Siyasət

IDEA-nın “Sevincini bölüş” kampaniyasında xüsusi qayğıya ehtiyacı olan uşaqlara hədiyyələr paylanılıb – FOTO

Sharing is caring!


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Sevincini bölüş” kampaniyası çərçivəsində şəhərin müxtəlif yerlərində yerləşdirilən xüsusi ianə qutularından toplanan istifadəyə yararlı oyuncaqlar, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlara təqdim edilib. Sözügedən qutulara toplanılan oyuncaqlardan ibarət hazırlanan yüz ədəd hədiyyə qutusu “Ümid yeri” uşaq sığınacağındakı azyaşlı uşaqlara paylanılıb.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların hədsiz sevincinə səbəb olan, onlara təbəssüm dolu gülüşlər bəxş edən, bayram ab-havası yaradan bu təşəbbüsə dəstək verən və kampaniyanın uğurla həyata keçməsində fəal olan hər bir iştirakçıya IDEA İctimai Birliyi minnətdarlığını bildirir.

Məlum olduğu kimi, tullantıların azaldılması, təkrar istifadəsi və təkrar emalına xüsusi önəm verən IDEA İctimai Birliyi tərəfindən bu istiqamətdə geniş miqyaslı təbliğat və təşviqat tədbirləri, kağız və plastik tullantıların, işlənmiş batareyaların toplanaraq təkrar emala göndərilməsi, eləcə də geyim əşyalarının toplanaraq təkrar istifadəyə göndərilməsi üzrə layihələr həyata keçirilir.

Digər məhsullar kimi, yüksək tələbata malik olan oyuncaqların da tullanması və çürüməsi ətraf mühitə zərərsiz ötüşmür. Bu, həm tullanılan məhsulların çürüməsi zamanı təbiətə buraxılan zəhərli maddə və qazlar, həm də yeni məhsulların istehsalından irəli gələn zərər ilə bağlıdır.

Bu xüsusda, IDEA İctimai Birliyi şəhərimizin sakinlərini öz “sevincini bölüşməyə”, evlərində olan istifadəsiz, yararlı və saf qalan oyuncaqlarını tullamaq əvəzinə IDEA-nın ianə qutularına yerləşdirməklə ehtiyacı olan uşaqlara öz yardım əlini uzatmağa, eyni zamanda həmin oyuncaqlara “ikinci həyat” verməklə təbiətə vurulan zərəri azaltmağa çağırır. İanə edilən oyuncaqların qutulara atmaqdan öncə təmizlənməsi, qutulara kənar əşyalar və ya tullantılar atılmaması xahiş edilir. IDEA İctimai Birliyi hər kəsi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edir, və sizləri ətraf mühitin mühafizəsi naminə həmrəy olmağa səsləyir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir