Cəmiyyət

Ceyhun Həmidov: “Dedi ki, son bıçağı arxa nahiyəsindən vurdum, necə öldüyü bilinsin” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

“Mən həmişə bu cinayətin yekununu araşdırırdım. Bununla bağlı reportaj hazırlayıb verdik. Üstündən 6 ay keçdi və Suraxanı rayonunda bölmə rəisi olan dostumla danışanda bu işi soruşdum. Anasından hadisəni dinlədiyim üçün uşağın günahsız olduğunu bilirdim. Düz 6 ay sonra 2001-ci ilin yanvarında reyd olub və həmin villaya basqın edən şəxslər saxlanılıblar. Araşdırma zamanı hadisəni törədən şəxslərin üzərindən “Makarov” tipli tapança ilə yanaşı, digər silahlar da aşkar edilib. Əsl cinayətkarlar tutulandan sonra məlum olub ki, Sabunçu Rayon Prokurorluğunda çox saxtakarlıq edilib və günahsız uşağın boynuna iş qoyulub. O uşaq azadlığa çıxdı və anası ilə mənim yanıma gəldi. Ədalətin bərqərar olduğuna sevindim. Sabunçu Rayon Prokurorluğunda işdən çıxarılanlar oldular, müstəntiq, əməliyyatçılar işdən çıxarıldılar. Bu, bir növ onların ifşası idi”.

Oxu.Az kriminalistika sahəsində öz imzası ilə tanınan jurnalist Ceyhun Həmidov ilə müsahibəni təqdim edir:

C.Həmidov 1975-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci il noyabr ayından ANS Müstəqil Şirkətlər Qrupunda işə başlayan C.Həmidov bu gün 25 illik iş həyatında qarşılaşdığı cinayət işlərindən danışır. Hər kəs onu daha çox “İç xəbər” və “Cinayət işi” layihələrindən tanıyıb.

– Cinayəti bəzən o qədər dramatikləşdirirlər ki, insanın qanı donur. Sizin buna münasibətiniz necədir?

– O vaxt polis orqanları ilə çalışmaq, prokurorluq, məhkəmə işlərində iştirak etmək, ictimailəşdirmək yox idi. İşlədiyim şirkətin rəhbərliyi həmin vaxt daxili işlər naziri ilə danışdı və o, əməkdaşlığa razılıq verdi. Biz yavaş-yavaş polis əməkdaşları ilə çalışmağa başladıq. Onlarla birlikdə isti-isti hadisə yerinə gedirdik, operativ xəbərləri hazırlayırdıq. Yəni, hadisə necə olurdusa, elə də ictimailəşdirirdik. Lakin çox dəqiq və qərəzsiz, istintaqa mane olmamaq şərti ilə məlumat verirdik.

Baş verən istənilən soyğunçuluq, qətl hadisəsini verirdik və prosesi sona qədər izləyirdik. Nəticəsini yazmadığımız işlər olmurdu. Heç bir xəbəri bəzəmirdik. “Space” TV-də səkkiz il “Kriminal sənədli xronika” layihəsini apardım, 14 ilə yaxındır ARB telekanalında davam edirik.

– Sizi peşə fəaliyyətiniz dövründə təəccübləndirən cinayətlər olmamış olmaz?

– Əslində bütün hadisələr məni təəccübləndirir. 1990-cı ilin sonlarında Bakıya çeçenlər axışırdılar. Şəhərdə küçə davaları daha çox olurdu. Barlarda, gecə klublarında hadisələr olurdu. Mənim şəxsi arxivində bu hadisələrin görüntüləri hələ də qalır. “N” qədər hadisə olurdu, inanın ki, xatırlaya bilmirəm.

– Təqsirləndirilən şəxslə danışmaq çətin olmur? Onların həmin andakı psixologiyasını tuta bilirsinizmi?

– Onlarla danışarkən əsas məsələ odur ki, ittiham tonu hiss olunmasın. Sadəcə hadisənin təfərrüatını soruşurdum. Onların o an üçün olan psixologiyasını anlamaq önəmlidir ki, sən informasiya ala bilərsən. Çünki baş verən cinayət var, cinayətkar da bilir ki, törətdiyi hadisə hansıdır.

Bizim çalışdığımız daha çox Cinayət Məcəlləsinin 120-ci maddəsidir. Xüsusilə o dövrdə mütəşəkkil qruplarla adam oğurluğu, uşaq oğurluğu olurdu. O vaxt qanunvericilikdə qəsdən adam öldürməyə görə 15 il və ya ömürlük həbs cəzası verilirdi. Amma indi 20 il və ömürlük cəza nəzərdə tutulub. Azərbaycanda iki nəfəri qəsdən öldürmə faktı əsasən ömürlük cəza ilə nəticələnir.

– Cinayət hadisəsini yazdığınız insanlarla nə vaxtsa qarşılaşmısınız?

– Olub, bəli. 20 il öncə hökm oxunan məhkum olub ki, bir dəfə onunla ictimai yerdə qarşılaşdım. Ümumiyyətlə mən simaları heç vaxt unutmuram. O da məni xatırladı deyə düşünürəm. Çünki üzümə baxdı. Amma belə çox tez-tez belə bir şey yaşanmayıb.

– Bəs olub ki, sizi və ya ailə yaxınlarınızı ictimailəşdirdiyiniz cinayət hadisələrinin motivləri səbəbindən ölümlə hədələsinlər?

– Xeyr, belə bir hal olmayıb. Məhkəmə işləri zamanı şifahi belə fikirlər səsləndirilən olub, amma o da həmin an üçün insanların psixologiyasından qaynaqlanır. Mən bunları ciddiyə almamışam heç vaxt. Çünki, hər şeyi ciddi qəbul eləsən, işləyə bilməzsən.

– Sizə təsir edən, yadınızda qalan heç olmasa bir cinayət işinin motivini bölüşün…

– Mən uşaqlara qarşı çox həssasam. 2001-ci ildə Bakıda dəhşətli bir cinayət olmuşdu. Qonşuluqda yaşayan oğlan bir qızla əlbir olaraq Nərimanov rayon 82 saylı orta məktəbin şagirdini oğurlamışdılar. Uşaq onlarla qonşu olduğu üçün oğlana inanıb və onunla gedib. Uşağı əvvəlcədən planlaşdırılmış qayda ilə “Neftçilər” metrosu yaxınlığında tutulan kirayə mənzilə aparıblar. O vaxt mobil telefon yox idi, metro kənarında telefonla ailəsini yığıb 30 min manat pul tələb ediblər.

Evə gəldikdən sonra qorxudan təşvişə düşüblər və uşaq onların üzünü görüb deyə onu öldürmək qərarına gəliblər. Düşünüblər ki, pul alsalar da, uşaq onların üzünü görüb və ifşa edəcək. Qərara gəliblər ki, uşağı öldürüb pul müqabilində ailəsinə meyitini təhvil versinlər. Elə də olub, uşağı Bakıxanov dəmiryol stansiyasına gətiriblər, orada boğazını sıxaraq boğublar. Sadəcə pul qazanmaq üçün 8-ci sinif şagirdinin həyatını söndürüblər. Nə pul alındı, nə də uşaq qaytarıldı. Qız ifadə verərkən detalları danışırdı. İpi ağaca bağlayıb, öldüyünə əmin olana qədər sıxıb. Daha sonra meyitin üzərinə ağır daş parçaları, qayalar yığaraq gizlədiblər. O, danışdıqca mən dinləməyə çətinlik çəkirdim. Bir məsum uşaq bu yaşda heç bir səbəb olmadan ölümü haqq etmirdi. Atası 18-ci Polis Bölməsinə müraciət etdi və qısa zamanda cinayət işinin üstü açıldı.

– O vaxt törədilən cinayət hadisələri ilə indi baş verən analoji olayları müqayisə edə bilərsiniz? Fikirləriniz maraqlıdır…

– O vaxt çox dəhşətli idi. Mütəşəkkil cinayətkar qruplar, dəstələr kifayət qədər çox idi. Bu gün daha çox ailə münaqişəsi zəminində qadın ölümləri çoxdur. Tək-tək hallarda kiminsə intiqam, qisas mənasında kimisə öldürdüyünü görmək olar. Bu gün ancaq primitiv səbəblərdən qadın kişidən boşanır, kişi qəbul etmir və küçədə qadını öldürür. Bəzən bu cinayət uşaqların gözləri önündə törədilir ki, bu daha ağırdır.

Amma o dövrdə cinayətlərin motivi tam başqa idi. Belə ki, mütəşəkkil qruplar planlaşdırılmış formada hərəkət edirdilər. Yadıma gəlir Bakıda 1990-cı illərdə şərti adı “Sabunçu” olan cinayətkar dəstə var idi. İşlərin üstü açıldıqdan, bağlı qalan cinayət işləri ilə əlaqələndirirlər. Prokurorluq Yasamal, Nəsimi, Sabunçu rayonunda quldurluq cinayətlərini araşdıranda məlum olub ki, bu cinayətlərin bir-biri ilə bağlılığı var. Beləcə onlar ifşa olunmuşdular.

– Adətən, zorlama ilə bağlı xəbəri təfərrüatı ilə təqdim edirlər. Əslində zorlama xəbəri necə təqdim olunmalıdır?

– Bilirsiniz, bu hadisələr çox həssas məsələdir. Düşünürəm ki, zərərçəkmişin adının, görüntüsünün verilməsi doğru deyil. Motiv yazarkən bilmək lazımdır ki, bütün sözlər cəmiyyət üçün əsas açar söz kimidir. Bəzən bir kənddə elə hadisə baş verir ki, kəndin adını yazıb zərərçəkmişin adını gizlədirlər. Bu, gizliliyi qorumur, çünki məkanın detalı şəxsin özünə işarədir. Odur ki, mən bu motivləri çox işləyirdim.

Amma o vaxt, 2008-ci ildə Bülbül prospekti 40 ünvanında bir fəhlə qadını izləyib zorakılıq etmişdi. Onu tikilməkdə olan binaya qaldırıb zorakılıq etdikdən sonra 16-cı mərtəbədən yerə ataraq öldürmüşdü. Üzərində olan zinət əşyalarını götürmüşdü. O fəhlə ömürlük cəza aldı və hələ də həbsdədir. Bu kimi hallarda cinayətin ağırlığı nəzərə alınır. İntihar halları isə kriminal aid deyil, bu, sadəcə hadisədir. Ona görə də biz bu motivləri çox işləmirdik.

C.Həmidov bir anda Hacı Məmmədov və dəstəsinin 11 ildən sonra ifşa olunmasına toxunur:

– Hacı Məmmədovun rəhbərlik etdiyi dəstənin 2005-ci ildə, yəni 11 il sonra ifşa olunması da ciddi hadisədir. Cinayət iş özü 265 cilddən, hökm 300 vərəqdən ibarətdir. Hər kəs məndən bu detalları gözləyir. Hacı Məmmədovun işi ilə bağlı bir sıra görüntülər də var.

Nəzərə alsaq ki, o təqsirli bilinib, hökm oxunub, hətta adam həyatdan köçüb. Lakin materialı hazırlayarkən onun həyatda olan ailə üzvlərini də düşünmək lazımdır. Mən hər zaman etik kodekslər də daxil, insani keyfiyyətləri üstün tutmuşam.

– Hansı məşhurların cinayət işini işıqlandırmısınız və ya hər hansı məşhur şəxs ictimailəşdirdiyiniz cinayətdə şahid olub?

– Bir dəfə Samir Bağırovu şahid kimi gətirmişdim. 1998-ci ildə “Qarabağ” adlı restoran var idi. Restoranda çalışan Sima adlı rəqqasə münasibətdə olduğu adam tərəfindən qətlə yetirildi. Rəqqasə Sima odlu silahla Ş.Novruzov tərəfindən qətlə yetirilir. İş Nərimanov Rayon Prokurorluğu tərəfindən hansısa səbəbdən bağlanıb. Ş.Novruzov ölkədən qaçıb, iş bağlı qalıb. O, 2003-ci ildə İnterpol tərəfindən Türkiyədə ifşa edərək saxlanılır. Bakıya gətirilərək təcridxanada saxlanılır. Bakı Ağır Cinayətlər məhkəməsində işə baxılır. Mənə zəng elədilər ki, müğənnilərdən birini dindirmək lazımdı, amma dəvət edirik gəlmir. Onu gətirə bilərsən? Dedim yaxşı.

Şirkətə gəlib iş yoldaşlarımızın birindən nömrəni aldım, ilk dəfə Samir Bağırovla danışdım. Razı saldım və gəldi Ağır Cinayətlər Məhkəməsinə və bildiklərini dedi. Hacı Məmmədovun cinayət işində də bir çox müğənnilərin adları çəkilirdi, hətta onların videogörüntülərinin olduğu da iddia edilirdi. Hələ də bu görüntülər barədə məlumat yoxdur.

– O dövrdə cinayət törədən şəxslər gizlənməyə, qaçmağa üstünlük verirdilər. Bu gün isə özləri hadisədən sonra polisə gedərək təslim olurlar. Sizcə bu, nə ilə bağlıdır? İnsanlar cinayət törətməyi güc göstəricisi zənn edir, yoxsa qanunların sərt tətbiqindən qaça bilməyəcəklərini dərk edirlər?

– Məncə, bu, ani əsəbdən qaynaqlanır. Bu, affekt vəziyyəti deyil. Çox az hallarda insanların anlaqsız vəziyyətdə kimisə öldürməsi sübuta yetirilir ki, ona hökm oxunmur, məcburi müalicəyə yönləndirilir. Bu gün cinayətlər adi söyüş səbəbindən başlayır. Çox qəribədir ki, vəhşilik artıb. Qadın-kişi cinayətlərində baltalamaq, bıçaqlamaq halları artıb. Sanki insanlar cinayət üstündə bəhsə girirlər. Biri 5, biri 10, o biri 25-35 bıçaq zərbəsi vuraraq öldürür. Cinayətlərdə amansızlıq sanki artıb.

– Bıçaqlanma demişkən, cinayətləri xüsusi məna yükləyərək öldürürlər. Qadının saçını keçəl edərək öldürürlər, kişinin arxa nahiyəsinə bıçaq vuraraq onu sanki hörmətsiz öldü deyə təqdim edirlər. Bu kimi hallarla rastlaşmısınız?

– Belə hadisələr olub. Cinayəti törədənlərin ifadələrində var ki, deyiblər ki, son bıçağı arxa nahiyəsindən vurdum, bilinsin ki, bu, necə ölüb. Belə hallar yəqin əvvəlki dövrlərdə olub ki, bu günə qədər gəlib. Əslində mütəşəkkil dəstələrin də öz aralarında bu kimi hallar zamanı öz qanunları var. Bəzən saatlarla məhkəmədə susurlar. Az danışan da var, çox danışan da. Peşman olan da, olmayan da.

– İctimailəşdirdiyiniz cinayət hadisələrinin təqsirli şəxslərinin təkrar-təkrar məhkumluq həyatını yazmısınız?

– Bəli, olub. Şabranda iki bacı 14 və 17 yaşlarında itkin düşmüşdü. 2008-ci illər olardı. Sonra o qızlardan birinin meyiti Samux-Abşeron kanalından tapıldı. Bacılardan birinin meyiti isə hələ də tapılmayıb. Ailəsi hələ də bu barədə hüquq-mühafizə orqanları ilə razılaşmır. Hadisə ilə bağlı üç qardaş tutuldu. Onlara hökm oxundu.

Daha sonra 2015-ci ildə Suraxanıda bir qadın boğularaq öldürüldü. Qətl ilə bağlı mən araşdırma apardım. Şübhələnərək baxanda gördüm ki, həmin qızlarla bağlı işdən saxlanılan oğlandır. 5-10 il içində yenə cinayət işlədi. Son hadisəyə görə 13 il hökm aldı.

– Heç olubmu ki, cinayətkarın əslində cinayətkar olmadığını, sadəcə hadisəni öz üzərinə götürdüyünün şahidi olasınız?

– Bəli, bu kimi hallar baş verib. Hazırda deməzdim ki, bu cür hallar baş verə bilər. Sırf 2000-ci illərin əvvəllərində belə hallar olub. 6 ay Bayıl həbsxanasında günahsız yerə yatan insan var idi. Bakıxanovda vergi xidmətində çalışan insanın evində qadın qətlə yetirilib. Günahsız yerə tutulan oğlanın anası “Space” TV-nin redaksiyasına gəldi və dedi ki, oğlu günahsız yerə tutulub.

Mən həmişə bu cinayətin yekununu araşdırırdım. Bununla bağlı reportaj hazırlayıb verdik. Üstündən 6 ay keçdi və Suraxanı rayonunda bölmə rəisi olan dostumla danışanda bu işi soruşurdum. Anasından hadisəni dinlədiyim üçün uşağın günahsız olduğunu bilirdim. Üstündən 6 ay keçdi və Suraxanı rayonunda bölmə rəisi olan dostumla danışanda bu işi soruşdum. Düz 6 ay sonra 2001-ci ilin yanvarında reyd olub və həmin villaya basqın edən şəxslər saxlanılıblar. Araşdırma zamanı hadisəni törədən şəxslərin üzərindən “Makarov” tipli tapança ilə yanaşı, digər silahlar da aşkar edilib. Əsl cinayətkarlar tutulandan sonra məlum olub ki, Sabunçu Rayon Prokurorluğunda çox saxtakarlıq edilib və günahsız uşağın boynuna iş qoyulub. 

Kimsə günahsız ola-ola işi öz boynuna götürəndə bu hiss edilir. Həmin günahsız oğlandan hadisəni necə törətdiyini soruşanda o canlandıra bilmədi. Lakin videogörüntü çəkmişdilər və orada hiss olunurdu ki, oğlan təzyiq altında danışır. Üstəlik videonun kəsilə-kəsilə, fasilə ilə çəkildiyini aydın başa düşmək olurdu. O uşaq azadlığa çıxdı və anası ilə mənim yanıma gəldi. Ədalətin bərqərar olduğuna sevindim. Sabunçu Rayon Prokurorluğunda işdən çıxarılanlar oldular, müstəntiq, əməliyyatçılar işdən çıxarıldılar. Bu, bir növ onların ifşası idi.

– Televiziya məkanında sizdən savayı bir çox kriminal müxbirlər – Natiq Qədimov, Mübariz Əsgərov da çalışıb. Ancaq nədənsə “Kriminal” təxəllüsü ilə tanınanlar arasında ilk ağlagələn sizin adınızdır.

– Kriminal müxbirlər obrazı sanki həyatıma hopub. Düşünmürəm ki, həyatıma mane olur. Səbirli insanam, amma əsəbiləşdiyim hallar da olub, işin gedişatından çox şey asılıdır.

– Heç pul təklif edib məlumat sildirmək istəyən olubmu?

– Pul təklifi hər zaman dəbdə olub (gülür). Bu sahədə isə daha çox aktualdır. Bəzən bizə zənglər gəlir, hədələyirlər. Bu material efirə getməsin, getsə, sizi məhkəməyə verəcəyik, belə edəcəyik, elə edəcəyik. Həftənin əvvəlindən anons veririk, qaynar xəttə zəng gəlir. Onu verməyin, bunu verməyin. Biri kiminsə anası, kiminsə bacısı, atası olur. Artıq qərar vermişik ki, anonsları həftənin əvvəli yox, bir neçə saat öncə verək. Çünki əlavə stres olur. Anonsları yığışdırıb, material efirə getməmişdən bir neçə saat əvvəl məlumat verəcəyik.

– İllər əvvəl törədilən cinayət hadisələrinin istintaq görüntülərini necə əldə edirdiniz?

– İstintaq çəkilişlərini ya bir yerdə edirdik, ya da maddi sübut kimi görüntüləri məhkəmədən götürürdüm. Biz görüntüləri götürsək də, şəxsi əlaqələr səbəbindən hamı bilirdi ki, mən necə işləyirəm. Onlar mənə etibar edirdilər. Bilirdilər ki, mən hökmdən əvvəl heç bir istintaq görüntülərini efirə vermirəm. Ağır Cinayətlər Məhkəməsinin bir çox hakimləri var ki, bu gün təqaüddədirlər. 22 il əvvəl çalışmış həkimlərlə yoldaşlıq əlaqələrimiz var. Hər dəfə görüşəndə onlar mənə deyirlər ki, bizimlə eyni yolu gəlmisən. Onlar bilirdilər ki, mən bir materialı 2 aya qədər gözləyirdim. Mənbə kimi etibarlı olmaq ayrıdır, məlumatı özün verməsən də, başqasına ötürmək kimi güvənsizlik etmək başqadır. Bu hallar iş etikasına ziddir.

– Sosial şəbəkələrdə 5-10 il əvvəl baş verən cinayət hadisələrindən görüntülər paylaşırsınız. Həmin şəxslər bu gün həyatlarını məhkum kimi və ya azadlıqda davam edirlər. Onları yenidən gündəmə gətirdiyinizlə bağlı hər hansı irad gəlirmi?

– Səhifə hələ 2-3 aydır açılıb. Videolar paylaşırıq. Orijinal videolar paylaşırıq. Ayrıca səhifə kimi açmışam və məhkəmə işlərindən görüntülər paylaşılır. İllər əvvəl baş verən cinayətlərin istintaq görüntüləridir. Zamanında da ictimailəşdirilib. Amma hələ də heç bir görüntü barədə ailə yaxınlarından şikayət almamışıq.

Könül Cəfərli
Daha çox foto burada: Photostock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir