Siyasət

Zaman sülh tələb edir, Ermənistan siyasi iradə nümayiş etdirməlidir – ŞƏRH + FOTO

Sharing is caring!


Azərbaycan artıq özünün ərazi bütövlüyünü təmin edib. İndi rəsmi Bakının prioriteti Cənubi Qafqazda sülh və sabitliyi, həmçinin əməkdaşlıq mühitini təmin etməkdir. Azərbaycan bunun üçün bütün imkanlardan istifadə edir. Bakının təkcə regional yox, demək olar, bütün xarici siyasət kursu bölgədə sülhün təmin olunmasına hesablanıb. Rəsmi Bakı bunun üçün bütün lazımi addımları atır, o cümlədən hərbi və diplomatik təşəbbüslər göstərir.

İlk vaxtlardakından fərqli olaraq bu gün Ermənistan sülh müqaviləsi ilə bağlı daha loyal mövqe ortaya qoyur.

Xatırlatmaq yerinə düşər ki, Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən əvvəl “Qarabağ Ermənistandır, nöqtə” deyirdi. Bu gün isə o, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Əlbəttə, bu, elə-belə olmayıb. Ermənistan hakimiyyətinin mövqeyi məhz Azərbaycanın səyləri nəticəsində mümkün olub. Rəsmi İrəvan başa düşür ki, sülh müqaviləsi olmadan regiondakı mövcudluğunu davam etdirə bilməz.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AzTV-yə müsahibəsində deyib ki, Sülh müqaviləsi hər şeyin 100 faiz həlli demək deyil. Onun sözlərinə görə, sülh müqaviləsi ilə bağlı bütün əhəmiyyətli təşəbbüslərin müəllifi məhz Azərbaycandır:

“Proses bir tərəfin istəyindən, arzusundan asılı deyil. Burada hər iki tərəfin müvafiq addımlar atması önəmlidir. Azərbaycanın suverenliyi tam bərpa olunduqdan sonra biz Ermənistan siyasi rəhbərliyi tərəfindən səslənən ismarışları diqqətlə izləyirik. Müəyyən pozitiv ismarışları da eşidirik. Ancaq pozitiv sözlərin və ismarışların verilməsi önəmli olsa da, onların real işlərə transformasiya edilməsi daha önəmli məqamdır”.

Nazir bildirib ki, rəsmi Bakı cari ilin noyabr ayının sonunda İrəvandan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini alıb:

“Bir günün içərisində Azərbaycan-Ermənistan münasibətləri Azərbaycan-Gürcüstan münasibətləri səviyyəsinə qədər yüksələ bilməz. Ancaq ən azından normal qonşuluq münasibətlərinin əsasının qoyulması və iki ölkə arasında açıq münasibətlərin həllinin prinsiplərini müəyyənləşdirən bir saziş ola bilər və olmalıdır”.

Dekabrın 25-də Ermənistanın Xarici İşlər Nazirliyi bu fikirlərə cavab verərək bildirib ki, İrəvan sülh müqaviləsi ilə bağlı Bakının son təkliflərini alıb.

C.Bayramovun verdiyi mühüm mesajlar isə ondan ibarətdir ki, Azərbaycana və regiona sadəcə kağız parçası lazım deyil. Nəzərə almaq lazımdır ki, Ermənistan nə 1994-cü ildə əldə olunmuş atəşkəsə, nə 2020 və 2021-ci illərdə Rusiyanın vasitəçiliyi ilə imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə əməl edib. Ermənistanın gələcəkdə öz iradəsi və ya üçüncü güclərin təhriki ilə ehtimal olunan sülh müqaviləsini pozacağı da istisna deyil.

Odur ki, əvvəlcə münbit şərait yaradılmalıdır. Sülh müqaviləsinin əsas şərtlərindən biri Qarabağdakı qondarma rejimin ləğv edilməsi idi. Azərbaycan artıq buna nail olub. Amma bu, hələ hər şey demək deyil. Sərhədlərin delimitasiya və demarkasiyası, həmçinin minalı ərazilərin xəritəsinin Azərbaycana təhvil verilməsi sülh müqaviləsinin imzalanmasına təkan verə bilər. Bu şərtlər ödənilmədən sülh müqaviləsi o qədər də ağlabatan görünmür.

Dediyimiz kimi, rəsmi Bakı artıq ərazi bütövlüyünü təmin edib. Azərbaycan beynəlxalq və regional aktorlarla uğurlu, davamlı münasibət qurub. Odur ki, indi sülh müqaviləsi Azərbaycandan daha çox Ermənistana lazımdır. Çünki Ermənistan hakimiyyətində lazımi siyasi iradə yoxdur. Paşinyan gah Rusiyanın, gah da Qərbin sifarişlərini yerinə yetirir. Bu isə qarşı tərəfin addımlarının proqnozlaşdırılmasına çətinlik yaratmaqla yanaşı, həm də Ermənistanı bir dövlət kimi beynəlxalq əməkdaşlıqdan təcrid edir.

Düşünmək olar ki, rəsmi Bakı və İrəvan bundan sonra ikitərəfli münasibətlərə üstünlük verəcək. Çünki təcrübə göstərir ki, üçüncü qüvvələrin vasitəçiliyi prosesə töhfə vermir, əksinə, əngəl yaradır. Bundan sonra qarşılıqlı olaraq təkliflərin göndərilməsi və daha çox məsələdə konsensus əldə olunması mümkündür. Amma ən vacib amillərdən biri qarşılıqlı etimad mühitinin yaranmasıdır. Ermənistan bunun üçün biristiqamətli siyasət yeritməlidir.

Əlbəttə, C.Bayramovun dediyi kimi, sülh müqaviləsinin imzalanması ilə Ermənistanla münasibətlər birdən-birə maksimum səviyyədə olmayacaq. Bunun üçün zamana ehtiyac var. Xalqlar arasında da qarşılıqlı inam yaranmalıdır. Amma sülh müqaviləsi bu prosesin başlanğıcı ola bilər. Odur ki, rəsmi İrəvan indi siyasi iradə nümayiş etdirməlidir. Ermənistan rəsmiləri dediklərini əməldə də göstərməli, kənar güclərin təhrik və təlqinlərindən uzaq olmalıdırlar. İndi zaman sülh tələb edir.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir