Siyasət

İflic olmuş BMT Təhlükəsizlik Şurası – dünyada sülhü kim təmin etməlidir? – ŞƏRH + FOTO

Sharing is caring!


Dünyada sülh və sabitliyin təmin olunmasına görə məsuliyyət daşıyan əsas qurum Birləşmiş Millətlər Təşkilatı (BMT) və xüsusilə, onun altqurumu hesab olunan Təhlükəsizlik Şurasıdır (TŞ). 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövlətinin yaratdığı “Ümumdünya hökuməti”nin əsas məqsədləri münaqişələrin sülh yolu ilə tənzimlənməsi və kollektiv tədbirlər qəbul etməklə beynəlxalq sülhün, təhlükəsizliyin qorunub saxlanması olub. Xalqların özünüdərketmə və bərabərlik prinsipinə hörmət əsasında ölkələrarası dostluq münasibətlərinin inkişaf etdirilməsi, beynəlxalq humanitar, mədəni, sosial, iqtisadi хarakterli problemlərin həllində beynəlxalq əməkdaşlığı həyata keçirmək də bura daxildir. Eyni zamanda, bütün insanlara heç bir fərq qoymadan azadlıq, insan hüquqlarına hörmət, onun genişləndirilməsi və müxtəlif ölkələrin razılaşması üzrə bu məqsədlərə çatmağa yönəldilmiş mərkəzi orqanın funksiyalarının yerinə yetirilməsi də məqsədlər sırasındadır.

Təhlükəsizlik Şurası BMT-nin daimi fəaliyyət göstərən ali orqanıdır. Nizamnaməsinə görə, bu təşkilat beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) və 2 il müddətinə seçilən 10 qeyri-daimi. Şuranın hər bir üzvü bir səsə malikdir.

Bu gün dünyanın ayrı-ayrı regionlarında, o cümlədən Yaxın Şərqdə, Şərqi Avropada baş verən hadisələr, davam edən müharibələr, həmçinin böyük dövlətlərin öz ambisiyaları uğrunda mübarizəsi onu deməyə əsas verir ki, BMT TŞ vəzifəsini yerinə yetirə bilmir.


BMT-nin Baş katibi Antonio Quterreş də İsveçrədə keçirilən Davos İqtisadi Forumunda çıxışı zamanı TŞ-nin nüfuzunu itirdiyini deyib. O, BMT TŞ-nin təsirinin azaldığını bildirib: “Bu gün bir sıra böhranlarda İsrail, İran, Türkiyə kimi orta səviyyəli ölkələr BMT TŞ-nin 5 daimi üzvündən, həmçinin məndən daha çox təsirə malikdirlər. Etiraf etməliyik ki, bu gün baş verənlərə böyük güclərdən daha çox təsir göstərən orta güclər var”. Baş katibin sözlərinə görə, bu, artıq sübut olunub.

BMT TŞ-nin “dişsizliyi” Azərbaycana da yaxşı tanışdır. Bu qurum 30 il əvvəl keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etmişdi. 822, 853, 874 və 884 saylı qətnamələr ermənilərin işğal etdikləri torpaqlardan qeyd-şərtsiz çıxmalarını tələb edirdi. Lakin BMT TŞ uzun illər ərzində bu qətnamələrdən heç birini icra etmədi. Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində bu sənədlərin tələblərini özü yerinə yetirdi.

Təkcə bu faktın özü onu deməyə əsas verir ki, BMT TŞ, doğrudan da vəzifələrini icra edə bilmir.


Türkiyə rəsmiləri, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan da BMT TŞ ilə bağlı dəfələrlə tənqidi fikirlər səsləndirib. O, 2023-cü ilin dekabrında İstanbulda İnsan Hüquqları Gününə həsr olunmuş forumda çıxışı zamanı BMT-də islahatlara ehtiyac olduğunu diqqətə çatdırmışdı. Bundan başqa, Ərdoğanın “dünya beşdən böyükdür” ifadəsi də məhz BMT TŞ-nin fəaliyyətsizliyinə işarədir.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş isə ötən ilin oktyabrında Kocaeli Universitetinin yeni tədris ilinin açılış mərasimində söyləmişdi ki, BMT TŞ, demək olar, zibil qutusuna atılmış bir qurumdur. O bildirib ki, bu təşkilat funksiyalarını yerinə yetirmir: “Bu gün “beynəlxalq hüquq”, “müharibə cinayətləri” termini mənasını itirib. Bu gün BMT TŞ müharibələrə, ayrı-ayrı regionlardakı hərbi toqquşmalara tamamilə laqeyd yanaşır. BMT hansı müharibəni dayandırıb? Rusiya ilə Ukrayna arasında davam edən savaşı dayandıra, müharibə cinayətlərinin qarşısını ala bildimi? Xeyr!”.


Əslində, BMT baş katibinin sözlərində də ciddi həqiqət var. Bu gün Türkiyə, İsrail, İran kimi dövlətlər öz regionlarında təhlükəsizliyi özləri təmin etmək iqtidarındadırlar. Hər halda, onların bölgədə baş verən proseslərə təsir imkanları daha böyükdür, nəinki BMT TŞ-nin. TŞ-nin 5 daimi üzvünün xarici siyasət kursu da onu deməyə əsas verir ki, bu qurum ümidləri doğrulda bilməz. Bir şey ki, BMT TŞ-nin beş daimi üzvü ABŞ, Böyük Britaniya, Rusiya, Fransa və Çin kimi dövlətlərdir. Onların arasında iki müttəfiq blok var, biri ABŞ-Böyük Britaniya, digəri isə Rusiya-Çin. Hazırda bu bloklar bir-biri ilə rəqabət şəraitindədirlər. Belə olan təqdirdə onlar dünyada sülhü necə təmin edə bilərlər?!

Üstəgəl, demokratiyadan dəm vuran ABŞ, Fransa kimi dövlətlərdə polis zorakılıqları, insan haqlarının tapdalanması kimi hallar da ara vermir.

Əlbəttə, dünyada olan 200-dən çox dövlətin taleyi cəmi 5 ölkədən, üstəgəl, onlardan cəmi birinin veto hüququndan asılı olmamalıdır. Bu vəziyyət dünyaya sülh gətirməz. Əksinə, təcrübə də göstərir ki, bu, planetdəki xaosu daha da artırır. Odur ki, BMT-də təcili islahatlara ehtiyac var. Əks halda, kataklizmlərin daha da artacağı istisna deyil. Buna görə məsuliyyəti isə birbaşa BMT TŞ daşıyır və daşıyacaq.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir