Siyasət

İfşa olunan BQXK yenə erməni havasına oynayır – ŞƏRH

Sharing is caring!




Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağ bölgəsində fəaliyyətini yenidən qurur. O BQXK ki, humanitar missiya adı altında Ermənistanın maraqlarını müdafiə edib.

1990-cı illərdə qaçqınlara yardım, itkin düşmüş şəxslərin axtarılıb tapılması adı altında Azərbaycana girən BQXK bu istiqamətdə müəyyən qədər işlər görsə də, öz missiyasını tam yerinə yetirə bilmədi.

Qurum bircə dəfə də Ermənistanın azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən söz açmadı.

Azərbaycan öz ərazilərində suverenliyini tam təmin edənə qədər BQXK-nın ofisi Xankəndidə fəaliyyət göstərirdi. Burada BQXK pərdələnirdi, missiyasındakı kəşfiyyat xidmətlərini ört-basdır etməyə çalışırdı.

Bəzi məsələləri xatırlamaqda fayda var.

Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü təmin etdi. Amma Azərbaycan hələ Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərində suverenliyini qurmamışdı. BQXK bundan istifadə edib avtonom şəkildə Xankəndidə fəaliyyət göstərməyə başlamaqla beynəlxalq hüquqa, Azərbaycan  qanunlarına hörmətsizlik nümayiş etdirirdi.

Azərbaycanda BQXK-nın faktiki olaraq iki mərkəzi vardı. Xankəndi ofisinin öz büdcəsi var idi. O, müstəqil kadr seçimi həyata keçirirdi və daha çox Ermənistana inteqrasiya olunmuş formada fəaliyyət göstərirdi.

Azərbaycan BQXK-ya dəfələrlə müraciət edərək Xankəndi ofisinin statusunun dəyişdirilməsini tələb etsə də, BQXK öz bildiyini edirdi.

Bütün bunlarla yanaşı, ekoloji məsələlərlə bağlı ekofəallar Laçın yolunda etiraz aksiyaları təşkil edərkən BQXK-nın Xankəndi ofisi qanunsuz daşımalar həyata keçirirdi. Bununla da faktiki olaraq qaçaqmalçılıq fəaliyyəti göstərdi. Təsadüfi deyil ki, BQXK-nın iki əməkdaşı həmin vaxt “persona non grata” elan edilərək Azərbaycandan çıxarıldı.

Bu azmış kimi, BQXK Azərbaycanın Ağdam-Xankəndi yolu ilə ermənilər yaşayan ərazilərə humanitar yardım göndərməsini də əngəlləmək istəyirdi. Bu, antiterror tədbirlərindən öncəyə təsadüf edirdi.

Azərbaycanın Ağdam yolunu açmasına və BQXK-nın yardımlarının bu yolla nəql edilməsinə şərait yaratmasına baxmayaraq, BQXK başqa havaya oynayırdı. Təşkilat ciddi-cəhdlə yardımın Laçın yolu ilə nəqlini istəyirdi. Bu da təşkilatın məsələləri siyasiləşdirməsi və müəyyən maraqlara uyğun fəaliyyət göstərməsi barədə deyilənləri təsdiq etdi.

Ancaq bundan əvvəl də Azərbaycanda məlumatlar var idi ki, BQXK kimə işləyir. Azərbaycan ötən ilin sentyabrında keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyini bərpa etdikdən sonra isə BQXK-nın, necə deyərlər, bazarı bağlandı.

BQXK indi çıxılmaz vəziyyətdə qalıb ofisini Bərdəyə köçürür. 

Amma yenə də, necə deyərlər, BQXK köhnə missiyasından ayrılmaq istəmir.

BQXK-nın İrəvan üzrə kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni məlumat verib ki, Bərdədəki ofisə humanitar məsələlərlə, məsələn, Qarabağda yaşayan ermənilərin işləri ilə məşğul olacaq əməkdaşlar qoşulacaqlar.

Yenə də erməni məsələsi. Halbuki, Azərbaycan Qarabağda qalmağı seçən ermənilərə dövlətin hüquqlarını tanıyır. Kimsə köçüb gedibsə, bu, onun seçimidir, daha burada Azərbaycanın təqsiri yoxdur. BQXK isə yenidən “Qarabağ və erməni” mövzusunu dirçəltmək istəyir.

BQXK-nın vəzifə öhdəlikləri humanitar kodeksə söykənir. O, əslində, tənzimləyici rolunda çıxış etməlidir. Qərəz və birtərəfli yanaşmanı kənara qoymalıdır. Amma nə edək ki, reallıq fərqlidir.

Bunu bir sıra rəqəmdə görmək mümkündür. İndi o rəqəmləri sadalayaq.

Birinci Qarabağ müharibəsi zamanı dörd mindən artıq azərbaycanlı itkin düşüb. Lakin BQXK onların tapılması və geri qaytarılması istiqamətində iş aparmayıb.

BQXK bir çox azərbaycanlının Ermənistanda əsir düşərgələrində saxlanıldığı barədə məlumatlı idi. Bununla belə, üzərinə düşən vəzifələrin icrasını həyata keçirmədi və müxtəlif bəhanələrlə özünü prosesdən kənarlaşdırmağa çalışdı.

Ancaq İkinci Qarabağ müharibəsi zamanı BQXK fəal şəkildə ermənilərin problemlərinin həlli prosesinə qoşuldu. Qurum 1 700-dən artıq erməni hərbçisinin cəsədinin Ermənistana verilməsini təşkil etdi.

Göründüyü kimi, BQXK az qala Ermənistanın qurumu kimi fəaliyyət göstərir.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir