Siyasət

“Serb xalqı fərqindədir ki, müstəqil siyasət həyata keçirən liderlər hər zaman hədəfdə olurlar” – ŞƏRH + FOTO

Sharing is caring!


“Bu gün dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Serbiya arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycan və Serbiya arasında əlaqələr qarşılıqlı etimada əsaslanır. Hər iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının görüşlərinin böyük əhəmiyyəti var. Bu ölkələr hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və hesab edirəm ki, bu siyasət dəyişməz olaraq da qalacaqdır”.

Bu fikirləri Oxu.Az-a Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kamran Bayramov deyib.

O qeyd edib ki, ölkələr arasında münasibətlərin inkişafında dövlət başçıları arasında baş tutan görüşlərin böyük əhəmiyyəti var:

“Bu görüşlər strateji tərəfdaşlıq zəminində qurulmuş münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldir. Dövlət başçılarının qarşılıqlı səfərləri onu göstərir ki, əməkdaşlıq əlaqələri davamlı olaraq inkişaf edir. İmzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə əməkdaşlıq əlaqələrinin yüksək statusundan xəbər verir. Bu gün Balkan ölkələrinin liderləri tərəfindən Azərbaycanla əməkdaşlığa böyük maraq göstərilir. Bu ölkələrlə Azərbaycan bir-birilərini qarşılıqlı olaraq Cənubi Qafqazda və Qara dəniz regionunda strateji və etibarlı tərəfdaş hesab edirlər. Dövlət başçımız bildirib ki, həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP-29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə dəstək göstərdilər. Bu amil dostluğumuzun nümunəsidir”.

Deputatın sözlərinə görə, Azərbaycanda səfərdə olarkən Serbiya Prezidenti Aleksandar Vuçiç də bildirib ki, iki ölkə arasında güclü və səmimi dostluq var:

“Azərbaycanı Serbiyaya, Serbiyanı isə Azərbaycana qarşı döndərmək mümkün deyil. Biz bir-birimizin ərazi bütövlüyümüzü dəstəkləyirik. Bu, belə olmuşdur və belə də olmağa davam edəcək. Mən Prezident İlham Əliyevə minnətdaram, çünki o, bizim ölkənin ərazisində asayişin qorunması, BMT Nizamnaməsinin tələblərinin müdafiə olunması ilə bağlı üzləşdiyimiz çətinlikləri dəqiqliklə bilir və lazım olduqda ölkəmizə öz dəstəyini əsirgəmir. Həmçinin, zəruri biliklər və gələcək haqqında bir çox məsələləri öyrəndiyimə görə də, ona minnətdaram”. 

Deputat bildirib ki, Serbiyada dekabrın 17-də keçirilən parlament və yerli özünüidarə orqanlarına seçkilərdən sonra ölkədə siyasi gərginlik artmaqda davam edir. Serbiya Prezidenti Aleksandar Vuçiçin rəhbərlik etdiyi partiya seçkilərdə qalib gəlib. Müşahidələr onu deməyə əsas verir ki, hadisələr postsovet və Şərqi Avropa ölkələrində dəfələrlə sınanmış “rəngli inqilab” ssenariləri əsasında cərəyan edir. Bu qüvvələr narazı elektoratdan istifadə edərək çevriliş etməyə cəhd göstərirlər. Ancaq, xalqın gözü tərəzidir. Serb xalqı onun fərqindədir ki, müstəqil siyasət həyata keçirən liderlər hər zaman hədəfdə olurlar. Öz xalqının milli mənafeyindən irəli gələn siyasət yeridən dövlət başçıları beynəlxalq güclərin təzyiqi altına düşürlər. El misalında deyildiyi kimi “sonda gülən, yaxşı gülər”. Serbiya Prezidenti Aleksandar Vuçiçin Serb xalqının siyası iradəsinə söykənərək bu mürəkkəb situasiyadan qalib çıxacağı labüddür.

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir