Siyasət

TDT-nin iki vacib qurucusu: Tokayevin səfəri nələr vəd edir? – Politoloqların RƏYİ + FOTO

Sharing is caring!

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Bakıya səfəri çərçivəsində Azərbaycanla Qazaxıstanın strateji tərəfdaşlığı istiqamətində ciddi addımlar atılıb. İki ölkə arasında əməkdaşlığın sürətli inkişafı isə çoxsaylı sualların ortaya çıxmasına səbəb olub. Maraq doğuran məqamlardan biri də bu əməkdaşlığın türkdilli dövlətlər arasında münasibətlərə necə təsir göstərəcəyidir.

Məsələ ilə bağlı Oxu.Az-a danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz bu səfəri Azərbaycanın Qarabağ zəfərindən sonra dünyada və bölgədə artan imicinin, gücünün bir göstəricisi olaraq dəyərləndirib:

“Azərbaycanın Moskva, Brüssel və ya Vaşinqton deyil, Bakı mərkəzli bir siyasət yürütməsi Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hamısını ümidləndirdi. Tokayevin İlham Əliyevi Qazaxıstanın ali ordeni ilə təltif etməsi çox önəmli və qürurlu bir addımdır. Bu münasibətlər Türk Dövlətləri Təşkilatında əlaqələrin inkişafına ciddi təsir göstərəcək. Türkdilli dövlətlərin Türk Dövlətləri Təşkilatına çevrilməsindən sonra psixoloji baryerlər tamamilə aşılıb. Bu fonda Qazaxıstanda ruscanın ibtidai siniflərdə məcburi tədrisinin ləğv edilməsini də çox doğru qərar hesab edirəm. Ümumiyyətlə, Qazaxıstan və Azərbaycan arasında mövcud münasibətlər Azərbaycanın digər türk dövlətləri, bütövlükdə regional əlaqələrinə mühüm təsir edəcək. Dünya beş-on il davam edəcək böhran dönəminə girib. Bu dönəm ərzində əlaqələr nə qədər sıxlaşdırılsa, o qədər yaxşıdır”.

Tanınmış politoloq Toğrul İsmayıl Azərbaycanla Qazaxıstanın tarixi tərəfdaşlığına diqqət çəkib:

“Azərbaycanla Qazaxıstan müstəqillik qazandıqları gündən etibarən bölgədə və beynəlxalq cameədə bir-birinə dəstək verən strateji tərəfdaşlardır. 2004-cü ildə iki ölkə arasında “Dostluq və strateji tərəfdaşlıq haqqında” Bəyannamə imzalanıb. Bu bəyannaməyə əsasən, Qazaxıstan Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və sərhədlərinin toxunulmazlığı məsələsinə çox ciddi dəstək göstərib. Ümumiyyətlə, bu iki ölkənin strateji tərəfdaşlığını göstərən bir çox faktor var. Xüsusilə qlobal sistemə baxış, regional təhlükəsizlik, beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərində onlar ortaq mövqe nümayiş etdirirlər. Hər iki dövlət çoxqütblü dünya sistemini dəstəkləməklə bərabər, həm də ATƏT və BMT kimi təşkilatların rolunun artırılmasını istəyir”.

Siyasi şərhçi Qazaxıstanın Azərbaycanla münasibətləri həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ikilikdə daha da inkişaf etdirmək istədiyini vurğulayıb:

“Rusiya-Ukrayna müharibəsi dünyada tarazlığı pozub. Təkcə Avropa yox, Rusiya ilə əməkdaşlıq edən digər dövlətlər də bu vəziyyətdən narahatdırlar. Müharibə Mərkəzi Asiya ölkələrindən olan Qazaxıstanın Avropaya çıxışına əngəl törədir. Ümumiyyətlə, Rusiya ilə Qazaxıstan arasında son dövrlər problemlər artmağa başlayıb. Qazaxıstan da bu fonda Azərbaycanla münasibətləri həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ikilikdə daha da inkişaf etdirmək istəyir. Günümüzdə ən aktual məsələlərdən biri Azərbaycanın Qazaxıstan üzərindən Mərkəzi Asiyaya və Uzaq Şərqə, Qazaxıstanın isə Azərbaycan vasitəsilə Qərbə çıxışıdır.

Hər iki ölkə yükdaşıma və enerji infrastrukturunun genişləndirilməsinə ciddi investisiya qoyur. Gələcəkdə Azərbaycanla Qazaxıstan arasında Trans-Xəzər nəqliyyat sisteminin inkişaf etdirilməsi üçün ciddi əməkdaşlıq platforması var. Bir çox sahələrdə Azərbaycanla Qazaxıstan birgə addımlar atırlar. İki türk dövləti Türk Dövlətləri Təşkilatının qurucu üzvüdür. Bu gün Qazaxıstanda Azərbaycan əsilli çoxlu sayda insan yaşayır. Onlar “Qazaxıstan Xalq Assambleyası” və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqda özlərini göstərməkdədirlər. Yəni iki ölkə arasında mədəni, iqtisadi və siyasi əlaqələr getdikcə inkişaf edir və edəcək. Hər iki ölkə çox ciddi xammal ehtiyatına sahibdir. Onlar arasında əməkdaşlıq bu istiqamətdə də irəliləyəcək”.

Qazaxıstanlı politoloq Saken Mukan bildirib ki, Tokayevin Bakıya rəsmi səfəri fonunda ekspert icması ikitərəfli münasibətlərin gələcək vəziyyətini və perspektivlərini təhlil etməyə çalışır:

“Birincisi, səfər hələ 2022-ci ilin mayında elan edilmişdi, Əliyev tərəfindən Tokayevin Bakıya rəsmi səfərə dəvət edilməsi hər iki ölkənin mövcud potensialın yaradılmasında maraqlı olmasını göstərir. İkincisi, bugünkü görüş bir daha səmərəli əməkdaşlığın inkişafında qarşılıqlı marağın olduğunu göstərdi, məsələn, işğaldan azad edilmiş Füzulidə Uşaqlar üçün Yaradıcılığın İnkişafı Mərkəzinin açılması layihəsi mədəni və siyasi baxımdan çox şeydən xəbər verir. Müvafiq olaraq, Qazaxıstan öz enerji resurslarının Avropaya tədarükünü diversifikasiya etmək üçün Azərbaycanın logistika potensialında strateji baxımdan maraqlıdır.

Üçüncüsü, mən türk yaxınlaşmasında heç bir xüsusi dəyişiklik görmürəm, çünki Türk Dövlətləri Təşkilatının hər bir üzvünün iqtisadi potensialın qurulmasında öz milli maraqları olması səbəbindən bu gün ikitərəfli türk əməkdaşlığı formatı çox məqbuldur. Mədəni-mənəvi komponent isə Avrasiya məkanında türk dünyasının hər bir ölkəsində mövcud xarici təsirlər nəzərə alınmaqla, təəssüf ki, arxa plana keçir.

Dördüncüsü, Qazaxıstanla Azərbaycan arasında ikitərəfli əlaqələr intensivləşib. Mədəni-mənəvi əməkdaşlığın təşviqi faktının özü və bir-birinə müsbət simvolik jestlər, ilk növbədə, əməkdaşlığa marağın olduğunu göstərir. Tokayevin oktyabrda Azərbaycan Prezidentini Nur-Sultana, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitinə dəvət etməsi artıq onu göstərir ki, regional təhlükəsizlik baxımından hər iki ölkə bu istiqamətdə dialoq və əməkdaşlığı artıracaq”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir