Siyasət

Vuçiç Əliyevdən təzyiqlərə qarşı dəstək istəyir – TƏHLİL

Sharing is caring!




Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib və son dövrlərdə Serbiyanın məruz qaldığı təzyiqlər haqqında məlumat verərək dost Azərbaycan xalqının dəstəyini xahiş edib.

Liderlər qarşılıqlı surətdə həmişə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirərək bundan sonra da bu mövqenin davam etdiriləcəyini vurğulayıblar.

Vuçiçin Əliyevdən dəstək istəməsi BMT-də aprelin 22-də Kosovo ilə bağlı keçiriləcək iclasla əlaqəli görünür.

Üstəlik, ABŞ, Fransa, Almaniya da daxil olmaqla bir neçə BMT üzvü Srebrenitsa soyqırımını müzakirə etmək üçün qurumun Baş Assambleyasına qətnamə təqdim edir.

Layihə mətninə əsasən, 2025-ci ildən başlayaraq 11 iyul tarixi Srebrenitsa hadisələrinə münasibətdə Beynəlxalq Düşüncə və Anma Günü kimi təyin ediləcək.

Ancaq prosesə Qərbi Balkan regionunda vəziyyətin incə ip üzərinə keçidi prizmasından baxdıqda vacib bir kontekst üzə çıxır: Rusiya, Qərb və Çinin regionda güclənən və kəskinləşən mübarizəsinin arasında sıxışan Serbiya alternativ kömək axtarır.

Bildirmək şərtdir ki, Kosovo məsələsi, Balkan regionunda Qərb, Rusiya və Çin arasında balans yaratmaq istəyi Serbiyanı xarici siyasətdə dilemmalarla üzləşdirir.

Bu, Serbiyanın Kosovonun müstəqilliyinə etirazları və Bosniya və Herseqovinadakı etnik serblərin vəziyyətinə, eləcə də Qərblə münasibətlərinə aid yanaşmalarda özünü göstərir.

Serbiya xarici və regional siyasətində Rusiya və Çinin maraqlarına getdikcə uyğunlaşma rejimini seçir. Bu, Qərbdə Pekinlə Moskvanın Balkan regionunda təsirlərinin artması barədə həyəcana səbəb olur.

Əlavə olaraq, Rusiyanın planı Avropanı ABŞ təsirindən ayırmaq üçün Serbiya amilindən yararlanmağı əhatə edir. Məqsəd Avropanı öz daxilində bölmək, Moskva üçün etibarlı müttəfiq formalaşdırmaqdır.

Bununla belə, Serbiya Avropa strukturları ilə hüquqi və institusional yaxınlaşmasını gücləndirmək səylərinə də ara vermir.

Bunların fonunda Serbiya ilə Kosovo arasında insidentlərin yüksəlməsi, üstəlik, Bosniya və Herseqovinadakı Serb Respublikasının Belqradın xeyrinə etirazları diqqət çəkməyə bilməz.

Balkan regionunun münaqişənin astanasında olduğu dönəmdə isə Çin geoiqtisadi və diplomatik baxışlarına uyğun olaraq öz təsirlərini artırır.

Serbiya Rusiya və Çinin regionda bərkiyən əllərindən dərin narahatlıq keçirmir. Elə buna görədir ki, Belqrad əvəzində Moskva və Pekini sözügedən qətnamə layihəsinin əleyhinə səs verməyə çağırır.

Vuçiçin Əliyevdən və Azərbaycan xalqından dəstək gözləməsinin arxa fonu bu gedişatların mənzərəsində açılır.

Deməli, Serbiya xarici siyasət potensialını gücləndirmək üçün Azərbaycanın dəstəyinə ehtiyac duyur. Çünki Azərbaycanın həm qlobal oyunçular arasında güclü manevr qabiliyyəti mövcuddur, həm də onun Avropada nüfuzu enerji təhlükəsizliyinin işığında getdikcə yüksəlir.

Ancaq Azərbaycan Balkan regionunda hər hansı münaqişədə qəti maraqlı tərəf deyil, amma diplomatik və siyasi bəyanatlarla gərginliyi ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında azaltmağa çalışır.

Çünki Balkan regionunda mümkün eskalasiya riskinin Cənubi Qafqazda səda doğurması yüksək ehtimal olaraq qalmaqdadır.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir