Siyasət

Qorbaçov və Nobel Sülh Mükafatı

Sharing is caring!

Kubra Məhərrəmova yazır…

Bu səhəri də “Qorbaçov öldü” xəbəri ilə açdıq. Düşündüm ki, adam ildə neçə dəfə ölər? Ya bu, nə ənənədir – ölüb-dirilmək? Bəlkə də rus siyasətçilərinə xas xüsusiyyətdir. Jirinovski, Qorbaçovla birlikdə ildə 5-6 dəfə ölüb-dirildilər. Amma bu dəfə KİV-lər iddia edir ki, Qorbaçov dəqiq ölüb. Başqa mənbə axtarışına çıxmaq lazım deyil. 

Növbəti dəfə “Qorbaçov öldü” xəbəri internetin Azərbaycan seqmentinə çıxan kimi azərbaycansayağı qarğış-nalə töküldü “Facebook”un başına. “Dərin getsin”, “gorbagor olsun” və s. kimi ifadələr baş alıb getdi.

Qardaşlar, sizin, mənim qarğışımla bir iş düzəlsə idi, yay da isti olmazdı, kondisionerə pulumuz getməzdi, qışda da soyuq olmazdı, “kombiyə” qaz yandırmazdıq. Dediyim odur ki, Qorbaçov kral kimi yaşadı, kral kimi də öldü. 

Lüks şəraitdə, villasında, həkimi, baxıcısı, qulluqçusu, sürücüsü yanında. Milyonları cibində, bank hesabında, qızı-nəvələri də Almaniyada. Qızı hələ bir atasının adında fond yaradıb, pul qazanır. İki qız nəvəsi də ərdə, evli, mutlu, çocuqlu – zad. Bir ara Almaniya vətəndaşlığı alırdılar. Yəqin indi alıblar.

Nə isə, sözüm ondadır ki, karma – filan biz kasıblar üçündür. Milyonçular üçün karma xarab olur, işləmir.

Qorbaçovu sağlığında nə məhkəməyə çıxardan oldu, nə də beynəlxalq hüquq bir söz dedi.

Amma yox, erməni deputat Qorbaçovu ermənisayağı təhqir etmişdi.

Bu gün internetin erməni seqmenti də Qorbaçovun qəbrinə-üzünə söydü. Ermənilər yazır ki, Mixail Qorbaçov öldü. O, Qorbaçov ki, SSRİ dövründə azərbaycanlıların ermənilərə qarşı aqressiyasına qarşı göz yumdu. 

Vallah ki, bu cümləyə əməlli təəccübləndim. Bildiyim qədər elə bizi döyüb-öldürüblər. 80-ci illərdə İrəvandan, Ermənistandan bizim soydaşları deportasiya ediblər. Sovetin dövründə ha, amma nə isə… 

Elə erməni seqmentindən çıxmışdım ki, gördüm gürcü seqmenti də öz dərdini “Tbilisi hadisələri” və ya “9 aprel faciəsi”ni yada saldı. Hadisə 1989-cu ildə aprelin 9-da Gürcüstan SSRİ “Hökumət evi”nin yaxınlığında Sovet ordusunun müxalifətin mitinqini dağıtmaq üçün orada göstərdiyi “master-klas” olub. Əməliyyat nəticəsində 21 nəfər ölüb, 290 nəfər isə yaralanıb. Müxalifətin mitinqinin səbəbi isə gürcü-abxaz münaqişəsi idi. Abxazlar Abxaziya MSSR-in Gürcüstan SSR-dən çıxarılmasını və onun ittifaq respublikası statusunun bərpasını tələb edirdilər. Uzun sözün qısası, “Qarabağ” modelinin gürcü-abxaz versiyası. Sovet Ordusunun “master-klas”ları isə Qorbaçovun rəhbərliyi altında davamlı olaraq müxtəlif ölkələrdə keçirildi. 1990-cı ilin 20 yanvarında Bakıda, 1991-ci ilin yanvarın 11-dən 13-nə kimi Litvanın paytaxtı Vilnüsdə eyni ssenari ilə dinc əhaliyə qarşı qırğınlar törədildi. 

Qeyd edim ki, Vilnüsdəki hadisə ilə bağlı qaldırılmış cinayət işi ilə əlaqədar Litva Baş Prokurorluğu Rusiya hökumətinə Mixail Qorbaçovu dindirmək tələbiylə müraciət etmiş, lakin Rusiya hökuməti bu tələbdən imtina etmişdir.

Amma təəssüflər olsun ki, o dövrdə Azərbaycanın hakimiyyəti tərəfindən “20 yanvar” hadisəsinə hüquqi qiymət verilməmişdi. Buna yalnız ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hüquqi qiymət verilib. Yadınızdadırsa, 1990-cı il yanvarın 21-də Heydər Əliyev Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinə gəlmiş və ozamankı Azərbaycan və SSRİ rəhbərliyini 20 Yanvar faciəsi ilə bağlı sərt çıxış etmiş, tənqid etmişdi. 

Amma rəsmi rəhbərlik əlini-əlinə belə vurmamışdı. Nə deyəsən, bizimkilər elə yağlı söyüş, bir də yaxşı qarğış etməyi bacarır. 

İndi gəlirəm ən əsas məsələyə, sovet dövründə SSRİ-nin bir sıra ölkələrində dinc əhaliyə qarşı qırğın törədən, ordunun yeridilməsinə əmr verən Qorbaçovu, ali dəyərlər, insan hüquqları və bəşəriyyətin demokratiya beşiyi olan gözəlim Avropa “Nobel” mükafatı ilə təltif elədi. Özü də 1990-cı il oktyabrın 15-də. Qorbaçov Sovet İttifaqı ilə Qərb ölkələri arasında münasibətlərdə sülh prosesinə verdiyi töhfəyə görə bu ali hörmətə layiq görülmüşdü.

Dirsəyinə qədər günahsız insanların qanına batan Qorbaçov və Nobel Sülh mükafatı… 

Biz isə hələ də dünyadan, bəşəriyyətdən, nə bilim kainatdan “ədalət” gözləyirik.

Ədalət isə cibindəki pul, qolundakı güc qədərdir. Çalışın güclü və pullu olun.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir