Siyasət

“Həmmüəllif”lərin AŞPA şousu: Azərbaycan qarşılıqlı cavab vermək hüququna malikdir – “Kaspi”nin TƏHLİLİ

Sharing is caring!


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsi rəsmi Bakı ilə qurum arasındakı gərgin dinamikanı bu zamana qədər misli görünməmiş həddə qədər qaldırıb. Təbii ki, AŞPA-nın qərarının arxasında diplomatik, parlament etikası və ümumi siyasi etiketlərlə məqsədli ziddiyyət təşkil edən məqamlar əsas yer tutur.

AŞPA-nın planlı təzad sistemi yaratması tək Bakıya qarşı deyil, eləcə də Qərbin Azərbaycanla strateji tərəfdaşlığı ən üst səviyyəyə çıxarmaq məramını baltalayır.

Sözsüz ki, AŞPA oyunda piyadadır, onu irəliyə çəkən həmmüəlliflər isə irili-xırdalı kateqoriyalara bölünür.

“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

AŞPA və Fransa eyni ip üstündə

Həmin həmmüəlliflikdə ən çox pay və baş rol Fransaya məxsusdur. Paris Cənubi Qafqazdakı rəqabətdə uduzmasını AŞPA-dan istifadə etməklə tarazlaşdırmağa çalışır.

Elə Azərbaycan Prezidenti İlham Əliyev də fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən Fransanın regionda odun üstünə yanacaq tökmək missiyasından bəhs edib. Heç şübhəsiz ki, İlham Əliyevin Fransa ilə bağlı xatırlatmalar etməsi həm Parisin regiondakı məğlubiyyətlərinin xronoloji ardıcıllıqlarını, həm də onun yeni “hücumlar” hazırladığı barədə təsvirlər verə bilər.

Prezident İlham Əliyev qeyd edir ki, AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməsi azlıq olan bir qrupun dialoqa xidmət etmədiyinin göstəricisidir.

Deməli, İlham Əliyevin özü də Qərblə strateji, qarşılıqlı maraqların konstruktiv formada təmini üçün dialoqda maraqlıdır. Lakin AŞPA kimi qurumlar həmin məqsədlərin önünə tikanlı məftil çəkmək istəyir ki, bunun özü də Avropa İttifaqı ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın mahiyyətinə xələl gətirmək məqsədləri güdür.

Lakin bu o demək deyil ki, rəsmi Bakı AŞPA-nın erməni təbliğat maşınına çevrilərək Azərbaycana qarşı sistemli hücumlar üçün xüsusi təşəbbüs göstərməsini cavabsız qoymalıdır.

Azərbaycan Qərbə lazımdır

Şəksiz ki, bu gün Azərbaycan Qərbə çox lazımdır. Ölkənin əhəmiyyətli geosiyasi və geoiqtisadi mövqeyi, beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi, zəngin təbii sərvətlərinin Avropaya diversifikasiya edilməsi elə Qərbin ürəyincədir.

Amma belə istək səmimi və səmərəli əməkdaşlıqla mümkündür. Azərbaycanın Cənubi Qafqaz orbitində böyük ölçülü geosiyasi dəyişiklik yaratması əməkdaşlıq müstəvisində nəzərə alınmalıdır, ona müxtəlif bəhanələr altında təzyiq göstərilməsinə son qoyulmalıdır.

Yox, AŞPA kimi qurum bunu başa düşmək istəmirsə, onda Azərbaycan qarşılıqlı cavab hüququna malikdir. Prezident İlham Əliyev AŞPA-ya nisbətdə həmin cavab hüququnu belə təqdim edir: “Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq”.

Bu mövqe ümumilikdə Avropa Şurasının dərinləşən beynəlxalq böhran fonunda əhəmiyyət və qiymətini itirməsini izah edən qısa hekayə kimi başa düşülə bilər. Deməli, Avropa Şurası böhranlardan çıxış yolu tapan, münaqişə və mübahisəli məsələləri yoluna qoyan missiyasından imtina edərək faydasız geosiyasi alət rolunda çıxış edir. Belə olan təqdirdə, Azərbaycan da belə qurumda iştirakına nəzər salmaq hüququna müraciət edir.

Yeri gəlmişkən, AŞPA-nın geosiyasi hibrid toqquşmalarda piyada olmasını sübut edən başqa faktor onun Ermənistanın sülhü əngəlləyən maraqlarına, erməni lobbisinin tezislərinə can yandırmasıdır.

Ermənistan Konstitusiyası dəyişdirilərsə, sülhə nail olmaq mümkündür

Təsadüfi deyil ki, İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla görüşdə Ermənistanla sülh gündəliyi kontekstində AŞPA məsələsini qabartdı. AŞPA-nın Azərbaycana qarşı addımlarına cavab olaraq Əliyev daha böyük bir gündəliklə çıxış edib. İlham Əliyev deyib ki, Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Dövlət başçısı vurğulayıb ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var. Prezident qeyd edib ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər.

Bu, Azərbaycanın İrəvanın keçmiş niyyətlərinə və indiki bəzi qeyri-müəyyən mövqeyinə qahmar çıxmaq istəyən Fransa, AŞPA və onun kimi qurumlara Bakının şərtli sülh gündəliyi formatındakı mənalı cavabıdır.

İndi Ermənistan Qərbdəki “təhlükəsizlik zəmanətləri” vədlərinə arxalanıb prosesi arzuolunmaz regional hərəkətləri tətikləyəcək vəziyyətə gətirməməlidir. Çünki Azərbaycan regionda böyük üstünlükləri olan dövlət olaraq qalmaqdadır və Cənubi Qafqaz səhnəsindəki rolunun daha da güclənəcəyi şübhəsizdir. Ona görə də, Ermənistan özü üçün strateji təsirlərə çevriləcək nəticə istəyirsə, mümkün konstitusiya dəyişikliklərini AŞPA, Fransa ilə deyil, Azərbaycan və Türkiyə ilə müzakirə etməlidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir