Siyasət

“AŞPA bir qrup güc dairələrinin əlində manipulyasiya alətinə çevrilib” – ŞƏRH

Sharing is caring!


“Azərbaycan Respublikasının Avropa Şurasının Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin mandatına etiraz təşəbbüsü qurumun ölkəmizə qarşı son zamanlar apardığı qarayaxma kampaniyasında pik nöqtə oldu”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

Onun sözlərinə görə, AŞPA və digər institutlar tərəfindən ölkəmizə qarşı riyakar, ikiüzlü siyasət aparılır:

“Bu addım ölkəmizin regionda yaratdığı yeni reallıqları, işğal altında olan torpaqlarımızın qaytarılması və ərazilərimiz üzərində suverenliyimizin bərpa edilməsini həzm edə bilməyən qüvvələrin iç üzünü ortaya qoydu. AŞPA-da Azərbaycanın nümayəndə heyətinə qarşı bu cür kampaniya aparılması sübut edir ki, onlar bir qrup güc dairələrinin əlində manipulyasiya alətinə çevriliblər”.

Deputat bildirib ki, Azərbaycanın qələbəsini həzm edə bilməyən Fransaya yaxın müttəfiqlər AŞPA-dan da, Avropa Parlamenti kimi, siyasi manipulyasiya aləti qismində istifadə etdilər:

“Ölkəmizin nümayəndə heyətinin mandatına etiraz edilməsinin gündəmə gətirilməsi davam edən prosesin ardı idi.

Təbii ki, Azərbaycan öz milli maraqlarını qoruyan, suveren dövlətdir. Təəssüflər olsun ki, insan hüquqları, demokratik dəyərlər adı altında bünövrəsi qoyulmuş bir təşkilatın bu hüquqlara qarşı çıxış etdiyinin şahidi olduq. Torpaqlarımız işğal atında olan zaman bir dəfə də olsun, bizim haqlı səsimiz bu təşkilatın platformasından səslənmədi. 30 il ərzində ölkəmizə qarşı olan riyakar siyasəti gizlətdilər. 44 günlük müharibədən, antiterror tədbirlərindən sonra isə iç üzlərini göstərdilər”.

O qeyd edib ki, ədalətsiz münasibətə sakit qalmaq mümkün deyil:

“AŞPA nümayəndələri islamofob, türkofob düşüncələrin içərisində boğulub, batırlar. Fikrimcə, Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin orada iştirakını qeyri-müəyyən müddətə dondurması önəmli cavabdır. Bundan sonra ölkəmizə qarşı qarayaxma kampaniyası aparmaq istəyənlər biləcəklər ki, Azərbaycanla hədə-qorxu, güc dilində danışmaq nəticə verməyəcək”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir