AKTUAL

Ədliyyə Nazirliyinin 30-dan çox e-xidmətindən istifadənin sayı 1.7 milyona çatıb

2019-cu ildə Ədliyyə Nazirliyinin 30-dan çox e-xidmətindən istifadənin sayı 1.7 milyona çatıb.

APA-nın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, Azərbaycan adları, fərdi identifikasiya nömrəsi, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məlumatların verilməsi barədə e-xidmətlərinə daha çox müraciət olunub.

Kollegiya iclasında vətəndaşlar üçün daha aktual və tələbli olan yeni növ xidmətlərin tətbiqi müzakirə olunaraq, icra işləri, bələdiyyə və ekspertiza fəaliyyəti ilə bağlı daha 4 növ e-xidmətin istifadəyə verilməsi qərara alınıb.

İclasda həmçinin, qarşıda duran vəzifələr müzakirə edilib, ədliyyə işçiləri tərəfindən etik davranış qaydalarına dönmədən əməl olunması, yol verilən xarakterik nöqsanların səbəb və şəraitinin aradan qaldırılması, vətəndaşlara layiqli xidmətlər göstərməklə məmnunluğun təmin edilməsi ilə bağlı tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə fəaliyyətinin istiqamətləri üzrə əsas prioritetlər, o cümlədən ədliyyənin inkişafına dair 2019-2023-cü illər üzrə Dövlət Proqramının icrası, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, o cümlədən “Elektron icra” informasiya sisteminin tam tətbiqi, penitensiar və istintaq sahəsində fəaliyyətin təkmilləşdirilməsi, beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi ilə bağlı və digər konkret tədbirlər müəyyən edilib.

Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ akt layihələrinə baxılıb, təcrübədən irəli gələn struktur dəyişiklikləri ilə bağlı qərar qəbul olunub, vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan 20-dək qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir