Siyasət

Xankəndiyə xoş gəldik!

Sharing is caring!


İlham Quliyev yazır

Bizim nəslin təmsilçiləri həmişə bəxtlərindən gileyli olublar. Deyirdik Allahın bizə biçdiyi ömür çərçivəsində elə hey neqativə köklənmiş tarixi hadisələrin şahidi olmuşuq. Böyük bir iqtisadi sistemin çöküşünü yaşadıq, az qala aclıqla üz-üzə qaldıq, çarəsizcəsinə torpaqlarımızın işğalına şahidlik etdik, həyatımızdan dəhşətli pandemiya keçdi. “Taleyimizə bir xoş gün yazılmayıbmı” deyə, deyinənlərimiz, fəğan edənlərimiz də az deyildi.

Amma son üç ildə sanki fələyin çarxı tərsinə dönüb. Bir sevinci yaşayıb qurtarmamış, bir başqa sevincə şahidlik etmiş oluruq. 30 il həsrətində olduğumuz torpalarımızın 44 günə düşmən  tapdağından azad olunması sevinci, onun ardınca Laçında sərhəd-buraxılış məntəqəsinin qurulması, onun ardınca cəmi 23 saata separatçı rejimin çökdürülməsi, uzun illərdir əsəblərimizlə oynayan, qürurumuza toxunan separatçı quldurbaşıların həbs olunaraq qolu qandallı Bakıya gətirilməsi, Xankəndi şəhərində dövlət bayrağımızın ucaldılması…

Yenə kövrəldik, yenə gözlərimiz yaşardı

Dekabrın 21-də bu siyahıya daha biri əlavə olundu. Xankəndidə “Qarabağ” və MOİK klubları arasında Azərbaycan kubokunun 1/8 final qarşılaşmasının oyunu keçirildi. Yenə kövrəldik, yenə gözlərimiz yaşardı, yenə qəlblərimiz qürur hissi ilə dağa döndü.

Oyunöncəsi baş verənləri izləmək necə də həyəcanlı idi. Stadiona toplaşanların bir ağızdan himnimizi oxuması, tamaşaçıların səsləndirdikləri şüarlar, xorla oxuduqları vətənpərvərlik mahnıları, az qala qələbəmizin himninə çevrilmiş “Xudayar” təsnifi…

Hər şey incəliyinə qədər düşünülmüşdü

Təşkilatçılıq da yüksək səviyyədə idi. Hər şey incəliyinə qədər düşünülmüşdü. Meydana doğma Qarabağı təmsil edən, Azərbaycan futbolunun qüruru “Qarabağ”la Qarabağı işğaldan azad edən ordunun təmsilçisi MOİK klubları çıxırdı. Oyunu idarə edən hakimlər briqadası da bütünlüklə 44 günlük müharibədə iştirak edənlərdən təşkil edilmişdi. Futbolçular meydana Qarabağı işğaldan azad edərkən şəhid olan qəhrəmanlarımızın övladlarının əlindən tutaraq, onlarla birgə çıxdılar. Prezident İlham Əliyev də çıxışına şəhid əmanətlərini alqışlayaraq başladı. Oyunu da məhz onların əhatəsində izlədi. Necə gözəl mənzərə idi…

Biz Xənkəndiyə futbol bayramı ilə qayıtdıq

Bu mənzərələr, Prezidentin çıxışındakı notlar, verilən mesajlar göstərdi ki, Azərbaycan sülh istəyir! Biz sadəcə, torpaqlarımızı işğaldan azad etmişik, orada kök salmış başqa dövlətlərin əlində oyuncağa çevrilən separatçıların kökünü qazımışıq. O torpaqlara qayda-qanun, nizam-intizam gətirmişik. İşğal dövründəki 30 ildə bir daşın daş üstünə qoyulmadığı, əksinə, dağıdıldığı yaşayış məntəqələrində böyük quruculuq işlərinə başlamışıq. Xankəndiyə futbol bayramı ilə qayıtmaqla da bütün dünyaya mesaj veririk ki, sülh istəyirik!

Bəli, biz Xankəndiyə həyatı qaytardıq. Bəli, biz Xankəndiyə xoş niyyətlə, futbol bayramı ilə qayıtdıq.

Xankəndiyə xoş gəldik!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir