Cəmiyyət

Münaqişə ilə bağlı beynəlxalq təzyiqlərin yetərli olmaması düşməni daha da həvəsləndirib

Münaqişə ilə bağlı beynəlxalq təzyiqlərin yetərli olmaması
düşməni daha da həvəsləndirib

Aprelin 13-də ADA Universitetində keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans Azərbaycanın müəllifi olduğu yeni regional reallıqların həqiqətən də artıq bütün dünya tərəfindən qəbul edildiyini bir daha təsdiq etmiş oldu. Ölkə Prezidenti cənab İlham Əliyev konfransda etdiyi çıxışında birmənalı olaraq qeyd etdi ki, Azərbaycan ümumi gələcək naminə konstruktiv addımlar atmağa hazırdır, lakin Ermənistan ordusu tərəfindən törədilmiş vəhşiliklər də xalqımız tərəfindən heç zaman unudulmayacaqdır. Bununla da dövlətimizin başçısı Ermənistandakı bəzi revanşist əhval-ruhiyyəli qüvvələrə növbəti dəfə xəbərdarlıq mesajlarını aşkar və konkret şəkildə çatdırdı. 30 ilə yaxın Azərbaycanın torpaqlarını işğalda saxlayan İrəvanın siyasəti münaqişənin dondurulması olub. Ermənistan münaqişənin həll olunması fikrində olmayıb. Bu müddət ərzində düşmən torpaqlarımızda maneələr və hərbi hədəflər yaradıb. Məqsədləri isə işğal etdikləri Azərbaycan torpaqlarının heç bir zaman geri qaytarılmaması olub. Münaqişə ilə bağlı isə beynəlxalq təzyiqlərin yetərli olmaması düşməni daha da həvəsləndirib. Ərazilər azad edildikdən sonra görünən mənzərə odur ki, düşmən münaqişənin həllinin olmaması üçün hər şeyi edib. Onlar nəhəng istehkamlar, müdafiə xətləri tikməklə, milyonlarla dollarlıq vəsait cəlb etməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyiblər.
Ermənistan I Qarabağ müharibəsində də müharibə cinayətləri törədib. O vaxt informasiya mühiti fərqli olduğundan vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib. Sənədləşdirilsə belə bu, beynəlxalq ictimaiyyətə çatmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə biliblər. Bu gün isə durum fərqlidir. Ermənistan işğaldan sonra ərazilərə basdırılmış minaların xəritəsini belə təqdim etmir. Bu da Ermənistanın hərbi cinayətlərinin sayının artmasına, bu dövlətin mahiyyətinə yeni bir baxışın olmasına zərurət yaradır. 44 günlük Vətən müharibəsi zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi olub. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Çünki bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Bizim bir çox şəhər, qəsəbə və kəndlərimiz erməni vəhşiliyinin qurbanı olub. İkinci Qarabağ müharibəsi zamanı onlar beynəlxalq ictimaiyyətin gözü qarşısında bizim şəhər və kəndlərimizi ballistik raketlərlə bombalayıblar, hər gün artilleriya atəşinə tutublar. Təbii ki, bu hücumlar nəticəsiz qalmayıb və bu gün bütün dünya erməni vəhşiliyinin buraxdığı bu izləri açıq-aşkar izləmək, araşdırmaq və müvafiq fikir formalaşdırmaq imkanları əldə ediblər. Deməliyik ki, rəsmi İrəvanın revanş niyyətləri Ermənistan dövlətçiliyinin sonu olacaq.

Səbuhi Kərimov-Yeni Azərbaycan partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri

30 illik münaqişədə xalq olaraq özümüzü qoruduq, birlik
və mütəşəkkilliyimizi nümayiş etdirdik

Tarix boyu Azərbaycanda yaşayan bütün xalqların dilinə, dininə, mədəniyyətinə çox böyük hörmətlə yanaşılmışdır. Buna görə də ölkəmiz bütün dünyaya tolerantlıq nümunəsidir. Uzun əsrlər boyu ölkəmizdə yaşayan başqa xalqlar, Azərbaycan xalqı ilə nəinki dostlaşmış, qardaşlaşmış, Azərbaycanı doğma vətənləri hesab etmişlər. Azərbaycan həmişə multikultural dəyərlərə sadiq qalmışdır. I Qarabağ və II Qarabağ müharibəsində ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri Azərbaycanlı qardaşları ilə “Dəmir yumruq” kimi birləşərək vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etdilər. 30 illik bu münaqişədə xalq olaraq özümüzü qoruduq birlik və mütəşəkkilliyimizi nümayiş etdirdik. Ölkədə yaşayan hər bir vətəndaş dinindən irqindən asılı olmayaraq bir fikir, bir ideya əsasında birləşdi. Bu müharibədə başqa xalqların nümayəndələri arasında da şəhidlərimiz, qazilərimiz, əsgər və zabitlərimiz var və bu birlikdə, şanlı zəfər tarixində onlar da öz imzalarını atdılar.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

Bu gün artıq ölkəmizin inkişaf tarixində tamamilə yeni bir mərhələ başlayıb

Bu gün bütün dünya Azərbaycanın Vətən müharibəsindəki parlaq qələbəsindən sonra  yaranmış reallığa uyğun mövqeyi ilə tanışdır. Azərbaycan bölgədə uzun müddətli sülhün, əmin-amanlığın, müharibə risklərinin minimuma endirilməsinin həyata keçirilməsi, o cümlədən, yeni əməkdaşlıq platformalarının yaradılması,  kommunikasiyaların açılması və bölgə ölkələrinin inkişafı ilə bağlı əlindən gələn nə varsa edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi və sosial iqtisadi tədbirlər nəticəsində Qarabağ regionun müasir və ən inkişaf etmiş ərazisinə çevrilməkdədir. Artıq hər kəs əmindir ki, qısa zamanda azad olunmuş ərazilər bərpa ediləcək, Qarabağa böyük qayıdış başlayacaq.
Bu gün artıq ölkəmizin inkişaf tarixində tamamilə yeni bir mərhələ başlayıb. Heç şübhəsiz bu mərhələdə işğaldan azad edilmiş ərazilərimizin yenidən həyata qaytarılması Azərbaycanın siyasi-iqtisadi suverenliyinin daha da gücləndirilməsi yönümündə mühüm amillərindən biri kimi çıxış edəcək. Tezliklə Qarabağda yenidən məskunlaşma həyata keçiriləcək, insanlarımızın layiqli yaşayışı təmin ediləcək. Qarabağda və ətraf rayonlarda həyata keçirilən quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Erməni vandalizmi insanlığa qarşı bir təhdiddir

Tarixə nəzər yetirsək müxtəlif vaxtlarda ermənilərin ölkəmizə qarşı ərazi iddialarını açıq aydın şəkildə görmək mümkündür. 90-cı illərin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarının işğal olunması, dinc əhaliyə divan tutulması, insanlığa sığmayan Xocalı qətliamının törədilməsi, bununla yanaşı cənnət məkan olan Qarabağın viran edilməsi erməni vandalizmini sübuta yetirən faktlardır. 30 ilə yaxın bir müddətdə işğalda olmuş ərazilərimizdə tarixi mədəniyyət abidələrinin, müqqəddəs ocaqların, yaşıllıqların, meşə zolaqlarının məhv edilməsi, həmin ərazilərə minaların və digər partlayıcı qurğuların yerləşdirilməsi ermənilərin mənfi xislətini bütün dünyaya bəyan etmiş oldu. Bu dövr ərzində Beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş sənədlərdə işğal olunmuş ərazilərimizin qeyri şərtsiz azad edilməsi, Azərbaycan dövləti tərəfindən həyata keçirilmiş sülhməramlı missiyaya baxmayaraq ermənilər öz mənfur planlarından əl çəkməmiş, bununla yanaşı son dövrlərdə ölkəmizə qarşı müxtəlif vaxtlarda təxribatlar törədərək işğalçı mövqeylərini bir daha açıq-aşkar şəkildə bəyan etmişlər. Növbəti belə cəhd 2020-ci ilin sentyabr ayının 27 də reallaşdı. Belə olan halda ölkəmizə qarşı yönəlmiş təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələri ölkəmizin müdafiəsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda haqq savaşına çıxdı. Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi və ölkəmizin ərazi bütövlüyü tam şəkildə bərpa edildi. Vətən müharibəsi Azərbaycanın bu haqq savaşında qələbəsi, tarixi ədalətin bərpa olunması, ölkəmizin gücünün bütün dünyaya bəyan edilməsi, ermənistanın isə məğlubiyyətə uyğrayaraq aciz duruma düşməsi ilə nəticələndi. Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycanda rəsmi səfərdə olan xarici dövlətlərin nümayəndələri, mediya əməkdaşları bu ərazilərdə ermənilərin vaxtilə törədikləri vəhşiliklərin, cinayətlərin canlı şahidi olurlar. Qeyd edilən faktlar ermənilərin işğalçı mövqeyini, vandalizmini bütün dünyaya sübut etmiş oldu.

Ələkbər Kərimov – Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı

Azərbaycan dövləti, xalqı səbrinin tükənməz olmadığını göstərərək Dağlıq Qarabağ probleminin ədalət, milli qürur məsələsi olduğunu döyüş meydanında bir daha işğalçı Ermənistana və havadarlarına çatdırdı

Azərbaycan 44 gündə BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini icra edərək haqqı, ədaləti bərpa etdi, işğala son qoydu, işğalçı Ermənistanın və ona havadarlıq edən dövlətlərin taktikasını açıqladı. Tarixi ədalətin bərpa olunması istiqamətində Azərbaycan Ordusunun rəşadəti, qələbə əzmi bu günədək ölkəmizə qarşı dövlətlərin hansı mövqedə dayandıqlarına, ən əsası kimin münasibətlərdə səmimi və ədalətli olduğuna işıq saldı. Dövlətimizin başçısı İlham Əliyevin informasiya cəbhəsində Azərbaycanın qalibiyyətini təmin etmək üçün atdığı addımlar Ermənistana dəstəkdən həqiqətlərimizi inkar edən beynəlxalq hüquq müdafiə təşkilatlarının mövqelərində də dəyişikliklərə yol açmışdır. Ermənistan silahlı qüvvələrinin qadağan edilmiş silahlardan istifadə etdiyi beynəlxalq hüquq təşkilatlar tərəfindən də təsdiqlənir.
İşğalçı Ermənistan illərdir dünyaya münaqişə ilə bağlı yalan informasiya yayırdı, həqiqətləri özünün yalan təbliğatının arxasında gizlətməyə çalışırdı. Tarixi ədaləti bərpa edən Azərbaycan Ordusu münaqişənin hərb yolu ilə həlli variantının mümkünlüyünü nümayiş etdirdi. Mayasında yalan, hiylə və xəyanət olan ermənilər törətdikləri müharibə cinayətlərini, vəhşilikləri ört-basdır etmək üçün total yalan və feyklərdən istifadə edirlər. Bu günə qədər ermənipərəst siyasəti ilə diqqətdə olan, Azərbaycanın əleyhinə təbliğat aparan bir qrup beynəlxalq hüquq müdafiə təşkilatlarının bu gün ölkəmizin, ordumuzun ədaləti bərpa etməsinə öz dəstəyini göstərərək Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq tərəfindən qadağan edilmiş silahlardan istifadə etdiklərini təsdiqləməsi də diplomatik uğurlarımızın tərkib hissəsidir. 30 ilə yaxın müddətdə dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların bəyanatlardan konkret əməli işə keçəcəyinə inam nümayiş etdirən Azərbaycan dövləti, xalqı səbrinin tükənməz olmadığını göstərərək Dağlıq Qarabağ probleminin ədalət, milli qürur məsələsi olduğunu döyüş meydanında bir daha işğalçı Ermənistana və havadarlarına çatdırdı.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

Qələbə ölkənin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, сənab Prezident İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan üzərində parlaq qələbə qazanaraq işğal altındakı tarixi torpaqlarımızı azad etdi. Azərbaycan hazırda yeni bir dövrə qədəm qoyub, öz doğma torpaqlarından köçkün düşən insanların dayanıqlı məskunlaşmasının təmin edilməsi və bu ərazilərin ölkənin iqtisadi-sosial həyatına qoşulması üçün işlər həyata keçirilməkdədir. Məhz bu məqsədlə Böyük Qayıdışa uyğun proqramlar hazırlanır və icra olunur.
Yeni reallıqlar əsasında Azərbaycanın inkişafında yeni bir mərhələ başlanır. Qarabağ bölgəsi zəngin iqtisadi sərvətlərə, eyni zamanda, dünya əhəmiyyətli iqtisadi və strateji nəqliyyat imkanlarına malik bölgədir. Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin ediləcək, bu region ölkənin ən abad guşələrindən birinə çevriləcəkdir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olmaq üçün işlər aparılır. Bu isə daxili-xarici imkanlar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkün olacaqdır, ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyi bərpa ediləcək, bölgə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevriləcək, ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə malik olacaqdır. Nəticədə bu bölgədə yeni beynəlxalq və regional nəqliyyat dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcəkdir. Nəticədə Azərbaycanın regionda iqtisadi rolunun yüksəlib, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaranacaqdır.

Kərim Umudov – Çallı kənd sakini, ağsaqqal

Azərbaycan xalqının Qələbəsi dövlətimizin iqtisadi, siyasi gücünün artmasının,
eləcə də beynəlxalq mövqeyinin yüksəlməsinin məntiqi nəticəsidir

Birinci Qarabağ müharibəsinin yekunu olaraq Bişkek atəşkəs protokolundan sonra yaranmış hərbi, siyasi sabitlikdən istifadə edən Azərbaycan bir çox sahələrdə islahatlara başladı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət qurculuğu sahəsində böyük islahatlar aparılaraq Azərbaycanın düşdüyü çətin vəziyyətdən çıxarmış və qısa müddət ərzində bir çox sahələrdə böyük uğurlara imza atılmışdır.
Bu islahatlar 2003-cü ildən  cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha da uğurla davam etdirilərək Azərbaycanı regionun iqtisadi baxımdan ən güclü dövlətinə çevirmişdi.
Cənab prezident İlham Əliyevin həyata keçirdiyi düzgün iqtisadi siyasət nəticəsində Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tibilisi-Qars dəmir yolu TAP, TANAP kimi iqtisadi strateji böyük layihələr Azərbaycanın siyasi və iqtisadi gücünü artırmış, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli söz sahibinə çevirmişdir. Azərbaycanın beynəlxalaq aləmdə artan gücünün səbəbi idi ki, İkinci Qarabağ müharibəsində bir çox dövlətlər haqlı mübarizəmizdə Azərbaycanın yanında olmuş və onu dəstəkləmişdilər.
İkinci Qarabağ müharibəsi Azərbaycanın siyasi, iqtisadi və beynəlxalq gücünü daha da artırmış və regionun təhlükəsizliyində əhəmiyyətli dövlətə çevirmişdi. Azərbaycan qısa müddət ərzində dünya hərb tarixində ən müasir silahlardan və ən yeni hərbi fəndən istifadə edərək öz  ərazi bütövlüyünü təmin etməklə dünyada beynəlxalq nüfuzunu daha da artırmışdır. Bütün bu uğurların səbəbi Ali Baş Komandan cənab İlham Əliyevin zamanında atılmış uzaqgörən və düzgün siyasətinin nəticəsidir.

Abuzər Xəlilov – Aşağı Seyidlər kənd sakini, ağqsaqqal

Mülki əhaliyə qarşı törədilmiş cinayətlər erməni siyasətinin xislətindən xəbər verir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ADA universitetində keçirilən Beynəlxalq konfransdakı çıxışını dinlədim. Ölkə rəhbərinin konfrans iştirakçılarına və dünya ictimaiyyətinə rəsmi İrəvanın necə bir işğalçı dövlət olması barəsində verdiyi tarixi məlumatlar məni çox heyrətləndirdi.
Cənab Prezident çıxışında bildirdi ki, Ermənistan heç vaxt istəməyib ki, Qarabağ münaqişəsi həll olunsun. Onlar orada milyonlarla dollar vəsait xərcləyərək nəhəng istehkamlar qurublar ki, Azərbaycanın əzəli torpaqlarını geri verməsinlar. Rəsmi İrəvanın Qarabağda necə bir hərbi cinayətlər törətməsi danılmaz faktdır. Əvvəllər informasiya mühiti qənaətbəxş olmadığı üçün onların törətdiyi vəhşiliklər barədə beynəlxalq ictimaiyyətə məlumatlar düzgün çatdırılmamışdır. Ali Baş Komandan cənab İlham Əliyev prezident seçildiyi ilk gündən bu günədək xüsusilə Qarabağ münaqişəsi zamanı beynəlxalq ictimaiyyətə bir daha erməni barbarlarının necə Azərbaycanda vəhşiliklər törətdikləri barədə dəqiq və keçərli məlumatları 4 dildə jurnalistlərin suallarını yorulmadan cavablandıraraq, konfransda isə beynəlxalq ictimaiyyət nümayəndələrinə Azərbaycanda törədilmiş mülkü əhaliyə qarşı törədilmiş erməni cinayətləri barəsində ətraflı məlumat verərək ermənilərin necə bir cinayətkar və təcavüzkar vandallar olduğunu dünyaya bəyan etdi. Gəncə şəhərinə ballistik raketlərin, Tərtər şəhərinə 16 min bombanın atılması, Bərdənin bombalanması, Naftalana atılan bombanın 5 nəfərlik ailəni qətlə yetirilməsi, mülkü əhaliyə qarşı törədilmiş digər cinayətlər erməni barbarlığının, erməni siyasətinin təcavüzkar xislətindən xəbər verir. Biz azərbaycanlılar dövlətimizə, tariximizə qarşı ermənilər tərəfindən törədilmiş bu cinayətkar, təcavüzkar hadisələrin yaddan çıxartmamalı və unutmamalıyıq.

Qafur Məmmədov – Şəftəhal kənd sakini, ağsaqqal

Azərbaycan müharibə dövründə də məsuliyyətli ölkə kimi davranıb

Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika, rəşadətli ordumuzun qüdrəti nəticəsində düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri darmadağın edildi.
Düşmən hərbi resurslarını, canlı qüvvələrini, mövqelərini qoyub qaçdı. Ermənistan silahlı qüvvələrinin qoyub qaçdığı qiymətli atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatların qənimət kimi götürülməsi buna əyani sübutdur. Ötən il dekabrın 10-da keçirilən Zəfər paradının ən yaddaqalan məqamlarından və rəmzi kompozisiyalardan biri rəşadətli ordumuzun işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü avtomobillərin nömrə nişanından hazırlanan lövhə idi.
Biz haqq işi uğrunda, ərazimizin beynəlxalq səviyyədə tanındığı ərazi bütövlüyü uğrunda mübarizə aparmışıq. Dövlət başçımızın düzgün müəyyənləşdirdiyi siyasi strategiya sayəsində buna nail olduq. Ümumiyyətlə Azərbaycan müharibə dövründə məsuliyyətli ölkə kimi davranıb. Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi aparırdı. Müharibə zamanı hərbi qulluqçularımız ləyaqətlə davranıb və mülki vətəndaşlara zərər yetirmədi. Ancaq Müharibə zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi olub. Müharibənin bütün bu acı həqiqətlərinə baxmayaraq Prezident cənab İlham Əliyevin ADA Universitetində keçirilən konfransda qeyd etdiyi kimi ölkəmiz həmişə konstruktiv mövqedə olubdur.

İsrəfil Həmidov – təqaüdçü

Gənc nəsil tarixi həqiqətləri bilməlidir

Bildiyimiz kimi 13 aprel 2021-ci il tarixində Prezident İlham Əliyev ADA universitetində “Cənubi Qafqaza yeni baxış-münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxış etmişdir. Ali Baş Komandanın çıxışını dinləyərkən insan çox böyük qürur hissi keçirir. Burada iştirak edən istər yerli, istərsə də xarici rəsmi nümayəndələrin hər birinə Azərbaycanın tarixi, rəsmi İrəvanın işğalçı siyasəti barədə hərtərəfli dəqiq məlumatlar verildi. Çıxışdan göründüyü kimi konfrans iştirakçılarına bildirildi ki, Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərdə nəinki istehkamlar, müdafiə xətləri tikməklə Azərbaycan torpaqlarını həmişə işğalda saxlamaq istəmişlər. Ermənistan birinci Qarabağ müharibəsində olduğu kimi ikinci Qarabağ müharibəsində də müharibə cinayətləri törətməkdən çəkinməmişdir. Çox təəssüflər olsun ki, informasiya mühiti fərqli olduğundan törətdikləri vəhşiliklər və barbarlıqlarla bağlı faktlar sənədləşdirilməmiş, beynəlxalq aləmə çatdırılmamışdır, bir sözlə ört-basdır edilmişdir. Həmişə olduğu kimi, ikinci Qarabağ müharibəsi zamanı da Ali Baş Komandan cənab İlham Əliyev Ermənistanın Azərbaycanlılara qarşı apardığı mənfur təcavüzkarlığını davamlı olaraq xarici media nümayəndələrini qəbul edərək onların suallarını tutarlı cavablandıraraq beynəlxalq aləmə çatdırdı.

Cavid Məmmədov – fəal gənc

Azərbaycan minilliklər boyu müxtəlif xalqların azad, sərbəst və
heç bir maneə ilə rastlaşmadan yaşadığı bir məmləkətdir

Ölkəmizdə formalaşan tolerantlıq mühitinin nəticəsidir ki, burada yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və firavan hiss edir. Xalqımız qonaqpərvər, sülhsevər və humanist olduğu üçün respublikamızda yaşayan digər xalqların nümayəndələri özlərini hərtərəfli ifadə edə bilirlər. Azsaylı xalqların hüquqları hər zaman qorunub və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün şərait yaradılıb. Ümummilli Lider Heydər Əliyev həmişə öz çıxışlarında Azərbaycanın çoxmillətli ölkə olmasını, etnik rəngarəngliyini və tolerantlığa böyük əhəmiyyət verməsini xalqımızın böyük sərvəti hesab etmişdir: “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür… Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”. Vətən müharibəsində ölkəmizdəki bütün xalqların həmrəyliyi Heydər Əliyevin azərbaycançılıq ideologiyasının qələbəsidir. 44 gün davam edən Vətən müharibəsində ölkəmizdə yaşayan və Azərbaycan vətəndaşı olan bütün xalqların yaxından iştirak etdiyi, qələbəyə öz töhfəsini verdiyi hər kəsə məlumdur.  Bu Vətən müharibəsində sadəcə azərbaycanlıların deyil, Azərbaycan vətəndaşı olan digər xalqların nümayəndələrinin də erməni faşizminə qarşı mübarizədə yaxından iştirak etdiyi, düşmən üzərində qələbəyə ciddi töhfə verdiyi hər kəsə məlumdur. Müharibənin ilk günündən etibarən dövlətimizin həyata keçirdiyi qismən səfərbərlik çağırışına səs verən, könüllü şəkildə ordu sıralarına qatılaraq cəbhədə düşmənə qan udduran bütün vətəndaşlarımız vahid amal üçün – işğaldakı torpaqlarımızı azad etmək uğrunda qəhrəmancasına mübarizə aparıb. Bu faktın özü göstərir ki, ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri Azərbaycanı öz ana vətənləri hesab edir və bu vətənin keşiyində durmağı, onu düşməndən müdafiə etməyi özlərinə şərəf bilirlər. Cənab prezident öz çıxışlarında dəfələrlə qeyd edib ki, düşmən üzərində zəfərimizi təmin edən başlıca amil bizim həmrəyliyimiz olub. Bu həmrəyliyi təmin edən əsas amillərdən biri və birincisi isə azərbaycançılıq ideologiyasıdır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ideologiya ölkəmizdə yaşayan bütün xalqların birliyini, həmrəyliyini, qardaşlığını nəzərdə tutur. Bu ideologiyanın mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs hansı xalqa mənsub olmasından asılı olmayaraq, vətəni Azərbaycanı sevməli, onun maraq və mənafeyini qorumalıdır.

Gündüz Səfərəliyev – Gəlmə kənd sakini

Tariximizi gənclərimizə daha aydın çatdırmalıyıq

Günümüzdə baş verənləri tarixi faktlarla, real həqiqətlərə əsaslanaraq təbliğ etmək, onu ictimaiyyətə və gələcək nəsillərə olduğu kimi çatdırmaq hər birimizin borcudur. Ulu öndər Heydər Əliyev hər zaman deyərdi: “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır, tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz.”
Tarix boyu erməni təcavüzkarlarının xalqımızın başına gətirdikləri müsibətlərə, törətdikləri soyqırımlara dünya ictimaiyyətinin göz yumması nəticəsində düşmən daha da azğınlaşmış, ərazi iddiaları ilə tarixi torpağımız olan Dağlıq Qarabağı 30 il işğal altında saxlamışlar. Tarixi mədəni irsimizə ciddi ziyan vurmuş, 1 milyondan artıq soydaşımızı öz yurd-yuvalarından didərgin salmış, Xocalı, Ağdaban, Daşaltı kimi faciələr törətməklə xalqımızın sinəsində sağalmaz yaralar açmışlar. Lakin qəhrəman, dönməz, mətin xalqımız tarix boyu olduğu kimi bu dəfə də öz milli mübariz ruhunu heç zaman itirməyərək düşməndən qisasını almağı bacardı. Qətiyyətli, dönməz rəhbər, Ali Baş Komandan İlham Əliyevin barışmaz mövqeyi, Şanlı Ordumuzun rəşadəti nəticəsində 44 günlük Vətən müharibəsi böyük qələbəmizlə yekunlaşdı. Tarixi ədalət bərpa edildi. Torpaqlarımız düşmən tapdağından azad olundu. Xalqımız, millətimiz bu zəfərin sevincini, qürurunu yaşayır və bütün dünyaya öz mübarizliyini, milli birliyini bir daha nümayiş etdirir. Bu şanlı tariximizi, böyük qələbəmizi bütün reallıqları ilə gələcək nəsillərə ötürmək, Vətən müharibəsində nümayiş etdirdiyimiz birliyimizin rəmzi olan dəmir yumruğumuzu daha da möhkəmləndirmək məqsədi ilə tariximizi gənclərimizə daha aydın çatdırmalıyıq. Bütün bu həqiqətləri gənc nəsil bilməlidir.

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini
XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir