Siyasət

Ulu Öndər Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı

Sharing is caring!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana səfəri olduqca mühüm hadisədir. Yüksək səviyyədə keçən səfər, Azərbaycan və Özbəkistan Prezidentlərinin görüşləri, aparılan müzakirələr, imzalanan sənədlər ölkələrimiz arasında çoxillik münasibətləri yeni mərhələyə çıxarır. Bu səfər heç şübhəsiz ki, Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın gələcək inkişafı üçün olduqca əhəmiyyətlidir.

Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür.

“Əziz qardaşım Şavkat Miromonoviçin bu təşəbbüsünə, Daşkəndin mərkəzində atam Heydər Əliyevin xatirəsinə həsr edilmiş belə gözəl guşə yaradılmasına görə ona çox təşəkkür edirəm. Küçə, meydan, barelyef, gözəl park – bunlar Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir.” Bu fikirləri Prezident İlham Əliyev Daşkənddə Heydər Əliyev Meydanının açılışında çıxış edərkən söyləyib.

Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, Heydər Əliyev bütün həyatını Azərbaycana xidmətə həsr edib. Sovet dönəmində də, müstəqillik dövründə də həmişə xalqın yanında olub. Ən ağır dövrdə, xalqımız təcavüzə, təqiblərə məruz qaldığı vaxtlarda o, həmişə xalqın yanında olub.

Ulu Öndər Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. 1970-ci illərdə də onun Şərəf Rəşidoviç Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi, 1990-cı illərdə də onun İslam Abduqəniyeviç Kərimov ilə dostluğu da xalqlarımıza bəlli idi və bu, bizim münasibətlərimizin bugünkü inkişafının təməli idi.

Özbəkistanın 44 günlük Vətən Müharibəsi zamanı və tarixi Qarabağ Zəfərindən sonra da Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək də xüsusi vurğulanmalıdır. Hazırda Özbəkistan tərəfinin işğaldan azad edilmiş Füzuli şəhərinin bərpasına göstərdiyi dəstək təqdirə layiqdir və Azərbaycan xalqı bu diqqəti yüksək qiymətləndirir.

Bu gün xalqlarımız arasında da yenilməz dostluq və qardaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Bütün bunlar həmçinin Prezident İlham Əliyev və həmkarı Şavkat Mirziyoyevin şəxsi dostluq münasibətlərindən qaynaqlanır. Ən önəmli məqamlardan biri isə əlbəttə ki, xalqlarımızın tarixi bağlılığı, dərin köklərə söykənən ənənələrdir. Azərbaycan və Özbəkistanın türk dünyasının bir parçası kimi daha da yaxınlaşması, qarşılıqlı əlaqələrin daha da sıx olması çox önəmlidir. Bu münasibətlərin möhkəmlənməsi Türk dünyasına verilən böyük töhfələrdən biridir.

Siranə Zeynalova,

Salyan şəhər 4 saylı tam orta məktəbin müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir