Siyasət

Ekspert: “Qərb Vuçiçə təzyiq göstərməyə çalışır”

Sharing is caring!


“Serbiya gözləməlidir ki, xarici qüvvələr ölkədəki dağıdıcı qüvvələri dəstəkləməyə davam edəcək və bu, etiraz hərəkatını gücləndirə bilər”.

Bunu “Report”a açıqlamasında politoloq Oqnen Qoqiç ölkəsində seçkilərdən sonra yaranmış daxili-siyasi vəziyyəti şərh edərkən deyib.

Ekspert qeyd edib ki, Qərb Prezident A.Vuçiçə təzyiq göstərmək üçün ölkənin daxili siyasətindəki mövcud vəziyyətə təsir göstərməyə çalışır:

“Mən deyərdim ki, Qərb Vuçiçin hakimiyyətini müəyyən qədər balanslaşdırmaq istəyir. Onların müxalifəti dəstəkləmək ehtimalı daha çoxdur, çünki Vuçiç hakimiyyəti çox güclü olarsa, o, elə də güzəştə gedən olmaya bilər”.

Ekspert vurğulayıb ki, Serbiyanın dövlət başçısı Rusiyanın bu ölkədəki səfiri Aleksandar Botsan-Xarçenko ilə görüşüb, seçkilərdən sonra baş verən etirazları müzakirə edib. O, həmçinin qeyd edib ki, Serbiyanın hökumətyönümlü KİV-ləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın müxalifətə qarşı tənqidlərindən sitatlar gətirib.

Politoloq bildirib ki, etirazları dəstəkləmək “Vuçiçin hakimiyyətini balanslaşdırmaq” üsuludur.

Ekspert Serbiyanın Qərb ölkələri ilə fikir ayrılığının əsas səbəblərindən biri kimi Rusiyaya qarşı sanksiyaların tətbiqi məsələsini müəyyənləşdirib:

“Aİ və ABŞ daim təkrar edir ki, Serbiya xarici siyasətini Aİ ilə razılaşdırmalı və Rusiyaya qarşı sanksiyalar tətbiq etməlidir. Bu, Serbiya ilə Qərb arasında əsas məsələdir. Bundan əlavə, onlar Çindən və onun Serbiyadakı investisiyalarından şikayətlənirlər”.

Qoqiç hesab edir ki, Avropa İttifaqı bu ölkədə keçirilən seçkilərin kifayət qədər demokratik olmamasından narahatdır. Serbiya Aİ-yə üzv olmağa namizəd olsa da, ekspertin fikrincə, rəsmi Belqrad qısa zamanda üzv olacağına ümid etmir və bu da Prezident Vuçiçə Aİ siyasətinə çox da fikir verməməyə imkan yaradır.

Amma daxili siyasi fikir ayrılıqlarına baxmayaraq, Serbiya partiyaları bir sıra xarici siyasət məsələlərində həmrəylik nümayiş etdirirlər. Ekspertin fikrincə, buraya, məsələn, Rusiyaya qarşı sanksiyalar və ya Kosovodan imtina kimi məsələlər daxildir.

“Bu məsələlərdə siyasi partiyalar arasında ciddi fikir ayrılığı yoxdur. Hətta müxalifət partiyaları da Kosovo ilə onun tanınmasını da nəzərdə tutan istənilən razılaşmaya qarşı çıxırlar. Bu baxımdan iqtidar və müxalifət eyni fikirdədir. Rusiyaya münasibətdə müəyyən fərqlər var. Bəzi müxalifət partiyaları Rusiyadan uzaqlaşmaq siyasətini və xarici siyasətin Aİ ilə koordinasiyasını müdafiə edir. Lakin bu partiyalar heç vaxt belə qərar qəbul etmək üçün parlamentdə çoxluğa nail ola bilməyəcəklər. Nəticə etibarilə müxalifət iqtidara gəlsə belə, Serbiyanın xarici siyasətində ciddi heç nə dəyişməyəcək”, – ekspert hesab edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir