Siyasət

Ravvin Zamir İsayev ABŞ-yə cavab verdi: “Anlayırıq ki, külək haradan əsir” – MÖVQE

Sharing is caring!


“ABŞ Dövlət Departamentinin dünyadakı dini azadlıqlarla bağlı tərtib etdiyi hesabata Azərbaycanın adının salınması bütün Azərbaycan ictimaiyyəti, o cümlədən Azərbaycanda yaşayan azsaylı xalqlar tərəfindən çox neqativ qarşılanır.

Bu, başadüşüləndir, çünki Azərbaycana qarşı qərəzli siyasət həm gülünc, həm də absurddur”.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Sefarad və Gürcü Yəhudilərinin İcmasının sədri ravvin Zamir İsayev deyib.

O bildirib ki, Azərbaycanda nə əvvəllər, nə də indi azsaylı xalqlara və dini azlıqlara qarşı ayrı-seçkilik, təzyiqlər olub.

“Əksinə, Azərbaycan dövləti hər zaman dini, milli azlıqların qayğısına qalıb. Buna misal olaraq Azərbaycandakı yəhudi icmasını göstərə bilərik. Azərbaycanda yəhudi icması çox inkişaf edib. Dünyanın bütün ölkələrindən fərqli olaraq, Azərbaycanda multikulturalizm hökm sürür”, – deyə o əlavə edib.

Ravvinin sözlərinə görə, Yaxın Şərqdə baş verən böhran fonunda dünyanın, demək olar ki, bütün ölkələrində antisemitizm meyilləri güclənir.

Zamir İsayev bildirib ki, Azərbaycan həmin meyillərdən uzaqdır, çünki ölkədə dostluq və qardaşlıq münasibətləri həm dövlət, həm də xalq tərəfindən qorunur.

“Azərbaycan dövləti azsaylı xalqların, dini azlıqların nəinki indiki günü, hətta gələcəyi haqqında düşünür. Onların daha da inkişafı üçün əlindən gələni edir. Rəhbərlik etdiyim icmanın nəzdində fəaliyyət göstərən 46 saylı orta məktəbi nümunə göstərə bilərəm. Burada yəhudi şagirdlər təhsil alır və dövlət proqramı çərçivəsində yəhudi xalqının tarixini, mədəniyyətini öyrənirlər. Bu da onu göstərir ki, Azərbaycan dövləti azsaylı xalqların nümayəndələrinin milli identifikasiyasının qorunub-saxlanılmasında maraqlıdır. Bu, çox vacibdir və dünyanın az ölkəsində belə fakta rast gəlmək olar”, – deyə Zamir İsayev şərh edib.

İcma sədri bildirib ki, Azərbaycan yəhudilərinin Dövlət Departamentinin hesabatına münasibəti mənfidir.

“Biz anlayırıq ki, külək haradan əsir. Biz başa düşürük ki, Azərbaycana qarşı qərəzli münasibət təsadüfi deyil. Azərbaycan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz suverenliyini bərpa edib. Bu, bizim düşmənlərimizin xoşuna gəlmir, onlar bu reallığı həzm edə bilmirlər. Ona görə də müxtəlif üsullarla Azərbaycanın inkişaf edən beynəlxalq nüfuzuna xələl gətirmək istəyirlər. Biz əminik ki, onlar buna nail olmayacaqlar.

Biz öz Vətənimiz olan Azərbaycanı sevirik və daim onun maraqlarını həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə qorumağa hazırıq. Bundan ötrü əlimizdən gələni edirik. ABŞ-də yaşayan yəhudilərə də Azərbaycan haqqında həqiqətlər məlumdur. Biz də öz mesajlarımızı ABŞ-də yaşayan dostlarımıza çatdırmışıq. İnanıram ki, ədalət öz yerini tapacaq”, – deyə o, fikrini yekunlaşdırıb.

Xatırladaq ki, yanvarın 4-də ABŞ-nin Dövlət katibi Antoni Blinken dini etiqad azadlığı ilə bağlı bir sıra ölkələrin, o cümlədən Azərbaycanın da “izləmə siyahısı”na daxil edildiyini açıqlamışdı.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir