Tədbirlər

Polşa kukla sənəti nümunələri fotosərgidə

Sharing is caring!

Xəbər verdiyimiz kimi, martın 13-də Azərbaycan Dövlət Kukla Teatrında Polşa Respublikasının Bakıdakı Səfirliyinin teatrla birgə layihəsi olan “Polşanın kukla teatr sənəti” foto sərginin açılışı oldu.
Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutan bu tədbirin təşkilində məqsəd iki ölkənin kukla teatrı sənətçilərini qiyabi də olsa tanış etmək, birgə yaradıcılıq əlaqələrinin yaranmasına zəmin yaratmaqdır.
Polşalı teatr təmsilçilərinin yaradıcılığına foto-səyahət olan sərginin açılışında Meksika, Slovakiya və Çilinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri, diplomatik korpuslarının təmsilçiləri də iştirak edirdilər.
Sərginin açılışında çıxış edən Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafal Poborskin hər iki ölkə arasındakı mədəni əlaqələrdən, teatr sənəti üzrə əməkdaşlıqdan söz açdı.
Sərginin təşkilinə görə tərəfdaş qurumlara təşəkkür edən səfir belə tədbirlərin xalqlarımız arasında mədəniyyət, teatr, sənət sahəsində əməkdaşlığa töhfələr verəcəyini dedi.
Polşada kukla sənətinin qədim tarixə malik olduğunu deyən diplomat dövlət və müstəqil olmaqla çoxsaylı kukla teatrı kollektivlərinin fəaliyyət göstərdiyini, onların hər birinin janr və üslub keyfiyyətləri baxımından fərqli sənət ənənələrini yaşatdıqlarını dedi.
Polşada təşkil olunan teatr tədbirləri, festival və müsabiqələri sırasında kuklaçıların aktivlik təşkil etdiyini də əlavə edən səfir gələcəkdə bu kimi qarşılıqlı sərgi, ümumilikdə teatr sahəsində əməkdaşlığı arzu etdiklərini dedi.
Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov sərgi iştirakçılarını təbrik edərək, bu tədbiri dost Polşa Respublikasının teatr, kukla sənəti ilə tanışlıq üçün əla fürsət kimi dəyərləndirdi.
Mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın vacibliyini, teatrın yaradıcılığın ən universal və təsirli növü kimi birləşdirici gücə malik olduğunu qeyd etdi.
Xatırladaq ki, 5 gün davam edəcək sərgidə peşəkar fotoqraf Aydın Sadıxovun Polaşanın ayrı-ayrı kukla teatrlarında çəkdiyi 20-dən artıq fotoşəkil sərgilənir.
Polşada kukla sənətinin tarixi və inkişafı ilə tanış olmaq üçün unikal imkan yolan bu sərgi fotoqrafın Polşanın məşhur kukla teatrlarına – Varşavadakı “Baj” və Krakovdakı “Groteska” teatrlarına səfərlərinin nəticəsidir. Şəkillərdə göstərilən kuklaların hamısı yüksək bədii dəyərə malik əl işləridir.
Xatırladaq ki, Polşa uzun və maraqlı kukla teatrı tarixinə malikdir. Burada ilk kukla tamaşalarının nümayiş tarixi XV əsrə gedib çıxır. Belə ki, həmin vaxtlar kukla ifaçıları küçələrdə və şəhər meydanlarında tamaşalar göstərərək bütün ölkəni gəzirdilər.
Hazırda Polşanın demək olar ki, hər şəhərinin öz kukla teatrı var. Onların ən məşhurları Varşavada, Krakovda, Lodzda, Şetsində, Olştnda, Torunda, Belostokda, Vrotslavda, Opoledə, Slupskda, Lomzada və Lublində yerləşir. Özü də bu teatrların əksəriyyəti uşaq, kukla tamaşaları ilə kifayətlənmir, böyüklər üçün də çoxsaylı kukla tamaşaları hazırlayırlar.


Teatrın mətbuat xidməti

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir