Cəmiyyət

Rövşən Abbasov: “Bakıda havanın keyfiyyətini pisləşdirən əsas amil avtomobillərdir” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

Azərbaycanın bölgələrinə gəzmək üçün üz tutanlardan belə bir cümlə eşidirik: “Gedək təmiz hava alaq”. Çünki hər kəs Bakıda ciyərlərimizə çəkdiyimiz havanın təmiz olmadığını bilir. Ancaq Bakının da havası daha çirkli və nisbətən yaxşı hesab edilən əraziləri var. Bununla bağlı zaman-zaman yoxlamalar aparılır.

Həmin yoxlamaların aparılmasında iştirak edən mütəxəssislə Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin rəhbəri, Xəzər Hava Keyfiyyəti Laboratoriyasının müdiri Rövşən Abbasov “Kaspi” qəzetinə müsahibə verib.

– Rövşən müəllim, laboratoriyanız tərəfindən Bakı şəhərində havanın keyfiyyəti sonuncu dəfə nə zaman yoxlanıb?

– Pandemiyadan əvvəl daha tez-tez bu yoxlamaları aparırdıq. Pandemiya dövründə bir az azaldı. Sonuncu dəfə fevral ayında yoxlamamız olub.

– Ən son yoxlamalara görə Bakıda ən çirkli havası olan ərazilər hansılardır?

– Bizim yoxlamalarımız ilk vaxtlar daha çox metro stansiyalarının yaxınlığını və Bakıdan kənar qəsəbələri əhatə edirdi. Yoxlamaların nəticəsinə görə, Bakıda ən çirkli hava “Neftçilər” metro stansiyası ətrafındadır. Burda havanın çirklilik dərəcəsi günün saatlarına görə dəyişir. Ən çirkli hava səhər 11-12 radələrində müşahidə olunur. Ondan sonra “Koroğlu” metrostansiyasının ətrafı gəlir. “Sahil”, “20 Yanvar”, “Memar Əcəmi”, “Gənclik” və s. metro stansiyalarının ətraf əraziləri gəlir. Ən təmiz havanı Buzovna, Bilgəh istiqamətində müşahidə etdik. Ümumilikdə isə, qəsəbələrlə şəhər içinin havası arasında böyük fərq var.

– Niyə araşdırma üçün metro stansiyalarının ətraflarını seçirsiniz? Metronun havanın keyfiyyətinə təsiri nə kimi olur?

– Metronun havanın keyfiyyətinə birbaşa deyil, dolayı təsiri var. Metro yerləşən ərazilərdə əhali sıx yaşayır, daha çox toplaşır, həmin yerlərdə avtomobillər daha çox olur. Bu da atmosferə daha çox kükürd, azot oksidlərinin atılması və havanın keyfiyyətinin pisləşməsi deməkdir. Digər məqam isə tikinti şirkətlərinin bina tikintisi üçün metro ətraflarını seçməsidir. Tikinti şirkətləri elə yer axtarırlar ki, həmin yerdə mənzillərə tələb çox, qiymət də yüksək olsun. Bahalı yerlər isə adətən metro ətrafları olur. Çünki insanlar nəqliyyat baxımından daha rahat yerləri istəyirlər. Ona görə tikinti şirkətləri metro ətrafında sürətli şəkildə evlər tikirlər. Müvafiq orqanlar bunun qarşısını almaq istəyirlər, amma bir də görürsən ki, hardasa yenə yer tutuldu. Tikinti maraqları yaşıllıqların aradan çıxarılmasına da gətirib çıxarır.

– Bəs çıxış yolu nədir?

– Bunun qarşısının alınması üçün Bakıda metro şəbəkəsi genişlənməlidir. Hazırkı metro şəbəkələrinə düşən yük paylanmalıdır. Məsələn, Neftçilərdə metro var, Bakıxanov qəsəbəsində yox. Orda da olmalıdır, Qaraçuxur, Xırdalan, Masazır və s. ərazilərdə də metroya ehtiyac var. Bu paylanmalar kömək edəcək ki, yük hansısa metroya düşməsin. Yaxud Masazır, Hökməli, Bakıxanov kimi yerlərdə də metro olsaydı, tikinti şirkətlərinin bir qismi tikinti üçün o əraziləri seçərdi. Metro stansiyalarının artması ilə insanlar şəxsi avtomobillərdən daha az istifadə edəcəklər. Bu da havanın daha az çirklənməsinə səbəb olacaq. Deyə bilərsiniz ki, məsələn, “28 May” metrostansiyası var, amma onun ətrafında şəxsi avtomobillər çoxdur. Çünki metroda sıxlıqdır, rahat deyil. Stansiyalar çox olarsa, bu pay bölünsə, sıxlıq daha az, komfort daha çox olar. İctimai nəqliyyat daha da gücləndirilməli, rahat olmalıdır.

– Bakıda havanın çirklənməsinə səbəb olan əsas məqamlar nələrdir?

– Abşeron yarımadasında şəhər olmasaydı belə, bu ərazidə havanın keyfiyyəti digər yerlərlə müqayisədə daha aşağı ola bilərdi. Çünki tozlu, quraq ərazidir, bitki örtüyü çox deyil. Bakının ətrafında çoxlu daş karxanaları var. Onların tozu nəinki Bakı, ətraf yaşayış ərazilərində də hiss olunur. Daş karxanalarında daşların müəyyən normativlər əsasında kəsilməsinə fikir verilməlidir. Ancaq bütün bunların fonunda Bakıda havanın keyfiyyətini pisləşdirən əsas amil avtomobillərdir. Məlumdur ki, Almaniya, ABŞ, Cənubi Koreya kimi ölkələrdən Azərbaycana işlənmiş avtomobillər çox gətirilib. İşlənmiş avtomobillər həm benzini çox yandırır, həm havaya tullantıları daha çox olur. Elektrik və hibrid avtomobillərin məşhurlaşması ilə qlobal səviyyədə bu problem həllini tapır. Ancaq bu, Azərbaycan kimi ölkələr üçün təhlükə ola bilər. Tam elektrik avtomobillərinə keçən ölkələrdəki daxili yanma mühərrikli avtomobillər necə olacaq? Hamısı bizim kimi ölkələrə gedə bilər. Yaxın 10-15 ildə güclü bir dalğa – benzinlə işləyən avtomobillərin qiymətində güclü enmələr olacaq. Azərbaycan kimi ölkələrə növbəti təzyiq artacaq. Biz özümüzü bundan qorumalıyıq. 2015-2016-cı illərdə Azərbaycan Paris Sazişinə qol çəkib, könüllü öhdəlik götürüb ki, öz ərazisində atmosferə atılan tullantıları – xüsusilə karbon qazını 30 faizə qədər azaldacaq. Bu istiqamətdə çoxlu tədbirlər gedir. Hibrid və elektrik avtomobillərinin ölkəyə idxal olunmasında gömrük rüsumları azaldılıb ki, insanlarda həvəs yaransın. “Toyota Prius” hibrid avtomobilləri nə qədər artıb. İkiqat az benzin yandırır, havanı da ikiqat az çirkləndirir.

– Bu, hazırda havanın keyfiyyətində fərq yaradırmı?

– Hələ o səviyyədə gətirilməyib. Ancaq həmin hibrid avtomobillərin əvəzinə tam benzinlə işləyən nəqliyyat vasitələri gətirilsəydi, indi havanın keyfiyyəti daha pis olardı. Elektrik və hibrid avtomobillər ənənəvi avtomobilləri əvəzlədikcə havanın keyfiyyətinə müsbət təsir edəcək.

– Bakı şəhəri ilə regionlarımızın havasını müqayisə etsək, fərq nə qədərdir?

– Xüsusilə, meşə olan rayonlarda Bakı ilə müqayisədə havanın çirklənməsi çox azdır. Məsələn, Qəbələ, Qubada havanın keyfiyyəti daha yüksəkdir. Bunu öz ağ ciyərlərinizdə belə hiss edə bilirsiniz. Bəzən rayonlarda tozun miqdarı Bakıdakı ilə müqayisədə bir neçə dəfə aşağı olur. 300-400 faiz fərq var. Regionlarda əhali də, nəqliyyat vasitələri də azdır.

– Regionlarımızın havasını müqayisə edək.

– Nisbətən Gəncədə havanın keyfiyyəti aşağıdır. Buna şəhərdə avtomobillərin sayının çox olması təsir edir. Sumqayıtda da havanın keyfiyyəti aşağıdır. Şirvan şəhərində bir qədər aşağıdır. Dağ rayonlarında hava keyfiyyəti yüksəkdir. Aran rayonlarında da havanı çirkləndirən geniş yayılmış mənbələr yoxdur. Aran rayonlarında hava tozlu ola bilir. Bunun da səbəbi bitki örtüyünün zəif olmasıdır.

– Sumqayıt sovet dövründə iri kimya sənayesi mərkəzi olub. Şəhərin havası o vaxt çox çirkli idi. SSRİ dağıldıqdan sonra kimya sənayesi müəssisələri də fəaliyyətini dayandırdı, havası da düzəldi. Son illər Sumqayıtın havası ilə bağlı şikayətlər çoxalıb.

– Sovet dövrü ilə müqayisədə Sumqayıtın havasının keyfiyyətində xeyli yaxşılaşma gedib. Bunun əsas səbəblərindən biri bəzi çirkli ərazilərin reabilitasiya olunmasıdır. Sumqayıtda bir çox təmizləmə layihəsi həyata keçirilib, yaşıllıqlar salınıb. Üstəlik, oradakı zavodlarda köhnə texnologiyaların çoxu dayanıb, daha müasir texnologiyalar gətirilir. Hətta Sumqayıtın elə yerləri var ki, orda havanın keyfiyyəti Bakı ilə müqayisədə daha yaxşıdır. Ancaq Sumqayıtın havası ilə bağlı şikayət həmişə olacaq. Sumqayıtın havasının ideal olduğunu deyə bilmərik.

– Son illər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarında havanın keyfiyyətində nəzərəçarpacaq dərəcədə yaxşılaşma olduğu bildirilir. 

– Pandemiyanın sərt karantin dövründə havanın keyfiyyətində kəskin yaxşılaşma qeydə alındı. Ona görə ki, avtomobillər az idi. Havaya azot, kükürd oksidləri atılmırdı. Bu da onu göstərir ki, bizdə əsas problem elə nəqliyyatla bağlıdır. Bakıda havanın keyfiyyətinin yaxşılaşmasının bir səbəbi də məişət tullantılarının 10 il bundan öncə ilə müqayisədə daha yaxşı idarə olunmasıdır. Düzdür, elə yerlər var ki, hələ də məişət tullantılarının idarə olunmasında problemlər qalır. Amma mərkəzi hissələrdə bu cəhətdən vəziyyət daha yaxşıdır. Məişət tullantılarının idarə olunması problemi indi kənd yerlərində çoxdur. Bunu da diqqətdə saxlamaq lazımdır.

– Bakı küləklərinin havanın keyfiyyətinə təsiri necədir?

– Bakının havasını şimal və cənub küləkləri xilas edir. Daha çox cənub küləkləri. Cənub küləkləri dənizdən gəlir, dənizin havası da təmizdir. Dəniz Bakının havasını təmizləyir. Dəniz olmasaydı, Bakının havası daha pis olardı. Dənizin xeyri odur ki, həmin ərazidə bina tikmək mümkün deyil, orda maşınlar gəzə bilmir. İstər-istəməz o ərazi təbiətin öhdəsində qalıb.

– Bakının tozu da çoxdur, bəzən daha da artır. 

– Toz problemini azaltmaq üçün Bakı ətrafında bitki örtüyü daha sıx əkilməlidir ki, qum-çınqıllı ərazidəki hava şəhərə daxil olmamışdan əvvəl filtrasiya olunsun. Məsələn, Xocasən gölü ətrafında salınan iri yaşıllıq əraziləri bir neçə ildən sonra həmin ərazidə, eləcə də Bakının şimal hissəsində havanın keyfiyyətinin yaxşılaşmasına ciddi təsir edəcək. Havanın keyfiyyəti ilə bitki örtüyü arasında ciddi əlaqə var. Meşəlik, otluq ərazilərdə havanın keyfiyyəti daha yaxşı olur. Bakı ətrafındakı boş ərazilərdə süni olaraq yaşıllaşdırma işləri aparılmalıdır.

– Fəsillərə görə havanın keyfiyyətindən danışaq.

– Soyuq havalarda havanın keyfiyyəti nisbətən yaxşılaşır. Yağışlı havadan sonra isə hava tərtəmiz olur. Tozun hamısı aşağı çökür. Əsl təmiz hava yağışdan sonra olur.

– Fərdlər, müəssisələr aspektindən yanaşsaq, havanın keyfiyyətinin yaxşılaşması üçün nələr edilə bilər?

– Hər bir ev öz tullantılarını kəskin şəkildə azalda bilər. Məsələn, alış-verişdə mümkün qədər plastik torbalardan imtina etməliyik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin plastik qabları ekoloji çantaya dəyişməklə bağlı layihəsi var. Bu səyləri bir qədər də artırmaq lazımdır. Almaniyada plastik butulkaları mağazaya verib əvəzində çek alıb alış-veriş etmək olur. Bu, bizdə də tətbiq olunsa, böyük effekt verər. Müəssisələrin üzərinə yük qoyulmalıdır. Məsələn, şirkətlər plastik butulkalarda su satışa çıxarırlar, amma o qabların yığılmasına cavabdehlik daşımırlar. Onlara butulkaların yığılması üçün məsuliyyət daşıdıqlarını bildirmək lazımdır. Heç olmasa iri mağazalarda qurğular qoyun, onları qəbul edin. Bakıda hansı kafeyə gedirsən, kabab təklif edirlər. Kababı da kömürlə bişirirlər. Kömür haradan gəlir? Təbiətdən. Bunun monitorinqi aparılmalıdır. Həm tüstüsü havanı korlayır, həm də ağaclar kəsilir.

– Evlərimizdəki hava necədir?

– Qənaətbəxş deyil. Mebellər otağın havasını çirkləndirən əsas mənbələrdən biridir. Mebel alarkən diqqətli olun. Rəngə fikir verin, qoxusu varsa, almayın. Evdə xalça çox olmamasına çalışın. Xalçalar çirklənmə mənbəyidir. Kanalizasiya sisteminin yaxşı olmasına diqqət edin. Kondisioner havanı təmizləmir. Evlərin içərisində hava təmizləyici filtrlərə ehtiyac var. Onları alıb evə qoyun, bir həftə sonra filtri çıxarıb baxın nə vəziyyətdə olacaq. O tozlar hamısı bizim ağ ciyərimizdədir. Evdəki yuyucu vasitələri elə yerdə saxlayın ki, otağa qoxusu vurmasın. Hava təravətləndiricilərindən istifadə etməyin. Yaxud ucuz qiymətə günlərlə qoxusu getməyən ətirlər satılır. O ətirlər kimyəvi tullantıların gözəl qoxulu formasından başqa bir şey deyil. Bu, istər-istəməz otağa, aldığımız havaya da təsir edir. Gündə minimum 3 dəfə otağın havasını dəyişmək lazımdır. Havanın daha təmiz olduğu vaxtlarda bunu etsək, daha yaxşıdır. Çirkli ərazidə yaşayırsınızsa, səhərə yaxın dəyişin, çünki o vaxt hava daha təmiz olur. “Yel çəkən mənzil”lər var. Əgər mənziliniz belədirsə, hökmən hər iki tərəfdən pəncərəni açın, evin içərisində külək əssin, havanı təmizləsin.  

– Havanın çirkliliyi yuxarı, yoxsa aşağı mərtəbələrdə daha çox hiss edilir?

– Bunun elə də fərqi yoxdur. Amma bir və ikinci mərtəbələr səthə daha yaxın olduğu üçün tozlanma onlarda daha çox ola bilir. Bir də bizə birinci mərtəbələrdə radon (radioaktiv maddələrdən yaranan qaz) ola bilər. Onu bizdə ölçmürlər. Demirəm orda radon var, amma onun ölçüsü aparılmalıdr.

– “Neftçilər” metrostansiyası ətrafında və Buzovnada yaşayan adamın sağlamlığında nə kimi fərq ola bilər?

– Ölkəmizdə bu istiqamətdə klinik araşdırmaların aparılmasına ehtiyac var. Belə araşdırmalar olmadığı üçün mən bu iki yeri müqayisə edib nə isə deyə bilmərəm. Ancaq başqa ölkələrdə aparılan klinik araşdırmalar göstərir ki, havanın çirkli olması ictimai sağlamlığa ciddi təsir edir. Ürək-damar, tənəffüs sistemi xəstəliklərinə ciddi təsir edir. Əmək qabiliyyətinə təsir edir, düşünmə qabiliyyətini azaldır, baş ağrısı verir, yuxu pis olur. İnsanlar narahat yatırlar, ağır yuxular görürlər. Səhər narahat oyanırlar, işə narahat gedirlər. Bu da stressə səbəb olur, əsəb xəstəliklərinə gətirib çıxarır. Yatmamışdan əvvəl otağın havasını dəyişmək, təmiz havada gəzmək yaxşı təsir edir. Buna görə, şəhərin bütün ərazilərini əhatə edən parkların inşasına başlamalıyıq. İnsanların təmiz hava ala biləcəyi yerlər çox olmalıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir