Siyasət

Elşad Mirbəşiroğlu: “Ermənistan, sadəcə, öhdəliklərindən boyun qaçırmaq məqsədilə əsassız bəhanələr gətirir”

Sharing is caring!


“Ölkə başçısı növbəti dəfə Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdi. Azərbaycan tərəfi Zəngəzur dəhlizinin açılmasında israrlıdır və Ermənistanla Azərbaycan arasındakı münasibətlərin stabilləşməsinin əsas şərtlərindən biri də budur”.

Bunu Oxu.Az-a açıqlamasında politoloq, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu ölkə başçısının yerli mediaya müsahibəsi zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Politoloq bildirib ki, Ermənistan 2020-ci il 10 noyabr tarixində birgə bəyanata imza atmaqla öz üzərinə bir sıra öhdəliklər götürüb:

“Ermənistanın Üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən götürdüyü öhdəliklərdən biri yüklərin və insanların sərbəst, təhlükəsiz hərəkətinə şərait yaratmaq idi. Yəni Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması ilə bağlı Ermənistanın aydın ifadə edilən öhdəliyi bu dəhlizin açılmasıdır. Ermənistan uzun müddət dəhliz ifadəsini qəbul etmirdi və bu gün də etmir. Ermənistan Azərbaycanın təklifi olan Zəngəzur dəhlizinin açılmasını öz suverenliyinə təhdid kimi anlayır. Amma bunun heç bir əsası yoxdur. Ermənistan, sadəcə, bu öhdəlikdən boyun qaçırmaq məqsədilə əsassız bəhanələr gətirir.

Burada diqqəti cəlb edən əsas məqam budur ki, Ermənistan 2023-cü ilə qədər müxtəlif bəhanələr altında dəhlizin açılmasından yayındı. 2023-cü ildə ilk dəfə Tbilisidə Nikol Paşinyan dolayı mövqelərini açıq mətnlə göstərdi. O dedi ki, nəqliyyat əlaqələri keçdikləri ölkələrin suveren nəzarəti altında olmalıdır. Birgə bəyanatda göstərilir ki, Ermənistanın ərazisindən keçəcək nəqliyyat xətti üzərində nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti həyata keçirəcək. Bu şərtlər daxilində Zəngəzur dəhlizinin açılmasını Qərb dairələri də dəstəkləmirlər, çünki Paşinyanı hakimiyyətə elə Qərb dairələri gətirib. Paşinyan yenə də ona verilən təlimatlara görə davranır. Onu narahat edən əsas məqam bu kommunikasiya xəttinə, dəhlizə Rusiyanın nəzarəti olacaq. O buna görə müxtəlif vasitələrlə Zəngəzur dəhlizinin açılmasından yayınmaqdadır. Amma bu, Ermənistanı və Paşinyanı məsuliyyətdən azad etmir. Çünki Paşinyan məğlub durumda, özünü daha ağır məğlubiyyətdən xilas etmək üçün birgə bəyanata imza atıb. Amma bir müddət sonra bəyanatda üzərinə götürdüyü öhdəliklərə, bəyanatın şərtlərinə əməl etmir. Bu, bir dövlət üçün qeyri-ciddi yanaşmadır”.

E.Mirbəşiroğlu onu da əlavə edib ki, Üçtərəfli Bəyanatın 4-cü bəndinə əsasən, Ermənistan silahlı birləşmələrini Azərbaycan torpaqlarından çıxarmalı idi, amma etmədi:

“Bundan başqa, Laçın yoluna paralel yolun çəkilməsi ilə bağlı öhdəliyini də yerinə yetirmədi. Hətta Azərbaycan Ermənistana təklif etdi ki, onların ərazilərində də bu yolun inşasını həyata keçirə bilərik. Ermənistan bəyanatın 9-cu bəndinə uyğun da addımlar atmadı. Azərbaycan öncəki bəndlərdən irəli gələn addımları öz gücünə həyata keçirdi. Biz demirik ki, Zəngəzur dəhlizini zorla reallaşdıracağıq. Biz deyirik ki, bu dəhliz bizim üçün prioritet məsələdir və Ermənistan bununla bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir.

Birincisi, Ermənistan “Erməni qovşağı” adını irəli sürdü. Gördü ki, bu təklif özünü doğrultmayacaq, indi də “Sülh kəsişməsi” adı altında manipulyasiyalara cəhd edir. Təbii ki, Azərbaycan tərəfi onların bu təklifinin ölkəmiz üçün əlverişli olmadığını bildirib. Prezidentimiz bir daha vurğulayıb ki, Azərbaycan üçün ən sərfəli variant, Üçtərəfli Bəyanatın 9-cu bəndində ifadə edildiyi kimi, tarixi Azərbaycan torpaqları olan ərazilərdən keçən Zəngəzur dəhlizidir. Ermənistan bu yolu açmasa, digər heç bir kommunikasiya imkanlarından söhbət gedə bilməz. Ermənistanın hazırkı kommunikasiya imkanları da onu olduqca ağır, gərgin sosial-iqtisadi vəziyyətdə saxlamaqdadır. Ermənistan özünü təcrid vəziyyətində saxlayır. Zəngəzur dəhlizi, əslində, Ermənistan üçün bir çıxış yoludur. Gələcəkdə Ermənistan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə birbaşa iqtisadiyyatının asılı olduğu Rusiyaya çıxış imkanı əldə edəcək. Eləcə də, dəhliz vasitəsilə Fars körfəzinə qədər digər istiqamətlərə də çıxış əldə edə bilərdi. Lakin Ermənistan bu imkanlardan imtina etməklə sübut edir ki, Qərbdəki ağalarından asılı dövlətdir. Paşinyan öz gələcəkləri barədə düşünmür”.

“Bir sözlə, ölkə başçısı müsahibəsində də Azərbaycanın mövqeyini ifadə etdi və prioritetin Zəngəzur dəhlizinin açılması olduğunu vurğuladı. Biz orada, Ağbənd istiqamətində işlərin 70 faizini reallaşdırmışıq. Bu o deməkdir ki, Zəngəzur dəhlizinin açılması istiqamətində ölkəmiz infrastruktur komponentləri yaratmaqdadır. Qeyd edim ki, 1992-ci ilə qədər bu dəhliz fəaliyyət göstərib və son qatar həmin il oradan keçib. Həmin dövrdə bu dəhliz Ermənistanın suverenliyi və ya ərazi bütövlüyünə təhdid olmayıbsa, necə ola bilər ki, bu dəhliz yenidən bərpa edildiyi halda Ermənistana hansısa təhdid yaransın? Bu da bir daha sübut edir ki, Ermənistan əsassız iddialarla, süni formada bu dəhlizin həyata keçirilməsinin qarşısını almağa çalışır. Lakin Azərbaycan artıq bu istiqamətdə zəruri işlər görür. Azərbaycan başladığı işin məntiqi nəticəsinə çatacağına əmindir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir