Cəmiyyət

Gəncə terrorunda zərərçəkən: “Öncə evimə, bir neçə gün sonra isə digər yaşadığım küçəyə raket düşdü” – FOTO

Sharing is caring!

“Öncə bu ünvanda olan evimə, bir neçə gün sonra isə digər yaşadığım küçəyə raket düşdü”.

Bunu “Report”un Qərb bürosuna müsahibə verən Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisəsindən zərər çəkən şəhər sakini Emin Mustafayev bildirib.

O, düşmən tərəfindən Gəncə şəhərinə atılan raketlər nəticəsində bir dəfə evi dağılaraq uçqun altında qaldığını, bir neçə gün sonra isə oktyabrın 17-də isə yaşadığı evin yaxınlığına düşən raketin tüstüsündən zəhərləndiyini bildirib:

“Mən yuxuda idim, üzərimə su damdığını və ağır bir yük olduğunu hiss edərək yuxudan oyandım. Haradasa 40 dəqiqə dağıntılar altında qaldım. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəldilər və bizi oradan çıxardılar. Mən ilk növbədə ailə üzvlərimin səsini eşidə bilmirdim, onlara nəsə olduğunu düşünərək çox qorxdum. Sonradan onları çağırdım səslərini eşidib salamat olduqlarını biləndə bir az rahat oldum. Sonradan baxdım fənər işıqları görünür – sevindim ki, dağıntılar altından çıxarmağa gəliblər. Şükür mən və ailə üzvlərim salamat çıxdıq. Mən həyətdə olanda baxdım ki, bina dağılıb”.

 
O qeyd edib ki, qonşuları dağıntılar altında qalmışdılar:

“Həmin an kimin şəhid olduğu, kimin yaralandığını bilmirdim. Bir-bir dağıntılar altından çıxarılan qonşularımın nəşini gördükdə çox pis olurdum. Mənim Muxtar Hacıyev küçəsində də evim var. Buradakı evimin dağılması səbəbindən digər evdə yaşamağa başladıq. Lakin oktyabrın 17-də düşmənin atdığı ballistik raket oraya düşdü”.

Qeyd edək ki, 11.10.2020-ci il tarixində Ermənistan ərazisindən “Skad-B” Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raket “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binasının üzərinə düşüb, çox sayda evlər dağılıb, 5-i qadın olmaqla 11 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir