Şou-Biznes

“17 yaşımdan bəri işləyirəm” – Elnarə Xəlilova Lent.az-a nələr danışdı?

Sharing is caring!

Lent.az müğənni Elnarə Xəlilova ilə müsahibəni təqdim edir.

–    “Ay qız, oyan”, “Qəm otağı”, “Məhəbbət payım” və başqa yaddaqalan mahnılarını ifa edən şıltaq, gənc Elnarə üçün darıxırsınızmı?
–    Əlbəttə, çox darıxıram. Söhbət tək mənim o dövrümdən getmir. Köhnə, keyfiyyətli mahnıların olduğu dövrlər üçün darıxıram. Nə var idisə, o vaxt var idi. İndi də var, ancaq çox da görmürəm. Bəlkə mən qocalıram? (gülür). Görürəm ki, öz tələbələrim də keçmiş dövrdə yazılan mahnılara üz tuturlar. Deməli qocalmamışam. O dövrün mahnıları, sözləri indiki dövrdə yazılanlar kimi səmimiyyətsiz deyildi. O mahnılarda hiss, emosiya, həyəcan var idi. Hər gün avtomobilimlə gedəndə radioda səslənən mahnılara qulaq asıb monitorinq aparıram. Dəhşətdir. Söz yığınıdır ancaq. Azərbaycanca oxuyurlar, amma nə oxuduğunu başa düşmürəm. “Sən getdin, mən gəldim, sən yıxdın, mən vuruldum, sən qaçdın” və s. Hissiyyat yox, emosiya sıfır. Belə mahnılar çox mənasız və boşdurlar. 

–    Sizcə, bu, nə ilə əlaqədardır?
–    Bütün dünyada bu, belədir. Yeni cərəyanlar yaranır və zəmanə ilə ayaqlaşmağa çalışırıq. Amma bütün bunlara rəğmən keyfiyyətli iş görmək lazımdır. Xarici dillərdə oxunan elə mahnılar var ki, məsələn, ispaniyalı müğənni Rosalia flamenko oxuyanda tüklərim biz-biz olur. Oxuyanda o qədər dərin hisslə oxuyur ki, sanki ağlayır. Biz onun oxuduğu dili başa düşmürük, ancaq hissini ifadə edəndə adama sanki deyir ki, halım pisdir, mən ölürəm və s.  Yaradıcı insanlar ifa etdiyi musiqilər vasitəsilə dinləyicilərlə söhbət edir. Buna diqqət etmək lazımdır. 

–    Bəs övladlarınızın müğənni və ya incəsənət adamı olmağını istəyərdiniz?
–    Uşaqlarımın musiqi duyumu var. Mənə deməyiblər ki, musiqiyə maraqları var. Ancaq istəyərəm ki, anaları kimi ali savad alsınlar. Bilirsiniz ki, iki ali təhsilim var. İstəyərəm ki, universitet bitirsinlər. Daha sonra musiqinin arxasınca istəsələr, gedərlər. Ondan onlara mane yox, dəstək olaram. 

–    Dünya şöhrətli müğənni Adelə sual verirlər ki, nəyə görə sənətinizə ara vermisiniz? O da cavabında deyir ki, çünki sevdiyim şəxsə çox aşiqəm, yaratmaq üçün gərək depressiyaya düşüm. Bəs Elnarə xanım, sizdə bu baş verir?
–    Mütləq. Hər bir yaradıcı insanın həyatında müəyyən eniş və yoxuşlar baş verir. Həyatımızda ağ-qara zolaqlar olur. Yaradıcı insanlar buna özünəməxsus reaksiya verir. Hisslərimizi sözlərə, notlara köçürürük. Musiqi yaradırıq. Yalnız kədərli anlarla bağlı musiqi yazmırıq. Yalnız qəlb qırılanda yaratmırıq. Təbii ki, xoşbəxt olanda da bizə ilham gəlir və yazırıq. Həmin mahnılar da digərlərindən çox fərqlənir. İçimizdə yaşamasaq, sanki sifarişlə musiqi yazmış oluruq. 

–    Adınızı çox nadir hallarda qalmaqalların içində görə bilirik. Hazırda konflikt yaşadığınız, küsülü olduğunuz həmkarınız var?
–    Yox, deməzdim. Nə hansısa həmkarımla konfliktim var, nə də kiminləsə küsülü qala bilirəm. Özümə və sənətimə qarşı saymazlıq, hörmətsizlik, mədəniyyətsizlik görəndə bir, iki, üç dəfə görməzdən gəlirəm. Yenə təkrarlansa, birdən partlayıram. Həmin adama zəng edirəm, deyirəm ki, filankəs, demədi demə. Axırıncı dəfə olsun, özünü yığışdır. Bax, belə. 

–    Elnarə xanım, kifayət qədər yaşınız var. Maraqlıdır, üzünüzdə hansısa estetik prosedur və ya plastik əməliyyat etdirmisinizmi?
–    Düzü, üzümdə estetik prosedurlar var. Üç aydan bir vaxtım olanda etdirirəm. On iki ildir eyni kosmetoloqun müştərisiyəm. Həm də rəfiqəmdir. Simam onun vizit-kartıdır. Botoks, 4D, 5D cavanlaşma, liftinqlər və s.  etdirirəm. Amma estetik əməliyyatı heç vaxt etdirməmişəm və sözün açığı ehtiyac da duymamışam. Allah necə təbii yaradıbsa, belə yaxşıdır. Etdirənləri də qınamıram. Çünki səhnə estetikanı sevir. Burun əyriliyini, dodağın nazikliyini və s. kompleks edirlərsə, estetik əməliyyat etdirmək normaldır. 

–    Fikir verirsiniz, xanımların çoxu o qədər əməliyyat etdirirlər ki, sanki hamı bir-birinə oxşayır. Eyni cür dodaq forması, saç düzümü, burun əməliyyatı və s. Sizə görə bu da normaldır?
–     Bunlar sadəcə dəhşətdir. Ən çox bilirsiniz nəyə əsəbiləşirəm? Hamısı eyni cürədir və ayırd edə bilmirəm. Hamı bir-birinə necə oxşaya bilər? Əkiz bacılar kimi. Adlar fərqli, ancaq üzlər eynidir. Düzdür, kiminsə şəxsi işinə qarışa bilmərəm. Amma görürəm, əlbəttə ki, biganə qala bilmirəm. Hələ sənətçi, aparıcıdırsa, xarici görünüşündə bir özəlliyi olmalıdır. Bu adamlar kütlədən seçilməlidir. Ümumiyyətlə isə heç nə sağlamlıqdan önəmli deyil. 

–    Sizin üçün ən dəyərli yatırım nədir? 
–    Hesab edirəm ki, ən böyük yatırımım övladlarımdır. Onlar mənim davamçılarım və gələcəyimdir. Tələbələrimi də övladlarımdan ayırmıram. Özləri bilirlər. Onlar vaxtında həyata keçirə bilmədiyim arzularımdır. 

–    Bəs ev? Uşaqlarınızın gələcəyi üçün ev, pul kapitalı yığmamısınız?
–    Özləri qazanıb alsınlar. Mən necə özüm əldə etmişəm evimi, ailəmi, onlar da elə qazansınlar. 17 yaşımdan bəri işləyirəm. Sırf ailəmə yük olmayım deyə, universitetdə oxuya-oxuya işlədim. Həyatı qazanmaq, öz ayaqlarım üzərində dayanmaq asan olmadı. Onlar da öyrənməlidirlər. 

–    Heç arzulayırsınızmı ki, Xalq artisti olasınız?
–    Bəli, niyə də yox?! Düşünürəm ki, gələcəkdə Xalq artisti də olacağam. 
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir