Cəmiyyət

KƏLBƏCƏRİN GƏLƏCƏYİ İŞIQLIDIR

Azərbaycan müstəqilliyinin ilk illərində çoxsaylı təhlükələrlə üzləşmiş, ağır sınaqlardan keçmişdir. Daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşınalıq və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirmiş, onun gələcək taleyini sual altına qoymuşdu. Məhz bu şəraitdə Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış, yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin düşmüşdür. Baş verənlər bir daha göstərmişdir ki, həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir. Kəlbəcər uğrunda tökülən qanlar, amansız vuruşmalar da xatirələrdən heş vaxt silinməjəcəkdir.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi.
Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib; – Dövlət təltifləri. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Kəlbəcər kimi strateji yüksəkliklərin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi. Prezident İlham Əliyevin fikri: “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”.
Postmüharibə dövrünü müsbət qiymətləndirən İlham Əliyev bildirib ki, Azərbaycan həm müharibə, həm də postmüharibə dövründə istədiyinə nail olub. Prezident həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürünün olduğunu söyləyərək bildirdi ki, bütün sahələrdə olduğu kimi, bu sahədə də konseptual yanaşma ortadadır. Qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunub. Əlbəttə ki, bütün bu hədəflər bəyan edilməyib, çünki hələ tezdir. Kəlbəcərin gələcəyi irəlidədir və işıqlıdır.
Prezident İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə səfərləri yenidənqurma və bərpa işlərinə birbaşa özünün nəzarət etdiyinin göstəricisidir. səfəri zamanı cənab Prezident bir daha qeyd etmişdir ki, torpaqların bərpası prosesi artıq başlamışdır. Dağılmış bütün kəndlər bərpa ediləcək, azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır. Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Diqqətinizə çatdıraq ki, artıq Azərbaycan infrastruktur quruculuğu, şəhərsalma sahəsində ən öndə gedən ölkələrdəndir. Bu minvalla qeyd etmək olar ki, mənfur düşmənlər tərəfindən yerlə yeksan olunan diyar-i-behişt Qarabağımız Azərbaycanın çatdığı maksimum innovativ səviyyənin tətbiqi üçün xammaldır. Erməni işğalından azad olunmuş ərazilərdə dövlət başçımızın birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Fikir verin, pandemiya dönəmində, dünya iqtisadiyyatında yaşanan sükut zamanında Cənab Prezident bu cür addım atmaqla, ölkəmizin iqtisadi gücünü ortaya qoyaraq, bizimlə istər döyüş, istər iqtisadi, istərsə də diplomatik meydanlarda baş-başa gəlmək istəyən dövlətlərə qüdrətimizi göstərmiş oldu.Rahib Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir