Siyasət

Yeni ilə yeni hədəflərlə – FOTO

Sharing is caring!


2023-cü ildə tarixi anlar yaşadıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə suverenliyimiz bərpa edildi, separatizmə son qoyuldu. Xankəndidə üçrəngli bayrağımız ucaldıldı. 

Yola salmağa hazırlaşdığımız 2023-cü il Azərbaycanın ictimai-siyasi həyatında bir çox önəmli hadisələr və olaylarla yadda qalıb. Ümumilikdə, ulu öndərin adını daşıyan “Heydər Əliyev ili”ni müstəqillik tariximizin ən unudulmaz illərindən biri kimi xarakterizə edə bilərik. 

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Səfirliyə hücum, deputata sui-qəsd 

İlin əvvəlini heç də xoş xəbərlərlə qarşılamadıq. Yanvarın 27-də İrandakı səfirliyimizə silahlı hücum nəticəsində mühafizə xidmətinin rəisi – baş leytenant Orxan Əsgərov qətlə yetirildi, iki nəfər yaralandı. Nəticədə səfirliyimiz öz fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. 
Bu olayın ardınca daha bir səs-küylü cinayət xəbərini aldıq. Millət vəkili Fazil Mustafa evinə gedərkən silahlı hücuma məruz qalaraq yaralandı. 

Bakıda iki Zirvə görüşü, İsraildə səfirlik

2023-cü ildə Azərbaycan beynəlxalq səviyyədə bir çox ilklərə imza atdı. Bakı dünyanın 120 ölkəsini özündə birləşdirən, BMT-dən sonra dünyada ən böyük beynəlxalq əməkdaşlıq platforması sayılan Qoşulmama Hərəkatının COVID-19-la bağlı Zirvə Görüşünə ev sahibliyi etdi. Bir müddət sonra Qoşulmama Hərəkatına üzv dövlətlərin rəsmiləri yenidən Azərbaycana gəldi. Prezident İlham Əliyevin də qatıldığı görüşdə Fransanın yeni müstəmləkəçilik siyasəti, BMT-də islahatlar, Cənubi Qafqazda sülhün şərtləri, dünyadakı islamofob meyillər müzakirə edildi. 
30 ildən sonra İsraildə Azərbaycan səfirliyinin açılışı reallaşdı. Bu qərar Azərbaycan-İsrail strateji əməkdaşlığında yeni mərhələnin başlanğıcını qoydu. 

Moskva-Brüssel-Vaşinqton qarşıdurması 

İlin birinci yarısı Azərbaycanla Ermənistan arasında müxtəlif platformalarda sülh danışıqlarına şahidlik etdi. ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtonda dörd gün davam edən görüşü keçirildi. Ardınca Rusiya xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə tərəflər Moskvada bir araya gəldilər. 

Müəyyən intervaldan sonra, Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüssel formatında görüş bərpa olundu. Mayın 25-də isə Moskvada Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putin və Nikol Paşinyanla üçtərəfli görüşü reallaşdı. 
“Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı çərçivəsində Kişineuda Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarının növbəti raundu keçirildi. Bu proseslər sülh ümidlərini artırsa da, sonradan tərəflər arasındakı danışıqlarda uzun fasilə yarandı. Ümumiyyətlə, 2023-cü ildə beynəlxalq vasitəçilərin təşəbbüsü ilə reallaşdırılan bu müzakirələr Moskva-Brüssel-Vaşinqton qarşıdurması kimi qiymətləndirildi. Ən sonda, ikitərəfli danışıqlar formatında aparılan müzakirələr öz nəticəsini verməklə əsirlərin qarşılıqlı mübadiləsi, sərhədlərin müəyyənləşdirilməsi prosesinin ölü nöqtədən tərpənməsinə şərait yaratdı.   

Xankəndidə ucalan bayraq 

2023-cü ildə baş verən ən önəmli hadisə 19-20 sentyabr tarixlərində Qarabağda aparılan lokal antiterror tədbirləri, bunun məntiqi nəticəsi olaraq suveren ərazilərimizdə separatçı rejimin varlığına birdəfəlik son qoyulması, oktyabrın 15-də Xocalı, Ağdərə, Əsgəran da daxil olmaqla, Xankəndidə Azərbaycan bayrağının qaldırılması idi. Bu tarixlər tək yola saldığımız ilin yox, müstəqil Azərbaycanın mövcud olduğu illərin ən mühüm əhəmiyyət kəsb edən anları idi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin parlaq zəkası, dəmir iradəsi sayəsində onun rəhbərliyi ilə 30 illik işğal dövrü birdəfəlik bağlandı.

 

Sürətli bərpa və məskunlaşdırılma ili 

2023-cü il həm də işğaldan azad edilmiş ərazilərimizin sürətli bərpası və məskunlaşdırılması ili kimi də yadda qaldı. Noyabrın statistik göstəricilərinə əsasən, Böyük Qayıdış proqramı çərçivəsində Füzuli şəhərinə 308 (1 106 nəfər), Laçın şəhərinə 363 (1389 nəfər), Ağalı kəndinə 175 (871 nəfər), Talış kəndinə 20 (90 nəfər), Zabux kəndinə isə 121 ailə (476 nəfər) köçürülüb. Ümumilikdə, işğaldan azad edilmiş ərazilərə 987 ailə olmaqla 3 932 nəfər köçürülüb. 2026-cı ilin sonunadək 26 min ailənin tək Qarabağ iqtisadi rayonuna köçürülməsi nəzərdə tutulur.

Növbədənkənar Prezident seçkiləri 

Bütün bu proseslərin fonunda Azərbaycan ilin sonunda ölkəmizin gələcək siyasi-iqtisadi inkişaf yolunu müəyyənləşdirəcək tarixi qərarın verilməsinə şahidlik etdi. Prezident İlham Əliyev növbədənkənar Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzaladı. Gələn il fevralın 7-də keçiriləcək seçki prosesi ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün suveren ərazilərində təşkil olunacaq. Laçın, Füzuli şəhərləri də daxil olmaqla evlərinə qayıdan keçmiş məcburi köçkünlər ilk dəfə olaraq ata-baba yurdlarında səsvermə hüquqlarından istifadə edəcəklər. 

Xankəndidə futbol bayramı

2023-cü ildə idman sahəsində də çoxsaylı uğurlarımızın olmasına baxmayaraq, iki hadisə xüsusilə seçildi. “Qarabağ” klubu ilk dəfə olaraq Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Ardınca isə 30 ildən sonra Xankəndi şəhər stadionunda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da izlədiyi iki yerli komandamızın – “Qarabağ” və MOİK-in qarşılaşmasına şahidlik etdik. 

“Yaşıl dünya naminə həmrəylik ili”

Yola saldığımız ildə əldə etdiklərimiz 2024-cü ilə daha böyük inamla baxmağımızı şərtləndirir. Elə ilin son günlərində Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə də bu prizmadan yanaşmalıyıq. Gələn il Azərbaycan COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcək. Sərəncamda da vurğulandığı kimi, bu tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın bariz nümunəsidir. 
Yeni ilimiz uğurlu, düşərli olsun! 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir