Siyasət

Qərbin Serbiya planı: Həmin koordinat, həmin dalğa – ŞƏRH + FOTO

Sharing is caring!


Serbiya daha çox müstəqil siyasət yürütməyə çalışan Avropa ölkəsidir. Yuqoslaviya parçalandıqdan sonra Belqradı Qərb blokuna cəlb etməyə göstərilən cəhdlər hələlik uğursuzluğa düçar olur.

Dekabrın 17-də Serbiyada keçirilən parlament seçkisindən sonra təşkil olunan aksiyalar oxşar ssenariləri, ictimai-siyasi proseslərə təsir baxımından eyni texnologiyaları xatırladır.

Seçkinin nəticələrinə əsasən, hakim Serbiya Tərəqqi Partiyası və “Serbiya dayanmamalıdır” koalisiyası qalib gəlib, ötən seçkilərlə müqayisədə parlamentdə 128 yer, yaxud seçicilərin səslərinin 48,01 faizini qazanıb və daha 8 mandat əldə edib. Bununla da Serbiya Prezidenti Aleksandr Vuçiçin rəhbərlik etdiyi koalisiya qalib gəlib.

Müxalifətdə olan Azadlıq və Ədalət Partiyası isə 24,36 faiz səslə 65 yer əldə edib. Müxalif partiyanın qanunverici orqandakı deputatlarının sayı 25 nəfər artıb.

Ancaq müxalifət keçmiş sovet respublikalarında çoxdan köhnəlmiş sayılan texnologiya, şüarlar və amillərlə etiraz aksiyası keçirir, seçkinin nəticələrinin ləğvini istəyir.

Bu ölkə keçmiş sosialist düşərgəsində belə müstəqilliyə üstünük verirdi. Ovaxtkı rəsmi Belqrad Moskvanın tələblərinə birmənalı olaraq müsbət yanaşmayıb. Məsələn, keçmiş Yuqoslaviya SSRİ-nin etirazlarına baxmayaraq, Avropanın kapitalist ölkələri ilə münasibətlər saxlayırdı. Yaxud Kremlin yaratdığı Qarşılıqlı İqtisadi Yardım Şurasına üzv olmaqdan imtina edib, faşizmə qarşı müstəqil şəkildə partizan müharibəsi aparıb. Bu mübarizənin qəhrəmanı İosip Broz Tito özünü SSRİ rəhbəri İosif Stalindən heç də zəif fiqur saymayıb. 1948-1953-cü illərdə Stalin SSRİ-si ilə Yuqoslaviya arasında konflikt tarixdən məlumdur. Bu ziddiyyət Yuqoslaviyanın ABŞ, Türkiyə və Yunanıstanla yaxınlaşmasına səbəb olub.

Ancaq 1990-cı illərin hadisələri Yuqoslaviya Sosialist Federativ Respublikasının dağılması ilə nəticələndi. SSRİ boyda qüdrətli imperiya ilə ziddiyyətlər yaşamış bu ölkəni o illərdə Qərb bloku öz maraqlarına satdı. Halbuki bu dövlət könüllü olaraq Qərbə meyillənmişdi.

90-cı illərin hadisələri Bosniyada müsəlmanların soyqırımına səbəb oldu. Minlərlə insan yurd-yuvasından qaçqın düşdü. Bosniyanı dini-etnik baxımından parçalayanlar hələ də bu ölkəni nə Avropa İttifaqına, nə də NATO-ya qəbul ediblər. Oxşar şirnikləndirici təkliflə Kosovo Serbiyaya qarşı qoyulmaqdadır. Bunun üçün alban müsəlmanlarla xristian serblərin milli-dini heysiyyatlarından sui-istifadə edilir. Bu kimi çirkin işləri Serbiyada fəaliyyət göstərən, xarici institutların maliyyələşdirdikləri qeyri-hökumət təşkilatları və KİV təmsilçiləri həyata keçirirlər.

Qərb bloku xarici siyasət kursunun dəyişmək üçün A.Vuçiçə təzyiqlər edir. Qarşı tərəf rəsmi Belqradın Rusiya-Qərb qarşıdurmasında onlara qoşulub, Moskvanın siyasətinə qarşı çıxış etməsini istəyir. Kosovo məsələsindən Serbiya hakimiyyətinə qarşı istifadə edir, özlərini tolerant kimi göstərməyə çalışırlar. Halbuki bosniyalı müsəlmanlara qarşı soyqırımı törədənlər arasında NATO və Avropa İttifaqına üzv dövlətlərin hərbçiləri də olub.

Xatırladaq ki, A.Vuçiç bosniyalı müsəlmanların soyqırımına məruz qaldığı Srebrenitsaya səfər edərək qurbanların xatirəsini yad edib. O, bu cinayətə görə dövləti adından bosniyalı müsəlmanlardan üzr istəyib. Yeri gəlmişkən, ABŞ-nin keçmiş prezidenti Bill Klinton da bosniyalı müsəlmanlardan üzr istəmişdi.

Seçkidən sonra baş verənlər sübut edir ki, Qərb institutları Serbiyada “rəngli inqilab” ssenarisini həyata keçirməyə çalışır. Bunu xarici qüvvələrin ölkədəki siyasi-ictimai proseslərə, seçkinin nəticələrinə müdaxiləsi olaraq da dəyərləndirmək olar.

Serbiyada vəziyyətin gərginləşməsində maraqlı tərəf kimi Almaniya və Fransa daha çox canfəşanlıq edir. Çünki bu cütlük özünü Avropa İttifaqının aparıcı fiquru, sahibi sayır. Ona görə də Kosovonun ittifaqa üzvlüyü məsələsindən sui-istifadə edərək rəsmi Belqrada təzyiqlər göstərirlər. Bu ilin noyabrında Fransa, Almaniya liderləri açıq şəkildə Belqradı Kosovonun müstəqilliyini tanımağa çağırmışdı. Serbiya hökumətinin bu tələbə əməl etməməsi isə iğtişaşlara start verilməsinə gətirib çıxarıb.

Yəni məsələ seçkinin nəticələri deyil, Berlin və Paris ittifaqda güc göstərməyə cəhd edirlər. Xatırladaq ki, USAID, NED, NDƏ kimi təşkilatlar Qərbin diktəsini yerinə yetirməyən ölkələrə təzyiq etmək məqsədi ilə oxşar aksiyaların törədilməsində maraqlı olurlar. Oxşar hadisələri Azərbaycan cəmiyyəti dəfələrlə yaşayıb. Belə təşkilatlar və institutlar uzun illər rəsmi Bakını ərazilərinin itirilməsi, işğalla barışmağa məcbur etmək istəyirdilər. Müxtəlif dini təriqətlər isə erməni işğalçılara haqq qazandıraraq, onlarla qarşı döyüşməməyi təbliğ edirdi.

Serbiyada baş verənlər də “kiminlə eyni sıradasan” sualına cavabını aktuallaşdırır. Bosniya müsəlmanları, Ukrayna, Gürcüstan və başqaları onları seçdiklərinin acı nəticələrini yaşayırlar. Bosniya və Herseqovina hələ də NATO üzvlüyünə namizəd, Avropa İttifaqının isə müsəlman sayaraq qəbul etmədiyi dövlətdir.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir