Bölgə

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq
Cəlilovun Novruz bayramı münasibətilə təbriki

Sharing is caring!

Əziz cəlilabadlılar!
Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram.
Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.
Əsrlərin sınağından çıxmış Novruz bayramının artıq dövlət səviyyəsində keçirilməsi məhz istiqlal yolunda qazandığımız nailiyyətlərdəndir.
Vətənimizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması naminə canlarından keçmiş Azərbaycan övladlarının xatirəsi bu əziz günlərdə bir daha ehtiramla yad olunur.
Xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin hərb tarixində görünməmiş qəhrəmanlığı sayəsində öz ülvi arzusuna qovuşdu. 30 ilə yaxın dövrdə Novruz bayramı təbriklərinin əsas mahiyyətini təşkil edən “Növbəti bayramı işğaldan azad edilmiş torpaqlarımızda qeyd edək, tonqallar qalayaq” kimi arzularımız nəhayət reallığa çevrildi, bu günlər qalib ölkənin qalib vətəndaşı kimi milli bayramımız olan Novruzu, baharın gəlişini xoş ovqatla, sevinc hissi ilə qeyd edirik.
Məhz əziz bayram ərəfəsində bu xoşbəxt anları bizə yaşatdıqlarına, vaxtilə itirilmiş milli qürurumuzu özümüzə qaytardıqlarına görə harada yaşamasından, siyasi baxışlarından, əqidəsindən asılı olmayaraq hər bir azərbaycanlı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna və dəmir yumruq kimi birləşən xalqımıza sonsuz minnətdardır. Ümidvaram ki, Azərbaycanın müstəqil ölkə olaraq sosial və iqtisadi sahələrdə qazandığı zəfərlər şəhidlərimizin ruhunu şad edəcəkdir.
Əziz cəlilabadlılar! İnsanlar arasında səmimiyyət və saflıq duyğularını gücləndirən bu bayram günlərində hər evə, hər ailəyə, hər bir Azərbaycan vətəndaşına xoş ovqat və sevinc arzu edirəm. Qoy bu əziz bayram süfrənizi ruzu, qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gerçək olsun!
Novruz bayramınız mübarək olsun!

Hörmətlə, Rafiq Cəlilov

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir