Siyasət

Kreml təbliğatının siması: Marqarita Simonyan

Sharing is caring!

Marqarita Simonyan Rusiya Prezidenti Vladimir Putinin Rusiyada və başqa yerlərdə yaydığı təbliğat və dezinformasiyanın mühüm simasıdır. O, geniş təbəssümlə doğru yerinə yalan sırıyır. Marqarita Simonyan jurnalist kimi karyerasına 2001-ci ildə Kreml tərəfindən maliyyələşdirilən və nəzarət edilən Rusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətində (VQTRK) başlayıb. 2005-ci ildə o, ingilis dilində yayımlanan ilk dövlət xəbər agentliyi olan RT-nin baş redaktoru təyin edilib. Simonyan RT-dəki öhdəliklərindən əlavə, “Rossiya Seqodnya”nın baş redaktoru vəzifəsini də icra edir və Beynəlxalq Jurnalistikanın İnkişafı Assosiasiyasının təsisçilərindən biridir. Çoxlu rollara baxmayaraq, onun əsas funksiyası Vladimir Putinin sədaqətli təbliğatçısı kimi çıxış etməkdir. Bu barədə ABŞ Dövlət Departamentinin saytında qeyd edilir.

Bütün həyatı yalanla yoğrulub

Simonyan bütün karyerası boyu dezinformasiya və təbliğat yayaraq Kremlin gündəminin təşviqatı ilə məşğul olub. Simonyan RT-nin baş redaktoru vəzifəsində işə başlamazdan əvvəl prezidentin jurnalist “pool”unda işləyib. O, 2004-cü ildə Şimali Qafqazın Beslan şəhərində məktəbdə baş verən partlayışı işıqlandırdıqdan sonra məşhurlaşıb.

Hazırda siyasi motivli cəza ilə bağlı ciddi rejimli koloniyada saxlanılan rusiyalı müxalifət lideri Aleksey Navalnının “YouTube” kanalı Beslandan reportaj hazırlayan Simonyanı Kremlin məqsədlərini reallaşdırmaq üçün qəsdən yalan məlumat yaymaqda ittiham edib. Rusiya hökuməti həqiqəti bilsə də, Simonyan terrorçuların Rusiya qoşunlarının Çeçenistandan çıxarılacağı təqdirdə girovları azad edəcəklərinə dair vədi barədə məlumat verməyib və reportajında girovların sayını az göstərib. Daha sonra 25 yaşlı Simonyan Kreml tərəfindən Rusiyanın ingilis dilində yayımlanan birinci dövlət kanalı RT-nin (keçmiş adı “Russia Today”) rəhbəri təyin edilməklə mükafatlandırılıb.

İllərdir ki, Simonyan dezinformasiya və təbliğatdan istifadəni açıq şəkildə dəstəkləyib. 2012-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsi zamanı RT-nin fəaliyyəti ilə bağlı verdiyi müsahibədə Simonyan bildirib ki, “Müdafiə Nazirliyi Gürcüstanla müharibə aparırdı, lakin biz informasiya müharibəsini bütün Qərb dünyası ilə aparırdıq”.

2013-cü ildə verdiyi müsahibədə o deyib:

“İnformasiya silahları, şübhəsiz ki, kritik anlarda istifadə olunur və müharibə həmişə kritik məqamdır. Ona görə də o, müharibədir. Bu, digərləri kimi silahdır”.

Simonyan özünü jurnalist hesab etsə də, Rusiya Konstitusiyasından senzuraya qadağanın çıxarılmasının qatı tərəfdarı olub və qeyd edib ki, “böyük dövlət informasiyaya nəzarət olmadan mövcud ola bilməz”. Simonyanın “Qərb dəyərləri” adlandırılan söz və ifadə azadlığının müdafiəsini dəstəkləməməsinə baxmayaraq, RT-nin şüarı “Daha çox sual verin” olaraq qalır və kanal özünü qeyri-ortodoks baxışların mənbəyi kimi təqdim etməyə çalışır.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Simonyan Kremlin baş təbliğatçısı kimi mövqeyini möhkəmləndirib. 2022-ci ilin fevralına qədər Simonyan Kremlin digər təbliğatçıları kimi, Rusiyanın Ukraynaya qarşı hərbi güc tətbiq etmək niyyətini inkar edərək deyib:

“Mən tamamilə əminəm ki, Rusiya Ukraynada müharibəyə başlamağa hazırlaşmır”.

Fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan Simonyan iki dəfə Rusiyanın nüvə silahına əl ata biləcəyini deyərək hərbi ritorikasını gücləndirdi. 2022-ci ilin iyununda Simonyan Kremlin qlobal ərzaq təhlükəsizliyinə qəsdən zərbə vurduğuna eyham vuraraq hesabatını “Bütün ümidimiz aclığadır!” ifadəsi ilə bitirdi. Onun sözlərinə görə, qlobal aclıq Rusiyanın sanksiyalardan çıxmasına kömək edəcək. ABŞ sanksiyaları kənd təsərrüfatı, tibb və digər humanitar sektorlardakı sövdələşmələrə dair istisnaları nəzərdə tutsa da, Kreml ərzaq təhlükəsizliyi ilə bağlı dezinformasiya yaymağa davam edir və bunun Ukraynaya qarşı müharibəyə görə Rusiyaya tətbiq edilən sanksiyalardan qaynaqlandığını iddia edir.

Kremlin dezinformasiyası – ailə biznesi

Vladimir Putinin dezinformasiyası və təbliğatı gəlirli biznesdir və bu, təkcə Simonyan üçün belə deyil.

2020-ci ildə Aleksey Navalnı və komandası Simonyan və onun ailəsinin korrupsiya yolu ilə necə varlandığı barədə iki hissədən ibarət araşdırma dərc edib.

Araşdırmalardan biri Simonyanın əri Tiqran Keosayanla bağlı olub, o da öz növbəsində təbliğat və dezinformasiya biznesi ilə məşğuldur.

T.Keosayan 2016-cı ildən ABŞ-da yayımlanan siyasi komediya şousu verilişləri üslubunda “Beynəlxalq pilorama” (“Beynəlxalq mişar dəzgahı”) verilişini aparır. Lakin verilişdə hakimiyyəti təftiş etmək əvəzinə, Putin hakimiyyətinin təbliğatı aparılır. Navalnının araşdırmasına görə, Simonyan proqramın bədii rəhbəri vəzifəsində çalışır.

Keosayan şou-verilişi dövlət vəsaiti hesabına lentə alıb, sonra onu şişirdilmiş qiymətə hökumət kanalına satır. “Beynəlxalq pilorama”nın hər seriyası Keosayanın “Gold Vision” ailə studiyası tərəfindən NTV dövlət kanalına 3,4 milyon rubla (təxminən 97 min manata satılır).

Hər il təxminən 35 seriya istehsal olunduğundan, NTV hər il “Gold Vision”a təxminən 120 milyon rubl (təxminən 3,4 milyon manat) pul ödəyir. Üstəlik, Marqarita Simonyanın baş redaktoru olduğu və Kreml tərəfindən maliyyələşdirilən RT telekanalının studiyasında “Beynəlxalq pilorama” proqramının epizodları çəkilir. RT-nin 10 nəfərə yaxın əməkdaşı hər həftə “Beynəlxalq pilorama” proqramının ərsəyə gətirilməsi üzərində işləyir. Onların əksəriyyəti əməyinin müqabilində “Gold Vision” studiyasından ayrıca mükafat almır. Navalnının 2020-ci ildə apardığı araşdırmaya görə, Keosayan və Simonyan təkcə dövlət vəsaiti ilə televiziya şouları hazırlamır, həm də dövlətə məxsus “Aeroflot” şirkətinə reklam vaxtını sataraq xidmətlərinə görə bazar dəyərindən artıq mükafat alırlar. Simonyan və Keosayan bu sxemləri ona görə hazırlayıblar ki, büdcə vəsaitlərinə çıxış əldə edərək şəxsi mənfəətlərini təmin etsinlər. Kanada, Böyük Britaniya və Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə Kremlin dezinformasiyasını yaydıqlarına görə Simonyan və Keosayana qarşı sanksiyalar tətbiq edib. Həmçinin Qazaxıstan Keosayanı ölkəyə girişi qadağan olunan şəxslər siyahısına daxil edib.

Kremlin təbliğat ruporları: yüksək maaşlı bir peşə

Navalnının 2020-ci ildə apardığı araşdırma korrupsiya fəaliyyətindən əldə edilən digər gəlir mənbələrini də üzə çıxarıb. Xüsusilə bir hadisənin timsalında Simonyan və Keosayan tərəfindən hazırlanmış korrupsiya sxeminin bütün mürəkkəbliyini görmək olar.

Simonyan və əri 2018-ci ildə “Krım körpüsü” adlı filmin ssenarisini yazdılar və ekranlaşdırdılar. Filmin çəkilməsində məqsəd Rusiyanın işğalı altında olan Krım ilə Rusiya arasında bu yaxınlarda tikilmiş körpü ilə bağlı milli qürur hissini inkişaf etdirmək idi. Filmin çəkilişləri üçün Dövlət Film Fondu 100 milyon rubl ayırdı. Film bir ailə layihəsi hesab olunurdu: Keosayan rejissor, Simonyan isə ssenari müəllifi idi. Bundan əlavə, Keosayanın qardaşı və iki qızı, keçmiş arvadı, qardaşı oğlu və qardaşı oğlunun arvadı filmdə iştirak etdiklərinə görə böyük miqdarda mükafat aldılar. Ümumilikdə Simonyan və Keosayan ailəsi filmə görə federal büdcədən 45 milyon rubl qazandı. Bu, filmdəki bütün aktyorların cəmi 10 milyon rubl təşkil edən qonorarları ilə əhəmiyyətli dərəcədə təzad əmələ gətirdi. Film kino tənqidçiləri və ictimaiyyət tərəfindən mənfi rəylər aldı. Eyni zamanda filmin prokatından da gəlir əldə edilmədi.

Navalnının Simonyan və Keosayan ailələrinin korrupsiyasını ifşa edən araşdırmasına baxmayaraq, Rusiya hökuməti onlara qarşı cinayət işi açmadı. Aydındır ki, Simonyan həyatını Kremlin xidmətində dezinformasiya və təbliğat yaymağa həsr etdiyi üçün Kreml ona maliyyə dəstəyini davam etdirəcək.

Qlobal Təmas Mərkəzi Kreml tərəfindən maliyyələşdirilən KİV-lər haqqında hesabat dərc edib. Hesabatda Simonyanın işlədiyi RT, “Sputnik”, “Rossiya Seqodnya” və “TV-Novosti” kimi media qruplarından bəhs edilir. Bu barədə məlumatla burada tanış olmaq olar. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir