Dünya

Dünyanın Qarabağdan götürməli olduğu dərs – Ariel Koenin ŞƏRHİ

Sharing is caring!


“Azərbaycan Ermənistanla 30 ildən artıq davam müharibənin son raundunu da qələbə ilə başa vurdu və nəticədə Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan etdi”.

Bu sözlər “Atlantic Council” Elmi-Tədqiqat Mərkəzinin baş elmi işçisi, Beynəlxalq Vergi və İnvestisiya Məsələləri Mərkəzinin enerji, artım və təhlükəsizlik üzrə direktoru Ariel Koenin ABŞ-nin “The Hill” nəşrində çap edilən məqaləsində qeyd olunub.

Ariel Koen yazısında XX əsrin sonlarında başlayan münaqişənin tarixinə qısa nəzər salır və Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini xatırladır.

“Lakin hadisələrin hazırkı yekunu və Azərbaycanın qazandığı nəticələr Qafqaz regionundan çox-çox kənara çıxır və Vaşinqtonda, həmçinin dünyanın digər paytaxtlarında öyrənilməlidir”.

Müəllif oxucuların diqqətinə çatdırır ki, neftlə zəngin Azərbaycan Cənubi Qafqazın şəksiz regional hegemonudur, eyni zamanda, Türkiyə dövlətinin yaxın dostu və müttəfiqidir:

“10 milyon əhalisi olan (qonşu Gürcüstan və Ermənistan əhalisinin toplamından çox) dünyəvi, türk və müsəlman Azərbaycan indi neft və qaz gəlirləri hesabına maliyyələşmiş, Türkiyə və İsrail tərəfindən yaxşı təlim keçmiş, təchiz edilmiş, döyüş şəraitində təcrübə qazanmış möhkəm orduya malikdir”.

Ekspert yazısının davamında qeyd edir ki, Bakı İrəvanı Qarabağ iddialarından əl çəkməyə məcbur etdi və növbəti strateji məqsədə – Zəngəzur dəhlizinin açılması istiqamətində fəaliyyətə başlayıb:

“Bu, Türkiyəni Azərbaycanla və Xəzərin o tayında olan Orta Asiyanın türk dövlətləri – Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla daha sıx birləşdirəcək”.

Ariel Koen ABŞ, Fransa və Rusiyada yaşayan erməni diasporun fəaliyyətinə də toxunub.

“ABŞ, Fransa və Rusiyadakı erməni diasporları Ermənistana uzun illər dəstək verməyə çalışsalar da, milyonlarla dollar xərcləsələr də, Ermənistanı Qarabağı əldə saxlamaq üçün lazım olan silah, pul və siyasi müdafiə ilə təmin edə bilmədilər. Böyük dövlətlər zəif diasporları məğlub edirlər. Bu dərs artıq öyrənildi”, – Ariel Koen vurğulayıb.

Mütəxəssis hazırkı dünyada enerji resurslarının önəminə də diqqət çəkib. O, yazısında qeyd edib ki, Avropa Rusiya karbohidrogenlərini qismən əvəz edən Azərbaycan neftinin və qazının tədarükündə əhəmiyyətli dərəcədə maraqlıdır.

Ariel Koen xatırladır ki, Azərbaycan Xəzər dənizindən nəhəng enerji hasilatı ilə məşğuldur, o cümlədən, Aralıq dənizinə qədər uzanan Bakı-Tbilisi-Ceyhan boru kəməri və Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi Bakının real siyasətdəki mühüm rolunu daha da artırır. 

“Azərbaycanın həyata keçirdiyi son hərbi əməliyyatların nəticələri onu deməyə əsas verir ki, Rusiya, Çin və ABŞ-nin beynəlxalq sistemi sarsıtdığı bir dünyada Azərbaycan kimi sadiq oyunçular və Türkiyə kimi regional güclər daha üstün vəziyyətə gəlir və strateji nailiyyətlər əldə edə bilərlər”, – Ariel Koen yazısında qeyd edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir