Ana Səhfə

ORDUN VARSA, YURDUN VAR!

Sharing is caring!

Əsrlər boyu hər bir ordunun qarşısında duran əsas vəzifə onun mənsub olduğu dövlətin ərazi bütövlüyünü təmin etmək, xarici təcavüzlərdən təhlükəsizliyini qorumaqdan ibarət olmuş və güclü ordu dövlətin hərbi gücünün rəmzi olmuşdur. Ölkəmizdə Ordu quruculuğunun ən yüksək səviyyədə olmasını isə ordumuz əyani şəkildə hərb meydanında həm təcavüzkar Ermənistana, eləcə də bütün dünyaya nümayiş etdirmişdir.

   Son 18 ildən artıq bir dövrdə Ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu üçün, qısa müddət ərzində hərb meydanında əldə olunan möhtəşəm uğurların, döyüş bölgəsindəki tarixi qələbələrin qazanılmasında möhkəm zəmin yaratmışdır.

   Belə ki, həyata keçirilən digər mühüm tədbirlərlə yanaşı, ölkəmizdə müasir hərbi-sənaye kompleksinin formalaşdırılması üçün Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələri Azərbaycan Ordusunu zəruri silah və sursatla təmin etmiş, Nazirliyin mütəxəssisləri hərbçilərlə birlikdə real döyüş şəraitində yeni tipli silah və döyüş sursatlarının sınaqlarını keçirmişlər.

  Ordu müasir silah-sursat və hərbi texnika ilə təchiz olunmaqla yanaşı onun şəxsi heyəti də peşəkar kadrlarla komplektləşdirilmiş, hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı yüksəldilmiş, nəticədə zamanın tələblərinə cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşmışdır. Azərbaycan Ordusunun zabit-gizir heyətinin peşəkarlığının güclənməsində qardaş Türkiyənin də hərb sahəsindəki təhsilinin və təcrübəsinin böyük rolu olmuşdur.

  Vətəni müdafiə etmək kimi şərəfli peşəyə həyatlarını həsr etmiş şəxslərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasından danışarkən hərbçilərimizin xidmət və yaşayış şəraitinin yaxşılaşdırılması, yüksək tələblərə cavab verən əsgər yataqxanalarının istifadəyə verilməsi, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsini xüsusi qeyd etmək lazımdır. Bu qayğı hərbi qulluqçuların sosial məsələlərinin, mənzil-məişət problemlərinin həlli, o cümlədən 20 il və daha çox müddətində Silahlı Qüvvələrimizdə qüsursuz xidmət etmiş 1500-dən artıq hərbçiyə mənzillərin verilməsində öz əksini tapmışdır.

  Bütün bunlara görədir ki, I Qarabağ müharibəsindən fərqli olaraq II Qarabağ müharibəsinin başlanğıcında Azərbaycan Respublikasının müasir və güclü Ordusu mövcud olmuşdur. Dünya ölkələrinin orduları ilə bağlı “Global Firepower” hərbi-analitik təşkilatının hazırladığı 2020-ci il hesabatında Azərbaycan Ordusu ötən illərdə olduğu kimi, Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlamışdır. 2019-cu ildə Azərbaycanın hərbi büdcəsi 1,85 milyard dollar olmaqla Ermənistanın analoji büdcəsini təxminən 3 dəfə (650 milyon dollar) üstələmiş, dünyanın ən güclü orduları sırasında Azərbaycan 52-ci, Ermənistan isə 96-cı mövqedə olmuşdur.

   Fıxr edirik ki, XXI əsrə aid yeni döyüş üslubu və taktikası nümayiş etdirən Milli Ordumuz Vətən müharibəsində müasir dövrün döyüş ənənəsini formalaşdırmış, ordumuzun ayrı-ayrı hərbi əməliyyatları hərbi taktika və strategiya baxımından hərbi tədris predmetlərinə çevrilmişdir.

Ərəstun Vəliyev, Cəlilabad rayon sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir