Cəmiyyət

Gəncə sakini: “Həmin gecə çox acınacaqlı və vahiməli idi” – FOTO

Sharing is caring!

“Həmin gecə çox acınacaqlı və vahiməli idi”.

Bunu Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən oktyabrın 11-də Gəncəyə atılan raket nəticəsində zərərçəkən Lalə Heydərova “Report”un Qərb bürosuna müsahibəsində bildirib.

O, mülkü əhalinin yaşadığı şəhərə ermənilər tərəfindən törədilən terror hadisəsini heç bir zaman unutmayacağını vurğulayıb:

“Vətən müharibəsi zamanı Gəncə bir neçə dəfə raket atəşinə məruz qaldı. Onlardan biri də oktyabr 11-də gecə saat 02 radələrində bizim yaşadığımız əraziyə atılmışdı. Həmin an hamımız yuxuda idik, bir an böyük bir partlayış səsi eşidildi, ardınca da ev tüstü-dumana döndü. İlk anda nə baş verdiyini anlamadım, tez o biri otaqda olan iki övladımızın yanına qaçdıq. Oğlumun başında, üzündə qan var idi, yaralanmışdı. Evdə yoldaşım, iki övladımız və qayınatamla, qayınanam var idi. Normalda qaranlıqda belə gəzdiyimiz evin otaqlarını indi tanıya bilmirdik, hər şey dağılmışdı. Qardaşım və yoldaşımın xalası oğlu köməyə gəldilər, bizi evdən həyətə çıxardılar. Hər tərəf qaranlıq, tüstü-duman, insanların vahiməli səsləri və nə baş verdiyini anlamadığımız bir çaxnaşma var idi. Sonradan bildik ki, raket düşüb, qonşularımızın yaşadığı bina çöküb, dağıntılar altında qalıblar. Oğlum Bəxtiyar yaralı idi deyə, biz təcili tibbi yardım maşınına minib xəstəxanaya getdik. Xəstəxanada çox sayda xəsarət alanlar, yaralılar gətirilirdi”.

Gəncə sakini vurğulayıb ki, çox acınacaqlı bir gecə yaşayıblar:

“Üzərindən iki il keçməsinə baxmayaraq, yaşananlar hələ də gözümün önündən getmir. Qonşularımız şəhid oldular, uşaqlar ata-analarını itirdilər. Bu vəhşiliyi törədən ermənilər dünya qarşısında cavab verməlidirlər”, – deyə L.Heydərova bildirib.

Qeyd edək ki, 11 oktyabr 2020-ci ildə Ermənistan Silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla doqquz nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.

Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir