Siyasət

Gürcü politoloq: “Fransa və Ermənistan əlbir olub oyun qurub, amma heç nəyə nail ola bilməyəcəklər” – FOTO

Sharing is caring!


Gürcü politoloq Simon Kopadze Ermənistanın Azərbaycanla sülh prosesində tutduğu destruktiv mövqenin arxasında Fransanın dayandığını bildirib.

O, “Report”un yerli bürosuna açıqlamasında deyib ki, Paris və İrəvan əlbir olub oyun qurub, amma heç nə əldə edə bilməyəcəklər.

Politoloq vurğulayıb ki, 2020-ci ildən 2023-cü ilə qədər mərhələli baş verən bütün proseslərdə Azərbaycan Ermənistana sülh danışıqlarının aparılmasını təklif edib:

“Sülh təklifi hər zaman Azərbaycan tərəfdən gəlirdi. Rəsmi Bakı həmişə şərait yaradırdı ki, İrəvan getdiyi səhv yoldan qayıtsın. Amma Ermənistanda elə düşünürdülər ki, Fransa ilə hansısa formada əlbir olub nəyəsə nail olacaqlar. Bu onlarda alınmayacaq, qurduqları oyun baş tutmayacaq. Ermənistan tərəfi hansısa irəliləyiş istəyirsə, bu zaman ən azı ilkin mərhələdə ekspertlər səviyyəsində Tbilisidə görüşlər keçirməyə razılıq verməlidir. Çünki Cənubi Qafqazda sülh istəyiriksə, burada olan 3 ölkə bunu etməlidir. Amma atdığı addımlar onları dünyadan təcrid etdi, bütün iqtisadi layihələrdən uzaqlaşdırdı. Düşünürəm ki, Ermənistanın etdikləri onların xeyrinə olmadı, öz səhvlərinin qurbanı oldular. Bu uğursuz siyasətlə onlar Azərbaycanın qarşısında dura bilməyəcəklər. Çünki artıq heç nəyi tələb edə bilməzlər. Tələb edəcəkləri nəsə olsaydı, çoxdan edərdilər. Azərbaycan nə insan hüquqlarını pozub, nə əsirlərə qarşı işgəncələr verib, nə də beynəlxalq hüquqa zidd hərəkət edib”.

S.Kopadze diqqətə çatdırıb ki, Prezident İlham Əliyev və Azərbaycan xalqı Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir. O vurğulayıb ki, rəsmi Bakı hər zaman regionda sülhü dəstəkləyib.

“Azərbaycanın mövqeyi ondan ibarətdir ki, sülh olarsa, həyat inkişaf edəcək, iqtisadiyyat güclənəcək və region xalqları gözəl şəraitdə yaşayacaq. Təbii ki, bu proses bir çox ölkələri narahat edir. Azərbaycan isə hansısa formada bütün ölkələrlə gözəl əlaqələr qurmağı bacarıb, dünyanın investisiya yatırdığı dövlətlərdən birinə çevrilib. Artıq demək olar ki, hər kəs Azərbaycanla yaxşı münasibətlər qurmağa çalışır. Bunu etmək istəməyənlər isə uduzacaq. Azərbaycan çox sürətlə inkişaf edir və bu inkişafı heç kim saxlaya bilməz”, – siyasi icmalçı diqqətə çatdırıb.

Politoloqun sözlərinə görə, nəinki Azərbaycanın, dünyanın istənilən dövlətinin ərazi bütövlüyünün bərpa olunması, həmin ərazilərin yenidən qurulması müsbət halıdır.

İşğaldan azad olunmuş Zəngilan və Ağdama səfər etdiyini deyən S.Kopadze yenidənqurma prosesi ilə yaxından tanış olduğunu və gördüklərindən təəccübləndiyini deyib: “İşlər hansı sürətlə gedir bunu sadəcə görmək lazımdır. Hələ mən hansısa bir ölkədə işğaldan azad olunan ərazilərdə belə sürətlə yenidənqurmanın şahidi olmamışdım. Şəxsən orada gedən tikinti işlərini, bütün prosesləri gözümlə görmüşəm”.

Ekspert fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərinə də toxunub: “Seçkilər 30 il sonra bütöv Azərbaycan ərazisində keçiriləcək. Bu da təbii ki, çox vacib olan məsələdir. Çünki müəyyən ərazi işğalda olanda seçki tam sayılmır, amma indi bütöv Azərbaycan səs verəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir