Siyasət

“The National Interest”: “Hindistan Ermənistan üçün əsas silah tədarükçüsünə çevrilib”

Sharing is caring!


“Son üç ildə Hindistan Ermənistanın əsas silah tədarükçüsünə çevrilib”.

Bu barədə “National Interest” nəşri Hindistan Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, əsas müdafiə sövdələşmələrinə “Pinaka” reaktiv yaylım atəş sisteminin satışı, silah yerləşdirmə radarları, tank əleyhinə raket sursatları və 155 mm-lik artilleriya silahları üçün 40 milyon dollarlıq müqavilə daxildir.

Mənbənin sözlərinə görə, Ermənistan daha çox müdafiə sövdələşmələrində, o cümlədən pilotsuz uçuş aparatları və dronlarla mübarizə sistemləri, patrul sursatları və orta mənzilli “torpaq-hava” sinifli raketlərin əldə edilməsində maraqlıdır.

Məqalədə qeyd olunur ki, Hindistanın Cənubi Qafqaz ölkəsi olan Ermənistanla əlaqələrini genişləndirməsi rəsmi Nyu-Delhinin xarici siyasətində yeni dəyişikliklərin tərkib hissəsidir.

“Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarın 2021-ci ilin oktyabrında İrəvana səfəri tarixidir, çünki bu, XİN rəhbərinin son 30 ildə Ermənistana ilk belə səfəridir. Bundan əvvəl Baş nazir Narendra Modi Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində erməni həmkarı Nikol Paşinyanla görüşüb və Avrasiya İqtisadi İttifaqı ilə ticarət sazişinin tamamlanmasında İrəvanın dəstəyini təmin edib.

2022-ci ilin sentyabrında Banqalorda keçirilən Hindistan-Ermənistan Konfransında hər iki ölkə işgüzar əlaqələri inkişaf etdirmək üçün mədəniyyət, rəqəmsal infrastruktur və bərpa olunan enerji üzrə anlaşma memorandumları imzalayıb. Bundan əlavə, Hindistan və Ermənistan arasında beyin mərkəzləri səviyyəsində əməkdaşlığın yüksəlişini müşahidə etmək olar”, – deyə müəllif yazır.

Bildirilir ki, Türkiyə və Pakistanın Azərbaycana dəstəyi Hindistan üçün Ermənistana havadar durmağı daha da vacib edib.

“2017-ci ildə Türkiyə, Azərbaycan və Pakistan arasında müdafiə və strateji əlaqələrin gücləndirilməsinə dair üçtərəfli saziş imzalanıb. Vurğulayaq ki, Azərbaycan Kəşmir məsələsində Pakistanı dəstəklədiyini bəyan edib, Ermənistan isə Hindistanı dəstəkləyir”.

Nəşrdə Hindistanın Ermənistanı, həmçinin, Cənubi Qafqazda strateji və iqtisadi mövcudluğunu genişləndirmək üçün qovşaq kimi gördüyü də vurğulanıb.

“Hindistanın Ermənistanın da bir hissəsi olduğu Beynəlxalq Şimal-Cənub Dəhlizinə marağı onun İran yaylası (Pakistan və Əfqanıstan tərəfindən bloklanan) vasitəsilə Avrasiya, Mərkəzi Asiya və Avropa ilə quru əlaqəsi arzusunda möhkəm köklənib. Bu məqsədlə Hindistan İranın cənub-şərqindəki Çahbahar limanını Avropa və Avrasiya bazarları ilə birləşdirərək bu dəhlizi Ermənistana qədər uzatmağa çalışır.

Azərbaycan Pakistan və Türkiyə ilə yaxın olduğu üçün, Ermənistan Hindistan üçün təbii seçimdir. 2021-ci ilin may ayında İrəvan İran limanlarını Ermənistan üzərindən Gürcüstan limanları ilə birləşdirəcək İrana alternativ yol barədə elan edib. Hindistan xarici işlər nazirinin 2021-ci ildəki səfəri zamanı Ermənistan da Hindistan məhsullarının Ermənistan vasitəsilə Rusiyaya və Qara dənizə daşınmasına icazə verən sxem təklif edib”, – deyə materialda qeyd olunur.

Jurnalistin fikrincə, qeyd olunanları nəzərə alsaq, hər iki ölkənin güclü strateji tərəfdaşlığa doğru irəlilədiyi qənaətinə gəlmək olar. Bununla belə, nəşrin qeyd etdiyi kimi, Azərbaycan Qarabağ üzərində öz nəzarətini tam bərpa etdikdən sonra Hindistan bu regionda sərmayələri və strateji birləşdirici layihələri ilə bağlı planlarında tərəddüd edir.

“The National Interest”də vurğulanıb ki, dünya güclərinin Cənubi Qafqazda artan iştirakı da Hindistan və Ermənistan arasında münasibətlərin strateji tərəfdaşlığa çevrilməsinə mane ola bilər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir