Cəmiyyət

Qəbiristanlıqda dava edən “mollalar” – Ölülər danışa bilmir, dirilər isə nəzarət etmir? – FOTO

Sharing is caring!

Bütün peşələrdə rəqabət mövcuddur. Ümumiyyətlə inkişaf dedikdə ağıla gələn ilk şey sağlam rəqabət mühitidir. Lakin bu dəfə toxunacağımız sahə bir qədər fərqlidir. Söhbət mollalardan gedir.

Son günlər gündəmə gələn xoşagəlməz müzakirə isə bu istiqamətdə gedir. Dəfələrlə Dədə Qorqud qəbiristanlığında mollaların yasin oxumaq üstündə bir-biri ilə dava-dalaşa çıxmasının şahidi olmuşam.

Eyni zamanda mollalar mərhumun ailə yaxınları ilə pula görə mübahisə edirlər. Ümumiyyətlə bu işlərə kim nəzarət edir?

Aydın məsələdir ki, heç kim ərəb dilini əzbər bilmir və mollanın həqiqətən də mərhumun ruhuna nə dediyini başa düşmürlər. Hər şey hər kəsin vicdanınamı qalıb?!

İnsanların yasin və Quran oxumaq üstündə müştəri timsalında dava salmaları dini baxımdan etikdirmi?

İlahiyyatçı İsmayıl Əhməd Oxu.Az-a açıqlamasında bildirib ki, əvvəla dinimizdə kimisə pul müqabilində və ya təmənnasız qəbiristanlığa aparıb orada Quran oxutmaq kimi ənənə və ya qayda-qanun yoxdur:

“Fərq etməz, istər o adam savadlı olsun, istər savadsız. Bəs qəbir ziyarəti ilə əlaqəli dində olan nədir? Bəzi ilahiyyatçılar buna qarşı çıxaraq kökündən inkar edirlər. Bir halda belə deyil. Din hansısa surəni qəbir üzərində oxumağı əmr etmir. Amma ölülərin və dirilərin bağışlanma məzmununda ayə və duaların oxunmasını tövsiyə edir. Təbii ki, əsas məqsəd həm də dirilərin ibrət almasıdır. Demək, insan qəbir üstünə gedib bu məzmunda ayə və duaları oxuya bilər. Həm də başa düşmədən sadəcə tələffüz etdiyi ərəb dilində deyil, öz doğma ana dilində”.

Avazından keçilməyən, lakin oxuduğunun mənasını bilmədən dinləyib “amin” dediyimiz dualar necə olsun?

İ.Əhməd zəngulə ilə oxuyan və sözlərin mənasını bilməyən “mollaların” dinlərini satmış insanlar adlandırıb:

“Təəssüf ki, onları özləri ilə aparanlar da bunu bilir, bilməyənlərə desən belə, heç bir nəticəsi olmur. Amma o ki qaldı nəzarətə, əgər söhbət dindən gedirsə, buna Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi nəzarət etməlidirlər. İndi deyə bilərlər ki, bu qədər qəbiristanlığa necə nəzarət edək? Yüzlərlə nəzir qutularına necə nəzarət olunursa, buna da nəzarət mexanizmi yaratmaq olar. Deyə bilərlər ki, səlahiyyətimiz çatmır. Səlahiyyət çatmırsa, yenə də çarə var. O zaman bu barədə müvafiq qurumlara məlumat verilsin, insanların din adı altında aldadılmasının qarşısı alınsın. Təəssüf ki, bunların heç biri edilmir. Müşahidələrim əsasında onu deyə bilərəm ki, bu istiqamətdə hər hansı bir təbliğat gedirsə belə, o, hələ ki fərdi müsahibələr çərçivəsində aparılır”.

Məlum məsələdir ki, qəbiristanlıqlara nəzarət bələdiyyələrə həvalə edilib. Lakin bu gün qəbiristanlıqlarda rast gəlinən “molla”ların sayı o qədər çoxdur ki, yəqin bələdiyyələrdə çalışan əməkdaşlar kimə, harada, necə nəzarət etmək lazım olunduğu barədə çətinlik çəkirlər.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir