Siyasət

Həqiqət zühur etdi: “Sevinc Osmanqızı jurnalistikası” öz yalanı ilə üz-üzə qaldı…

Sharing is caring!


“Yalanın ən böyük düşməni həqiqətdir!”

Bu fikir müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən sayılan İmmanuel Kanta aiddir. Əslində, yalana münasibət və onun ifşası təkcə Avropada deyil, bütün dünyada bənzərdir. Məsələn, Azərbaycan atalar sözləri də yalanla bağlı bütün dünyada qəbul edilmiş parametrləri təsdiqləyir və yalanı doğrunun qulu adlandırır.

Ancaq bu parametrlər, yalanın təsviri yalnız yalanla yaşayıb, yalanı özünün həqiqətinə çevirmiş şəxslər tərəfindən qəbul olunmur.

Bir müddət öncə “Sevinc Osmanqızı jurnalistikası”nın təsvirində bu “fenomen”in məhz yalan üzərində qurulduğunu, bütün prinsip və normalara, həqiqətlərə əks istiqamətdə hərəkət etdiyini qeyd etmişdik. Ancaq həqiqətlərin ortaya çıxmaq kimi bir xüsusiyyətinin olduğunu da vurğulamışdıq. Necə deyərlər, yalan dördnala gedər. Həqiqət isə addım-addım yeriyər, lakin yenə də vaxtında çatar.

Bəli, həqiqət anı yetişdi və “əlahəzrət fakt” yenə özünü bütün aliliyi ilə ortaya qoydu. Sevinc Osmanqızının feyk adlandırdığı, olmadığını iddia etdiyi müsahibə gün üzünə çıxdı. Üstəlik, Azərbaycan KİV-də deyil, elə məhz “jurnalist” xanımın səhifələrini ələk-vələk etdiyi “Euronews” nəşrində…

“Sevinc Osmanqızı jurnalistikası”nın banisini çox əziyyətə salmamaq üçün müsahibənin linkini də yerləşdirək ki, axtarış üçün çox vaxt itkisi olmasın. Təbii ki, buna ehtiyac olacaqsa…

Zənnimizcə, xanım “jurnalist” özünü heç də əziyyətə salmayacaq. Çünki həqiqətlə üzləşmək, ən azından buna cəhd etmək də cəsarət işidir. Cəsarətli insanın isə yalanla, böhtanla nə işi?..

Yalan danışan hamını qanmaz bilər deyirlər, ancaq özlərinin qandığı elə yalanları qədərdir axı…

İndi ki iddialar alt-üst oldu, pafosla, təkidlə, “inam”la ifadə etdiyi fikirlərin yalan olduğu üzə çıxdı, həqiqət zühur etdi, bundan sonra insanlara hansı üzlə müraciətlər ünvanlanacaq? Hansı üz yalana görə qızaracaq?!

Bunun da cavabı sadədir. Üz bir deyil, iki deyil, hansı məsləhət olsa… Üzdən çox nə var ki?! Əks halda cəmi bir neçə gün ömrü olacaq bir yalanla cəmiyyət qarşısına çıxmaq, iddialı çıxışlar etmək və öz “doğru”nu insanların beyninə yeritməyi istəmək necə mümkün ola bilər?

Yalan elə bir anlayışdır ki, dünyanın hər yerində dəyəri və mahiyyəti eynidir. İstər doğma Vətəndə olsun, istər okeanın o tayında… Ancaq yalan həm də doğrunun, həqiqətin üstünlüyünü, məğlubedilməzliyini qəbul etmək deməkdir. Doğrunun qarşısında aciz olmaq bəhanələrin, iftira və böhtanın arxasına sığınmaqdır.

Atalardan məsəllər çox oldu, ancaq sonuncusunu da xatırlatmaq lap yerinə düşür: Yalan üz qızardar…

Təbii ki, bu halda yalan danışanın yalanından utanacağı və üzünün qızaracağı bir balaca şübhə altındadır. Ancaq yenə də xatırlatmaq, özü, sözü və yolu düz insanların həyata baxışlarını vurğulamaq lazım idi. Müqayisə üçün. “Sevinc Osmanqızı jurnalistikası” ilə norma və prinsipləri olan, doğru, dürüst, vicdanlı jurnalistikanın müqayisəsi üçün…

Orxan Tağıyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir