Tədbirlər

Kuklaların evində bayram sevinci

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sənət bayramını – 90 illik yubileyini tamaşaçıları üçün də yaddaqalan etməyə çalışır.
Yaradıcı heyət dekabrın 26-da reallaşan təntənəli yubiley axşamının ardınca vacib sosial aksiya ilə bunu bir daha nümayiş etdirdi.
Belə ki, dekabrın 27-də Yeni il və məktəblilərin qış tətili günləri üçün hazırladıqları “Qış nağılı” tamaşasının premyerasını İkinci Qarabağ Müharibəsi şəhidlərinin övladları üçün nümayiş etdirdilər.
Vətən müharibəsi qəhrəmanlarının yadigarlarını bir araya gətirən “Mənim atam qəhrəmandır” layihəsində təmsil olunan bir qrup uşaq və yeniyetmə teatrdan, səhnə sənətindən zövq almaqla əsl bayram ovqatı yaşadılar.
Tamaşadan öncə teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının istedadlı yetirmələrinin ifasında rəngarəng konsert proqramı təqdim olundu.
Ardınca öz uşaq dünyalarının məsumiyyəti sehrinə qayıdan uşaqlar “Qış nağılı”na tamaşa elədilər, məşhur milli və dünya nağıl qəhrəmanlarının bir səhnə işində maraqlı oyununu izlədilər.
Səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev olan musiqi tərtibatlı kukla tamaşası balacalara xoş anlar yaşatdı.
Sonra Şaxta baba uşaqları hədiyyələri ilə sevindirdi.
Kövrək anların yaşandığı tədbirdə bir də qonaqlar səhnəyə qalxdılar, bir yumruq kimi birləşərək birliyimizin rəmzinə çevrilən “Zəfər marşı” himnlərini, dastana dönən “Xudayar təsnifi”ni ifa etdilər.
Beləcə Vətəni bütöv və azad görmək üçün canlarını fəda edən müqəddəs şəhidlərimizin yadigarları ilə bir araya gələn qocaman və fədakar kuklaçılar həm özlərinə, həm də onlara unudulmaz gün bəxş etdilər.
Yubiley həftəsinin ikinci günüdə – dekabrın 28-də də teatrda qələbəlik var idi.
Budəfəki qonaqlar Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) üzvləri oldular.
Sosial aksiyanın davamı olaraq Autizm və Daun sindromlu uşaq və yeniyetmələrə, sağlamlıq imkanları məhdud balacalara teatrın təqdim etdiyi bayram sovqatları təqdim olundu.
Bədii proqramın davamı kimi “Oyuq”çuların maraqlı, ritmik mahnılarla zəngin konsert proqramını da izlədilər. Sonra “Qış nağılı”nın sehrində nağıllar aləminə düşdülər.
Sağlamlıq imkanları məhdud insanların teatr, səhnə vasitəsilə cəmiyyətə inteqrasiyası məqsədilə reallaşan tədbir uşaqlar və valideynlər tərəfindən rəğbətlə qarşılandı.
Teatrın estetik zövq məkanı, istirahət, əyləncə yeri olmaqla yanaşı həm də maarifçilik, mübadilə, humanizm ideayalarının tərənnümçüsü missiyasını da xatırladan hər iki tədbir sənət ocağının sosial-mədəni aksiyalarının davamıdır və bu qəbildən olan layihələr növbəti ildə də davam edəcək.

Teatrın mətbuat xidməti

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir