Siyasət

Bakıda əsrlərlə yanan dağdan FOTOREPORTAJ

Sharing is caring!


Abşeron rayonu, Məmmədli kəndi yaxınlığında yerləşən Yanardağ Azərbaycanın məşhur tarixi abidələrindən biri hesab olunur. 

Oxu.Az xatırladır ki, Yanardağ Məmmədli kəndinin qərb hissəsində olub, Bakı şəhər mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məmmədli-Digah şose yolunun sol istiqamətində yerləşir.

Ərazidəki yanmalar, yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar, habelə palçıq vulkanlarının püskürməsi – bir sözlə vulkanik-tektonik proseslərin getməsi nəticəsində, yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlib.

Bəzən Yanardağda alovun hündürlüyü 10-15 metrə çata bilir. Buradakı yanma prosesinin tarixin hələ qədim dövrlərindən getməsi ilə bağlı məlumatlar həm ərazidə aparılan geoloji tədqiqatlar, həm də verilən tarixi mənbələr vasitəsi ilə öz təsdiqini tapıb ki, bu da yanmaların tarixinin hələ eradan əvvəlki dövrlərdən başlandığı görülməkdədir.

Yanardağ abidəsinin ərazisi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 may 2007-ci il sərəncamı ilə Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Qoruğun fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2018-ci il tarixli qərarına əsasən Dövlət Turizm Agentliyi tərəfindən tənzimlənir.

2018-ci il 17 iyul tarixində Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yenidən qurulması, abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam verib.

Qoruq 64,55 hektar ərazini əhatə edir. Qoruğun tərkibində Yanardağ – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri də var. Bu abidələrə “Qurd yuvası” adlanan ilkin ibtidai icma dövrünə aid mağaralar, çoxəsrlik tarixə malik və qədim sanduqələr ilə zəngin iki qəbiristanlıq, kükürdlü su qaynayan müalicəvi bulaqlar, hələ də aktiv fəaliyyətdə olan Qırməki palçıq vulkanı, yerli əhali tərəfindən müqəddəs hesab edilən qara rəngli daşların qorunduğu Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan aiddir.

“Yanardağ” təbiət abidəsi yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında vulkanik-tektonik proseslərdən yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlib.

Bakının rəmzi hesab olunan üç alov və dəniz simvolu da Yanardağın əks istiqamətində vaxtı ilə aktiv şəkildə daimi alovlanmış, lakin hal-hazırda sönmüş üç təpəyə əsasən qəbul edilib. Ərazidə aparılan geoloji tədqiqatlar, həmçinin orta əsrlərə aid tarixi mənbələr sübut edir ki, Bakı və ətraflarında həm quru, həm də dəniz üzərində daimi yanan alovlar hələ qədim dövrlərdən bəri müşahidə olunur.

Yanardağ və Abşeronun digər yerləri ilkin dövrlərdən etibarən atəşpərəstlik və zərdüştlük dininə ibadət edənlər tərəfindən müqəddəs hesab edilib.

Daha çox foto burada: PhotoStock.Az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir