Cəmiyyət

Həmişə bizim olmuş Qarabağımızda şanlı bayrağımız bu gün qürurla dalğalanır

Sharing is caring!

İki il bundan əvvəl sentyabrın 27-də dünyanın bütün güclü dövlətlərini təlatümə gətirən, bizi – Azərbaycan xalqını isə sevindirən bir tarixi hadisə baş verdi. Ermənistanın 30 ildən bəri davam edən və Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Qısa müddət ərzində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, bir yumruq kimi birləşdi və düşmənə sarsıdıcı zərbələr endirdi. Müzəffər Azərbaycan Ordusu Vətənin torpaqlarını düşmən tapdağından xilas etmək kimi şərəfli missiyanın öhdəsindən gələ bildi. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə baxmayaraq, Azərbaycan öz haqq savaşında Zəfər çaldı. Bu Zəfərin qazanılmasında ordumuzun tətbiq etdiyi yeni döyüş taktikaları mühüm rol oynadı.

Ermənilər çirkin məqsədlərlə Azərbaycan ərazilərinə köçürülməyə başladığı ilk gündən tarix bu xalqın təcavüzkar, işğalçı, xain xislətinə, pozucu, dağıdıcı, barbar xarakterinə şahidlik edib. Torpaqlarımıza ayaq basdıqları vaxtdan ərazilərimizin sahibi kimi özlərini göstərməyə başladılar, Azərbaycan toponimlərini dəyişməyə, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Azərbaycanlılara qarşı ermənilərin ən dəhşətli cinayətləri ötən əsrin 90-cı illərinin əvvəllərində bütün dünyanın gözü qarşısında baş verib. Torpaqlarımızın 20 faizini işğal etdilər, 1 milyondan artıq dinc azərbaycanlını yaşadığı ərazilərdən vəhşicəsinə çıxardılar, yaşayış məntəqələrimizi talan etdilər, tarixi mədəniyyət abidələrimizi viran qoydular, dünyada misli görünməmiş hərbi cinayətlər törətdilər. Başlıbel, Ağdaban və Bağanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasıdır. Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı isə öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir.

Təəssüf doğuran məqam isə humanizmdən, insan haqlarından, insanpərvərlikdən, demokratiyadan danışan dünya dövlətləri bu vəhşiliklərə susqun qaldılar, ikili mövqedən çıxış etdilər, işğalçını, qəsbkarı öz adı ilə çağırmadılar. Münaqişənin həlli məqsədilə yaradılmış Minsk qrupu 29 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı, illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Onların məqsədi Azərbaycanı işğalla barışmağa məcbur etmək idi.

2016-cı ildə baş vermiş xüsusi əhəmiyyət daşıyan Lələtəpə döyüşü, Ermənistanın apardığı, demək olar ki, bütün yalançı təbliğatı alt-üst etdi. Uydurduqları məğlubedilməz Ermənistan ordusuna sarsıdıcı zərbə endirildi, Azərbaycanın hansı yolla olur olsun öz ərazilərini işğaldan azad edəcəyini bir daha göstərdi. Tovuz döyüşləri də bunun davamıdır. Amma, təəssüflər olsun ki, düşmən bu məğlubiyyətlərdən dərs götürmədi, işğal siyasətini davam etdirərək 2020-ci il 27 sentyabr tarixində növbəti təxribata əl atdı, bu dəfə isə “məğlubedilməz ordu” 44 gün ərzində tamamilə məhv edildi. Beləliklə, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.

Dünyaya səs salan qəhrəman sərkərdələrimiz sayəsində düşmənlərimizə həmişə yerini göstərmişik. Babək, Cavanşir, Şah İsmayıl Xətai, Cavad xan belə qəhrəmanlarımızdandır. Əsrlər keçsə də, qədirbilən xalqımız onları heç vaxt unutmur. Cəmi 44 gün davam edən Vətən müharibəsi və yenilməz Sərkərdə İlham Əliyev də bizim şanlı tariximizdir.

Fərəhləndirici haldır ki, həmişə bizim olmuş Qarabağımızda şanlı bayrağımız bu gün qürurla dalğalanır. Bu, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının ən böyük arzusu idi. Erməni vandalları tərəfindən talan edilmiş ərazilərimizdə hazırda abadlıq-quruculuq işləri aparılır. Azərbaycan tarix yazır, tarixi nailiyyətlərə imza atır. Əminliklə söyləyə bilərik ki, Azərbaycan bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni qələbələr qazanacaq, üçrəngli bayrağımız Zəfər zirvəsində daim dalğalanacaq. 

Murad Feyziyev,

Salyan şəhər 6 saylı tam orta məktəbin müəllimi,

Vətən müharibəsi iştirakçısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir