bir təmir hüququ vermədən yeni məhsul almağa məcbur edirlər. Misal üçün, telefonun batareyasını dəyişdirmək kimi sadə olmalı olan bir əməliyyat iki səbəbdən mürəkkəbləşir. Birincisi ona görə ki, cihazlar adi vintaçanla açılmır, bunun üçün ancaq texniki servislərdə olan vintaçanlar lazımdır. Digər tərəfdən isə ehtiyat hissələri son dərəcə bahalıdır. Hətta bu bahalılıq o dərəcədə yüksəkdir ki, yeni cihaz almaq bizə daha səmərəli görünür. 

Ancaq sürətlə köhnələn cihazların istehsalı təkcə alıcıları yox ümumilikdə ekoloji çirkliliyi də təhdid edir. Belə ki, yeni cihazlar üçün tələb edilən qiymətli metalların istehsalı təbiətə böyük ziyan vurur. Bir müddət sonra isə bu qiymətli metalların tamamilə tükənəcəyi də hər kəsə hava və su kimi aydındır. Bundan əlavə, elektron zibillərin də sayı sürətlə artır, 2020-ci ildə 50 milyon cihaz zibilə atılıb. Ekoloji cəhətdən çox çirkli olan bu qalıqlar da iqlim üçün təhlükə yaradırlar. 

Bütün bunlar əlbəttə ki, insanları düşündürür və onları yeni həll yolları tapmağa sövq edir. ABŞ-da öz traktorunu təmir etmək istəyən fermerin sayəsində başlayan proses və hazırda güclü ictimai dəstəyi olan milli bir hərəkata çevrilib. 

Söhbət isə belə olub: ABŞ-ın “Con Deyr” adlı şirkəti bir fermerə qarşı məhkəmə iddiası qaldırdı. Belə ki, həmin fermer şirkətin ona satdığı traktor xarab olduqda traktoru bahalı texniki servisə aparmamışdı. Əvəzində isə özü traktorun proqramını silmiş, ona yeni proqram yazaraq təmir etmişdi. Ancaq şirkət fermerin bu addımını qanunazid hesab edirdi. Hətta, şirkət traktorun ehtiyat hissələrinin ölkəyə gəlişini də qadağan edərək bütün traktorların öz texniki servislərində təmir edilməsini şərt qoşurdu. Ancaq məhkəmə şirkətin əleyhinə qərar çıxardaraq fermerlərin traktorlarını özlərinin, ya da müstəqil fəaliyyət göstərən ustaların təmir edə biləcəyini  təsdiqlədi. XXI əsrdən insanların təmir haqqı əldə etmələri doğrudan da absurd olduğu qədər də dəyərlidir. 

Dəyərli olan isə budur: Hər bir elektron cihaza malik olan insanın onu təmir etmək hüququ olmalıdır. Ancaq istehsalçı firmalar bizi bu hüquqdan məhrum edirlər. Onlar qəsdən cihazları qısaömürlü edir, hətta bəzən onların bir müddət sonra köhnələcək, daha zəif işləyəcək dərəcədə proqramlaşdırırlar. Dünyanın ən böyük telefon şirkəti ABŞ məhkəmələrində buna görə məhkum edildi. Və nəticədə biz son dərəcə bahalı texniki servislər, bahalı ehtiyat hissələr ilə üzbəüz qalırıq. Şirkətlər isə bu vəziyyətdən çıxış yolu kimi yeni istehsal etdikləri cihazlar bizə təklif edirlər. 

Təmir haqqı müqəddəsdir!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir