Cəmiyyət

Öz evinə yadları qeydiyyata salanlar: “Biz Bakıya gəlişi qadağan etməməliyik” – FOTO

Sharing is caring!

Sosial şəbəkələrdə evlərə qeydiyyata düşməklə bağlı elanlara tez-tez rast gəlinir. Ev sahibi pul müqabilində tanımadığı şəxsi öz evinə qeydiyyata saldırmağı təklif edir. Bəziləri bunun çox normal bir hal olduğunu, yəni pula görə etmədiklərini söyləyirlər.

Bəs görəsən, bu məsələ qanunla hansı şəkildə tənzimlənir? Hər iki tərəf üçün təhlükə yarada biləcək məqamlar varmı?

Mövzu ilə bağlı Xeberal.az-a açıqlama verən əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, qanunvericilikdə hər hansı bir məhdudiyyət yoxdur:

“Azərbaycan qanunvericiliyinə görə, faktiki olaraq istər bir, istərsə də on nəfərin qeydiyyatda olmasının elə də əhəmiyyəti yoxdur. Hər hansı bir məhdudiyyət qoyulmayıb. Çünki əvvəllər qeydiyyatda olan şəxsin mənzil alqı-satqısında müəyyən rolu var idisə, indi artıq o da aradan qaldırılıb. Qeydiyyata salınmış şəxsin qeydiyyatdan çıxması könüllü şəkildə baş vermir. Bu da artıq qanunvericiliklə tənzimlənir. Məhkəmə qaydasında mülkiyyətçi məhkəməyə müraciət edib, həmin şəxsi qeydiyyatdan çıxara bilir”.

R.Osmanlı qeyd edib ki, şəxslərin maddi vəziyyəti normal olmadığından bu yollara əl atırlar:

“Bu, qanunvericilikdə hansısa formada tənzimlənməlidir. Proses hər iki tərəfin razılığı ilə baş verirsə, heç bir təhlükəsi yoxdur. Vəziyyət üçüncü şəxs qarşısında hər hansı öhdəlik yaratmadığına görə bu mənada da problemli məsələ ortaya çıxmır.

Evin satılmasında qeydiyyata sonradan salınan şəxs iştirak edə bilmir. Alqı-satqıda sənədləşdirmə məsələsinə gəldikdə isə qeydiyyata alınan şəxs məsul hesab olunmur. Hər şey elektron sistem üzərindən həyata keçirilir. Mülkiyyətçinin iştirakına ehtiyac yoxdur”.

Hüquqşünas Şəmsəddin Əliyev əlavə edib ki, məsələnin kökü insanların bölgələrdən Bakıya  axın etmələridir:

“Əksəriyyət bölgələrdən şəhərə axın edir. Heç birinin də Bakıda qeydiyyatı yoxdur. Əvvəllər insanlar öz doğmalarını, qohumlarını qeydiyyata salırdılar. Tutaq ki, mən Bakıda yaşayıramsa, öz anamı, bacımı qeydiyyata sala bilərdim. Doğma, qohum olmayan adamın qeydiyyatı mümkün deyildi”.

Ş.Əliyev elanların zəncirvari şəkildə formalaşdığını söyləyib:

“Bu elanlar zəncirvari şəkildə formalaşır, yəni adamlar biri digərinin xahişini yerinə yetirirlər. Hüquqi baxımdan şəxs istədiyi adamı qeydiyyata sala bilər. Lakin məntiqlə bu, düzgün deyil. Bir insan yad adamı necə öz evinə qeydiyyata sala bilər?! Qeydiyyata alanda müəyyən şərtlər olur. Bəlkə də, ona görə arxayın olurlar.

Bəziləri nə olur-olsun şəhərə gəlmək istəyirlər. Sovet dövründə belə xaos yox idi. Biz Bakıya gəlişi qadağan etməməliyik. Lakin qeydiyyatsız yaşamaq qadağan olunmalıdır. Bakıda o zaman sıxlıq da olmayacaq”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir