Cəmiyyət

Ağdaşda 43 məzununun hamısı tələbə olan internat məktəbinin uğur hekayəsi – FOTO

Sharing is caring!

Ağdaş rayonunda yerləşən Maqsud Şeyxzadə adına Texniki Humanitar Təbiət Fənləri Təmayüllü İnternat tipli Gimnaziyanın bütün məzunları tələbə adını qazanıb.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Məktəbin 43 məzununun hamısının ölkəmizin və xarici ölkələrin ali məktəblərinə qəbulunu təhsil müəssisəsinin təlim-tədrisinin keyfiyyəti ilə əlaqələndirirlər.

Gimnaziyanın direktoru Şəhla Hacıbalayeva məzunların uğurunda təhsil müəssisəsindəki yüksək nizam-intizamı və kollektivin əməyini qeyd edir:

“Məktəbimizdə yüksək nizam-intizam var. Bütün şagirdlər də bu qaydalara riayət edirlər. Şagirdlərin hərtərəfli biliyə malik olmaları üçün onları elmdə rəqabət hissi ilə tərbiyə edirik. Məktəbin müəllimləri şagirdlərə həssas yanaşırlar. İnternat tipli gimnaziya olduğu üçün dərsdən sonra da müəllimlər şagirdlərlə məşğul olurlar”.

 

Gimnaziyanın builki məzunlarından iki nəfəri “Gənclərin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” ilə Çin və Türkiyənin tibb universitetlərinə daxil olub. Məzunlardan Azərbaycan Diplomatik Akademiyası, Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Pedaqoji Universiteti və sairə ali məktəblərə daxil olanlar da var:

“Məktəbimizin məzunları hər il yüksək nəticə göstərir. Bu tədris ilindəki nəticəmiz isə xüsusən ürəkaçan oldu. Bu uğurda kollektivin böyük zəhməti var. “Məktəb-şagird-valideyn” üçbucağı istiqamətində qurduğumuz iş öz müsbət nəticəsini verir”.

Builki qəbul imtahanlarında gimnaziyanın məzunlarından 30 nəfəri 400-dən, qalanları 500 və 600-dən yuxarı bal toplayıblar:

“İki şagirdimiz qabiliyyət imtahanı verərək 5-ci qrup üzrə daxil oldu. Biz valideynlərlə söhbət edirik. Elə uşaq var ki, onun potensialı peşə təhsilinə uyğundur. Biz həmin uşaqları peşə istiqamətinə və ya kollecə yönləndiririk. Əsas amalımız şagirdlərin ölkəmiz üçün yaxşı vətəndaş, vətənpərvər böyümələri, humanist hisslərlə tərbiyə olunmasıdır. Həmişə şagirdlərə deyirəm ki, əsgərlərimiz Vətənin keşiyini çəkirlər. Siz də öz davranışınızla, yaxşı dərs oxumağınızla müəllim və valideynlərinizin etimadını doğrultmalısınız”.

Gimnaziyanın builki məzunlarından biri – qəbul imtahanlarından 521 bal toplayan Sevinc Kazımlı redaksiyamızın qonağı olub “Özümü çox xoşbəxt hiss edirəm. Bu arzuma çatmaq üçün 11 il yol gəlmişəm”- deyə tələbə adını qazanmağının sevincini bölüşdü.

Sevinc Mingəçevirdə anadan olub. Atası hərbçi olub, 1-ci Qarabağ müharibəsində döyüşüb. Ailələrinin hər iki uşağı rayonda təlim-tədrisi ilə fərqlənən internat tipli gimnaziyada oxumağı seçib:

“Bu məktəbin yataqxanası var. Həmçinin şagirdlərə gün ərzində 3 dəfə yemək verilir. Burda hər sosial təbəqədən uşaqlar oxuyur. Xüsusən işləyən valideynlər övladlarının gimnaziyada təhsil almasını istəyirlər. Məktəbin təminatı valideynlərə uyğundur”. 

Sevinc uşaqlıqda həkim olmaq istəyib. Zamanla kompüter elminə marağı yaranıb. İxtisas seçimində də kompüter elmlərinə üstünlük verib. Hazırda gimnaziyanın tələbə olmaq sevincini yaşayan 43 məzunu arasında onun da adı yer alıb. Bakı Dövlət Universitetinin kompüter elmləri fakültəsinin tələbəsidir:

“Məktəbdə əlaçı idim. Riyaziyyat, kimya və fizika fənlərini həmişə həvəslə öyrənmişəm. Kompüterə marağım çox idi. Təkcə məktəbdə keçdiyim dərslərlə kifayətlənmirdim. Bu sahədə bilik və bacarıqlarımı təkmilləşdirmək üçün əlavə hazırlığa gedir və ədəbiyyat oxuyurdum”.

Sevinc dil bilgilərini də artırır. İngilis dilini mükəmməl öyrənməyə çalışır:

“Bilirəm ki, müasir dünyada dil bilgiləri mühüm rol oynayır. İngilis dili bu gün elmin dilidir. Müasir gənclər rəqəmsal dünya ilə ayaqlaşmaq üçün texnoloji elmlərə yiyələnməli, dil bilgilərini artırmağa çalışmalıdırlar. Bunun üçün yorulmadan oxumaq və çalışmaq lazımdır”.

Sevinc əldə etdiyi nailiyyətdə müəllimlərinin rolunu əvəzsiz sayır:

“Qazandığım uğura görə oxuduğum məktəbin müəllim kollektivinə minnətdaram. Müəllimlərimiz şagirdlərə can yandırırdı, bizə fərdi yanaşırdılar, fənləri sevə-sevə öyrədirdilər. Onların sevgisi ilə əhatə olunmuşduq. Sevinirəm ki, müəllimlərimizin etimadını doğrultdum”.

Gənc tələbə onu dərs oxumağa həvəsləndirən və arzuya gedən yolda ona dəstək olan valideynlərinə də sonsuz minnətdardır:

“Valideynlərim məni həmişə dəstəkləyib. “Oxu, təhsilli ol” deyən ata-anamın nəsihətini həmişə qulağımda sırğa etmişəm. Valideynlərim həmişə mənə də, qardaşıma da dayaq olublar. Oxuyub təhsil almağımız üçün bizə hər cür şərait yaradıblar. Onların motivasiyası mənim uğurumda böyük rol oynayıb”.

Sevincin arzuları sonsuzdur. Universitetdə bakalavr pilləsini başa vurandan sonra təhsilini xaricdə davam etdirmək istəyir:

“Magistr təhsilimi ya Almaniyada, ya da Cənubi Koreyada davam etdirmək, yaxşı mütəxəssis olmaq, təcrübə toplamaq istəyirəm. Sonra Vətənimə qayıdıb öyrəndiklərimi tətbiq etməyi düşünürəm”.

Sevinc öz təcrübəsindən çıxış edərək ali təhsil almağı, yaxşı mütəxəssis olmağı düşünən gənclərə deyir ki, ən yaxın dost kimi kitabları seçsinlər:

“Onda heç zaman uduzmayacaqlar. Mobil telefon, planşet və s. cihazlar bizə elm və təhsil yolunda məqsədimizə çatmaq üçün vasitə olmalıdır. Vaxtımızı daha çox oxumağa, bilik almağa, bacarıqlarımızı təkmilləşdirməyə, dil bilgilərimizi artırmağa sərf etsək, qarşımıza qoyduğumuz hədəfə çata bilərik. Bu yolu seçən gənclər, əminəm ki, sonda uğur qazanacaqlar!”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir