Siyasət

Millət vəkili: “Prezident ordu quruculuğu ilə yanaşı, hərbi sənayenin inkişafına da xüsusi önəm verir” – FOTO

Sharing is caring!


İlham Əliyev andiçmə mərasimindəki çıxışında ilk dəfə prezident seçildiyi dövrdən Azərbaycan dövlətinin siyasi, iqtisadi, hərbi sahələrdə əldə edilmiş böyük uğurları, daxili və xarici siyasətdə qarşıya qoyulan hədəflərin tam yerinə yetirilməsi, eləcə də növbəti prezidentliyi dövründə dövlətimizin daha da güclənməsi istiqamətində qarşıda duran yeni hədəflər barədə fikirlərini, Azərbaycan dövlətinin gələcək illərdə dünyada söz və nüfuz sahibinə, güc mərkəzinə çevirəcəyinə çalışacağını bildirdi”.

Bunu Oxu.Az-a açıqlamasında Prezident İlham Əliyevin andiçmə mərasimdə səsləndirdiyi fikirləri şərh edən Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib.

O bildirib ki, 2003-cü ildə ilk dəfə prezident seçilən İlham Əliyev Azərbaycan torpaqlarını işğaldan azad edəcəyini, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunması üçün çalışacağını vurğulamışdı:

“Ermənistan torpaqlarımızı işğal altında saxlayan zaman Prezident İlham Əliyev, əgər Ermənistan Azərbaycan torpaqlarını öz xoşları ilə tərk etməsə, münaqişənin yeganə həll yolunun müharibə olacağını dəfələrlə vurğulayıb. Ölkə başçımız Azərbaycanda güclü ordu quruculuğuna xüsusi diqqət ayırır. Güclü ordu quruculuğu üçün möhkəm, dayanıqlı iqtisadiyyatın olmasının vacibliyini vurğulayan İlham Əliyev Azərbaycan iqtisadiyyatını gücləndirdi. Qısa müddətə, cəmi 20 ilə Ali Baş Komandan Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına yüksəltdi. Azərbaycan Ordusu 30 il ərzində Qarabağ və Şərqi Zəngəzurda güclü istehkamlar qurmuş Ermənistan silahlı qüvvələrini cəmi 44 günə darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi. Prezident İlham Əliyev ordu quruculuğu ilə yanaşı, hərbi sənayenin yaradılmasına və inkişaf etdirilməsinə də xüsusi önəm verərək Azərbaycanda güclü hərbi sənaye kompleksi yaratdı. Vətən müharibəsində Azərbaycan Ordusu xarici dövlətlərdən alınmış ən müasir silahlarla yanaşı, öz hərbi sənayemizin istehsal etdiyi silahlarla düşməni məğlubiyyətə uğratdı.

Azərbaycan siyasi və iqtisadi cəhətdən tam müstəqil dövlətdir. Dünyada azsaylı ölkələrdənik ki, iqtisadi cəhətdən heç bir dövlətdən asılı deyilik. Artıq Azərbaycan hərbi sənaye sahəsində də yeni mərhələyə qədəm qoyub. Bu il hərbi sənaye sahəsinə bir milyard manat vəsait qoyulacaq. Azərbaycanın istehsal etdiyi silahlar və döyüş texnikaları xarici dövlətlərə də ixrac olunur. Prezident İlham Əliyevin hərbi sənayenin inkişafına yönəlmiş siyasəti sayəsində ölkəmizin digər dövlətlərdən silah almasını minimuma endirəcək. Növbəti mərhələdə Azərbaycan dünyanın ən müasir silah istehsal edən dövlətinə çevriləcək.

Azərbaycan torpaqlarını işğaldan azad edib suverenliyini bərpa etdikdən sonra xarici qüvvələrin torpaqlarımıza təcavüzün qarşısının alınması üçün sərhədlərimizin güclü qorunması vacibdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, sərhədlərimizdə ən müasir üsullardan istifadə edilməklə güclü infrastruktur yaradılıb.

Prezidentimiz ölkəmizdə milli birliyin, həmrəyliyin bərqərar olunmasına nail oldu. Azərbaycanda yaşayan bütün xalqları bir ideya – azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi. Milliyyətindən, dinindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı İlham Əliyevin ətrafında birləşdi. Bütün xalq çətin günlərdə Prezidentimizə inandı, güvəndi. Prezidentimiz də hər zaman öz xalqına arxalandı.

Məhz bu sarsılmaz birliyin, həmrəyliyin nəticəsində Azərbaycan böyük, şanlı qələbəyə imza atdı. Bu dövrdə elə bir gənc nəsil yetişdi ki, onlar Vətən, torpaq, milli ləyaqət uğrunda canlarından keçərək şəhid oldular. İlham Əliyevin güclü siyasətçi, xalqı tərəfindən sevilən bir lider olması ilə yanaşı, bütün dünya ölkə başçımızı görkəmli bir sərkərdə kimi də tanıdı. Ali Baş Komandan dünyaya müharibə aparmaq mədəniyyətini də nümayiş etdirdi. Vətən müharibəsində olduğu kimi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında da xalqımız prezidentimiz ətrafında birləşdi. Artıq soydaşlarımızın bir qismi öz doğma yurd yerlərinə qayıdıb və bu proses davam edir. Quruculuq işləri Prezidentin təsdiq etdiyi Baş planlara uyğun həyata keçirilir. 2026-cı ilin sonuna qədər 140 min soydaşımızın öz evlərinə dönmələri planlaşdırılır. Qısa vaxt ərzində misli görünməmiş yenidənqurma işlərinin bu şəkildə aparılması Azərbaycan dövlətinin iqtisadi gücünün nümunəsidir.

2003-cü ildən başlayaraq Azərbaycan iqtisadiyyatı yeni mərhələyə qədəm qoydu. İlham Əliyevin apardığı məqsədyönlü iqtisadi islahatlar sayəsində ümumdaxili məhsulumuz yeddi milyard dollardan 72 milyard dollara qalxdı. Bu, iqtisadiyyatımızın sürətli, dayanıqlı inkişafının əsas göstəricisidir. Valyuta ehtiyatlarımız 20 il ərzində 1,6 milyard dollardan 69,5 milyard dollara qədər artdı. Bu, sağlam maliyyə sistemimizin göstəricisidir”.

Millət vəkili onu da əlavə edib ki, Prezident İlham Əliyevin daxili siyasətinin prioritetinin əsasını Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin, rifahının yaxşılaşdırılması təşkil edir:

“2003-cü ildə ölkəmizdə minimum əməkhaqqı doqquz manat idi, hazırda 345 manatdır, minimum pensiya 20 manatdan 280 manata çatdırılıb. Bu artım dinamikası getdikcə daha da artırılacaq. Prezident İlham Əliyevin müəllifi olduğu iqtisadi islahatların həyata keçirilməsi sayəsində hər il onminlərlə yeni iş yerləri yaradılır. Son 20 ildə yoxsulluq səviyyəsi 50%-dən 5%-ə düşüb ki, bu da dünya dövlətləri arasında ən yaxşı nəticə sayılır.

Ölkə başçısı İlham Əliyev 20 il ərzində dünya siyasi arenasında Azərbaycanın nüfuzunu yüksəkliklərə qaldırdı. Ölkəmiz 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildi, 120 ölkə Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçdi. Dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsinə dair qərar qəbul etdi. Azərbaycanın COP29 kimi dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi etməsi Prezident İlham Əliyevin yaşıl enerji sahəsində həyata keçirdiyi siyasətin nəticəsidir. Bu sahədə Azərbaycanda böyük layihələr həyata keçirilib və bu istiqamətdə daha böyük layihələr icra ediləcək. Yaxın vaxtlarda Azərbaycanda istehsal olunacaq yaşıl enerji Avropa ölkələrinə ixrac ediləcək. Azərbaycan, həmçinin, Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Belə ki, dünyanın səkkiz ölkəsinə təbii qaz ixrac edir. Növbəti illərdə bu coğrafiya daha da genişlənəcək. Bunun üçün Azərbaycanın kifayət qədər potensialı var və yeni qaz yataqlarının istismara verilməsi bu planların reallaşmasına zəmin yaradır.

Azərbaycan coğrafi cəhətdən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Məhz ölkə başçımızın Azərbaycanda yaratdığı müasir nəqliyyat-logistika infrastrukturu vasitəsilə şərqdən qərbə, şimaldan cənuba Azərbaycanın üzərindən yükdaşımalar həyata keçirilir ki, bu da ölkə başçısı İlham Əliyevin Azərbaycanla yanaşı, dünya iqtisadiyyatının yüksəlməsinə də böyük töhfə verməsinin  nümunəsidir.

Azərbaycan türkdilli dövlətlərlə iqtisadi, siyasi, mədəni əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə böyük önəm verir. Türk Dövlətləri Təşkilatının yaranmasında Prezident İlham Əliyevin misilsiz əməyi olub. Böyük bir coğrafi ərazini əhatə edən, zəngin təbii sərvətlərə malik Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin birliyi, həmrəyliyi bu təşkilatın beynəlxalq aləmdə güc mərkəzinə çevrilməsinə yardım olacaq. Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsini bəzi Avropa dövlətləri, xüsusən Fransa, həzm edə bilmirlər. Hər zaman ölkəmizə qarşı təxribatlar törətməyə çalışan, beynəlxalq aləmdə Azərbaycanın artan nüfuzuna xələl gətirmək istəyənləri Prezident İlham Əliyev hər zaman məğlubiyyətə uğradıb. Ölkə başçımız Cənubi Qafqaz bölgəsində sülhün yaranmasına xidmət edən siyasət həyata keçirir. Bəzi qərb dövlətləri və beynəlxalq təşkilatlar Ermənistan vasitəsilə regionda sabitliyi, əmin-amanlığı pozmağa çalışırlar. Ermənistan və onun havadarları başa düşməlidirlər ki, Azərbaycanla hədə, diktə ilə danışmaq onların özlərinə ziyan gətirəcək. Kimliyindən asılı olmayaraq, ölkəmizə qarşı təxribat törətmək istəyən dövlət və ya qüvvə sərt və tutarlı cavabını alacaq. Ölkə başçımız dəfələrlə bu haqda Ermənistan və onun havadarlarına xəbərdarlıq edib. Prezident İlham Əliyevin zəkası, müdrik, qətiyyətli siyasəti və məğrur Azərbaycan xalqının öz lideri ətrafında yumruq kimi birliyi Azərbaycanı dünyada daha böyük söz və nüfuz sahibinə, güc mərkəzinə çevirəcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir