Təhsil

Sumqayıt Dövlət Universitetində qəbul üçün açıq bazar və şıdırğı pul yığımı

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, 5 mart 2014-cü il tarixində ölkə başçısının sərəncamı ilə Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edildi. Lakin gözlənilənlərin əksinə olaraq, aradan çox az bir müddət keçdikdən sonra Elxan Hüseynov SDU-da keçirilən “islahatlar”da universitetin professor-müəllim heyətinə güclü zərbə endirməklə diqqəti cəlb etdi. Rektor təyin olunandan dərhal sonra Elxan Hüseynov da dost,tanış və qohumlardan ibarət öz komandasını formalaşdırmağa başladı ki, bu da universitetin bir çox müəllimlərinə öz iş yerlərini itirməklə başa gəldi. Halbuki onların arasında uzun illər boyu öz vəzifələrini namus və vicdanla yerinə yetirmiş peşəkarlar əksəriyyət təşkil edirdi. Ən təəssüf doğurucu hal isə bundan ibarətdir ki, Elxan Hüseynov nəinki özündən əvvəlki rektorun dövründən yığılıb qalmış problemlərin həlli istiqamətində addımlar atdı, əksinə SDU tələbələrinin dili ilə desək “köhnə bazara yeni qiymətlər” də daxil etdi. 

SDU tələbəsinin intiharından sonra mətbuata müraciət edən bir qrup tələbə universitet rəhbərliyinə ən müxtəlif formalarda etiraz edəcəklərini bildirmişdilər. Qeyd etmişdilər ki, SDU rəhbərliyinin təhsil ocağında yaratdığı rüşvət ab-havası, onlardan qeyri-qanuni haqq tələb olunması, dekanların yaşatdığı stress, psixoloji gərginlik onları hiddətləndirib. Onlar qeyd ediblər ki, təhsilin səviyyəsi çox aşağı olmasına baxmayaraq, imtahanlar çox ağır aparılır. Qəsdən imtahanlara elə suallar salınır ki, tələbələrin əksəriyyəti kəsilir: “Kəsilən tələbələr” həm növbəti imtahanlara buraxılmaq üçün yaradlmış yay məktəbində hazırlığa rəsmi şəkildə 250 manatı universitetin hesabına ödəməli olur, həm də imtahanın rüşvətini verməyə məcbur qalır.Tələbələrin sözlərinə görə, SDU rəhbərliyi isə I kurs tələbəsinin intiharından nəticə çıxarmayıb: “Hazırda bütün fakültələrdə qəbullar üzrə xərac yığılması davam etdirilir. Hətta bu ürəkparçalayan faciə də rektorun rüşvət yığımına müvəqqəti son qoyulması üçün səbəb olmayıb”.

Xəbəral.az-ın məlumatına görə, Elxan müəllim rektor təyin olunandan sonra burda öz komandasını formalaşdırmağa başladı və buna nail oldu. Rektor öz adamlarını ətrafına ona görə yığdı ki, bəzi işləri asanlıqla həyata keçirə bilsin. Ona yaxın olan şəxslərin sırasında iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Aynurə Yəhyayevanı göstərmək olar. Bu xanım əvvəllər Bakı Dövlət Universitetində işləyib. Məhz Elxan Hüseynovun vasitəsilə dekan vəzifəsinə kimi yüksəlməyi bacarıb. Sözügedən fakültədə təhsil alan tələbələr dekanın qanuna sığmayan işlərindən beziblər, boğaza yığılıblar».  

“İlk vaxtlarda təcrübə üçün yığılan pullar könüllü həyata keçirilirdi, yəni kim istəyirdisə pulu verir və təcrübəyə getməklərinə ehtiyac olmurdu. Hazırda isə Riyaziyyat fakültəsində tələbələrdən  pulların yığılması məcburi şəkil alıb və həmin məbləği verməyənlər universitetdən xaric olunacaqları ilə hədələnirlər. Hətta bəzi fakültələrdə diplom işi üçün tələbələrdən 1000 AZN rüşvət tələb olunur.”

“Universitetdə imtahanın hər biri 60, təcrübə isə 200 manatdır. Ən dəhşətlisi isə, dövlət imtahanının suallarının hər biri 1 AZN, ümumilikdə isə 700 AZN təşkil edir. Qrupda 25 nəfər tələbə varsa, onlardan böyük əksəriyyəti qərəzli olaraq imtahanlardan kəsilir, az bir hissəsi isə öz savadlarına görə keçirlər. Digər bir məsələ isə dərsə getməsən belə pulunu verib, gəlmədiyin günləri sildirə bilərsən. Pullar isə tələbələrdən qrupda olan qrup nümayəndələri tərəfindən yığılır və yekun olaraq dekana çatdırılır. 

Nəzərinizə çatdıraq ki, yazı da sosial şəbəkələrdən istifadə olunub.

Mövzuya qayıdacağıq…

Xəbəral.az qarşı tərəfin mövqe haqqını tanıyır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir